AZ EN RU

Naxçıvan Dövlət Universitetində 22 iyul – Milli Mətbuat Günü qeyd edilib

    Azərbaycan Milli Mətbuatının 147-ci ilində Naxçıvan Dövlət Universitetinin elm və təhsil inkişafı istiqamətindəki fəaliyyətinin işıqlandırılmasında xüsusi fəallıq göstərən muxtar respublika kütləvi informasiya vasitələri nümayəndələri təltif olunub. Bu məqsədlə ali təhsil ocağında keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu dövlət dəstəyinin jurnalist kadrların yetişməsində oynadığı rol, xüsusilə vurğulanaraq bildirilib ki, universitetin Media Mərkəzində tələbələrin peşəkar jurnalist kimi yetişməsi üçün hər cür şərait vardır. Rektor Universitet televiziyasının muxtar respublikada yayımını universitet mediasına verilən yüksək dövlət qayğısının bəhrəsi olduğunu vurğulayıb. Elbrus İsayev universitetdə təşkil edilən tədbirlərin işıqlandırılması, muxtar respublika və ölkə mediasına çatdırılması istiqamətində mərkəzin fəaliyyətini təqdirəlayiq dəyərləndirib və universitetin elektron təhsil şəbəkəsinin idarə olunmasında Universitet televiziyasının xüsusi əməyi olduğunu diqqətə çəkib. Rektor Ali    Məclis Sədrinin müvafiq Sərəncamına əsasən ali təhsil ocağının təşkilatçılığı ilə keçirilən I Beynəlxalq Tibbi Forumun gedişinin muxtar respublika, Azərbaycan, hətta dünya mediasına çatdırılmasında əməyi olan muxtar respublika kütləvi informasiya vasitələri nümayəndələrini təbrik edib, forum çərçivəsində operativlik göstərən media orqanlarına minnətdarlıq ifadə olunub. 

    Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva “Naxçıvan Muxtar Respublikasında Jurnalistika ixtisası üzrə kadr hazırlığı” adlı çıxışında milli mətbuatımızın zəngin tarixi inkişaf yolundan danışıb. Vurğulanıb ki, muxtar respublikamızda mətbuata göstərilən hərtərəfli qayğının tərkib hissəsi kimi, ali təhsil ocağında da milli və müasir jurnalistika ənənələri formalaşaraq inkişaf edib. Diqqətə çatdırılıb ki, “Yeni Fikir” qəzetinin nəşr olunması, Universitet televiziyasının, “Nuhçıxan” radiosunun və “Qeyrət” nəşriyyatının fəaliyyət göstərməsi, Media Mərkəzinin yaradılması muxtar respublikada jurnalistikanın inkişafına dövlət qayğısı olmaqla universitetin elmi, sosial və mədəni həyatı üçün mühüm əhəmiyyət kəsb edir.
    Universitetin televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva ali təhsil ocağının Media Mərkəzinin jurnalist tələbələrin peşəkar kadr kimi formalaşmasında özünəməxsus rolundan danışıb.    
    AZƏRTAC İnformasiya Agentliyinin Naxçıvan Bürosunun rəhbəri Rauf     Əliyev, İctimai TV və radio Yayımları Şirkətinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qahirə Hüseynova, “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Gülməmməd Əliyev, “Şərq qapısı” qəzetinin müxbiri Güntac Şahməmmədli ulu öndər Heydər Əliyevin milli jurnalistikanın inkişafındakı xüsusi xidmətlərdən, muxtar respublika mediasına göstərilən yüksək dövlət qayğısından danışıblar. 


    Sonda AZƏRTAC İnformasiya Agentliyinin Naxçıvan Bürosunun rəhbəri Rauf Əliyev, İctimai TV və radio Yayımları Şirkətinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri Qahirə Hüseynova, “Şərq qapısı” qəzetinin və Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı, “Nuhçıxan” İnformasiya Agentliyinin redaktoru, Naxçıvan xəbərləri informasiya saytının müxbiri, Əlahiddə Ümumqoşun Ordunun Sənədli və tədris filmləri kinostudiyasının üzvləri, “Yeni fikir” qəzeti redaksiyasının baş redaktoru, universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri, əməkdaşları və könüllü fəaliyyət göstərən tələbələri, “Qeyrət” nəşriyyatının direktoru və əməkdaşları ali təhsil ocağında baş verən yeniliklərin operativ surətdə ictimaiyyətə çatdırılmasındakı səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif olunub. I Beynəlxalq Tibbi Forumun fəaliyyətinin operativ və dolğun işıqlandırılmasına görə isə media qurumlarının rəhbərlərinə sertifikatlar təqdim edilib.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 22.07.2022 22:05