AZ EN RU

Naxçıvan Dövlət Universitetində Milli Teatr Günü qeyd edilib

    Ali təhsil ocağının İncəsənət fakültəsində milli teatrın yaradılmasının 149-cu illiyi münasibətilə tədbir keçirilib. 
    Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülxarə Əhmədova çıxışı zamanı qeyd edib ki, Milli Teatr Günü hər il universitetin Teatr və mədəniyyətşünaslıq kafedrasında bütün müəllim və tələbə-aktyor heyəti ilə birgə qeyd edilir. Bildirilib ki, ali təhsil ocağında 20 ildən artıqdır ki, fəaliyyət göstərən Tələbə Teatr Studiyası mədəni həyatın tərkib hissəsinə, çoxminli kollektivin mənəvi-estetik ehtiyaclarının ödənilməsi işinə xidmət edən  mədəniyyət ocağına çevrilib. Studiyanın hazırladığı tamaşalar universitetin müəllim və tələbə heyətinin rəğbətini qazanmaqla bərabər, həmçinin muxtar respublikanın mədəni həyatında, respublikamızdan kənarda  da uğurlar əldə edib.
    Sonra Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan, Aktyor sənəti üzrə II kurs tələbəsi Xəlil Hüseynovun və Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi üzrə II kurs magistrant Vəfa Qurbanzadənin iştirakı ilə eyniadlı tamaşa təqdim olunub. 
    Tamaşadan sonra universitetin rektoru, dosent  Elbrus İsayev Aktyor sənəti ixtisasının müəllim və tələbələri ilə görüşüb. Qeyd edilib ki, muxtar respublikamızda teatr və incəsənət sahələri üzrə ixtisaslı kadrların hazırlanması işinə xüsusi əhəmiyyət verilir. 2011-ci ildə ali təhsil ocağında Teatr və mədəniyyətşünaslıq kafedrasının nəzdində Aktyor sənəti ixtisasının fəaliyyətə başlaması ixtisaslı aktyor kadrlara olan tələbatın ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.Vurğulanıb ki, artıq bir çox tələbə müxtəlif teatrlarda əmək fəaliyyətinə başlayıb ki, bu da çox sevindirici haldır. Rektor Gülxarə Əhmədovanın teatr sahəsindəki fəaliyyətini, müəllimin universitetin bu sahədə inkişafında xüsusi rolu olduğunu qeyd edərək müəllim və tələbələrə diplom, kitab və pul mükafatı, təşəkkürnamə təqdim edib. 

    Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 10.03.2022 21:11