AZ EN RU

Naxçıvan bu gün ən qədim Şərq, ən müasir Avropa şəhəridir

Prezidentin fərdi təqaüdçüsü, Əməkdar jurnalist Flora Xəlilzadə: “Nəqşicahanda olanda
 özümü bəxtəvər və xoşbəxt hiss edirəm”

    İlk qəzetçilik fəaliyyətinə başladığım illərdən Azərbaycan mətbuatında hər zaman bir imza məni özünə cəlb edib. Zamanla o imzanın pərəstişkarına çevrilmişəm. 2006-cı ildə bu imzanın sahibi ilə daha yaxından, şəxsən tanış oldum. Həmkar kimi doğmalaşdıq. Ara-sıra, imkan düşdükcə görüşməyə başladıq. Ondan öyrəndiklərim, əxz elədiklərim çox oldu. Öyrəndim ki, söz dərgahının hüzurunda həmişə başıuca dayanmaq üçün ürəyin diktəsindən uzağa getməməlisən. Əgər qəzet adamısansa, bu sahənin fədaisi olmağı özünə yol seçmisənsə, söz sənin üçün var-dövlətdən yuxarıda dayanmalıdır. Və ondan öyrəndim ki, söz sənin üçün xilqət və müqəddəs varlıq olmalıdır. Bu xilqəti, bu varlığı oxucuya, tamaşaçıya, dinləyiciyə olduğu kimi çatdırmalı, ürəyi ələ almağı bacarmalısan. Bəli, müəllimim dediyim o imzanın sahibi ilə birgəyəm. Yorulmadan, usanmadan Naxçıvanın hər qarışını gəzdik. Bu qədim yurd yerinin müasir inkişafını gördükcə kövrəldi, ürəyi dağa döndü. Azərbaycan televiziyasının Ədəbi dram və folklor Baş redaksiyasının baş redaktoru, Prezidentin fərdi təqaüdüçüsü, Əməkdar jurnalist Flora Xəlilzadə ilə söhbətləşirik. İstərdim ki, bu söhbəti doğma qəzetimiz – “Şərq qapısı”nın oxucuları ilə də bölüşüm:

    – Flora xanım, sizi Naxçıvanda xoş gördük... Bilirəm ki, bu torpaq sizin uşaqlığınızın, analı günlərinizin ünvanıdır. Səyahətimiz boyu kövrək anlar yaşadınız. İsdərdim ki, keçirdiyiniz hissləri sizin dilinizdən eşidək.
    – Mən Naxçıvanda doğulmamışam, Naxçıvana bitişik bir yerdə – Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində dünyaya göz açmışam. Amma bütün əcdadlarımın, bütün can-ciyərlərimin əksəriyyətinin cismi burada uyuyur, bizim ruhumuz buradadır. Ona görə Naxçıvan mənim üçün doğma ana Vətəndir. Mən harada anadan olmağıma, harada yaşamağıma baxmayaraq, həmişə özümü naxçıvanlı kimi hiss edirəm. Bundan da qürur duyuram. Naxçıvanda həmişə özümü bəxtəvər, xoşbəxt hiss edirəm. Naxçıvana ayağım dəyən kimi elə bil udduğum hava mənə bir enerji verir, həyat verir. Təyyarədən enən kimi tələsirəm ki, dərhal örtülü məkandan tez çıxım, o havanı udum. Bir neçə ildir ki, Naxçıvana gələ bilmirdim. Gəldim və budəfəki gəlişimdə yeniliklərin, gözəlliklərin o qədər  artdığını gördüm ki, ürəyim dağa döndü. Ziyarətimə Heydər Əliyev Muzeyinə getməklə başladım. O dahi şəxsiyyət Heydər Əliyevlə səfərdə olduğum müqəddəs, unudulmaz günləri xatırladım, o gülüş qulağımda səsləndi. O muzeyi gəzəndə elə bil dünyanı mənə verdilər. Dedim, İlahi, sən, doğrudan da, Azərbaycan xalqını sevib, ona elə bir lütf göstərmisən ki, belə bir Xilaskar dünyaya gəlib və Azərbaycanı bəlalardan azad edib. Bu dahi şəxsiyyətin ana yurdunda olmaq mənim üçün böyük şərəfdir. Naxçıvan düşmən əhatəsində yaşamasına baxmayaraq, bu Vətən torpağı, bu cənnətməkan öz qürurunu, məğrurluğunu çox gözəl qoruyub saxlaya bilib. Ən əsası isə muxtar respublikada Heydər Əliyev siyasəti uğurla davam etdirilir, yəni Naxçıvana rəhbərlik edən şəxsiyyət də Heydər Əliyev siyasi irsinə, Heydər Əliyev yoluna sadiqdir. Bunu Naxçıvanın hər döngəsində, hər küçəsində, hər guşəsində görürsən. Bəli, bu gün Heydər Əliyev ənənəsi, Heydər Əliyev ideyası, Heydər Əliyev arzuları Naxçıvanda yaşayır. Yalnız çiçək açmayıb. Bar verir...  Bütün Azərbaycanı yox, bütün Şərqi, Türk dünyasını gəzin, Naxçıvanın bənzəri yoxdur. Naxçıvan bu gün ən qədim, Şərq və ən müasir Avropa şəhəridir. Yəni ənənələrin bu cür davam etməsi bütün gözəlliklərin o torpaq üzərində cücərməsidir. Yəni şitil deyil, müasirlik klassikaya, mənəvi dəyərlərə söykənib. Təsadüfi deyil ki, çoxu bu gün Naxçıvanın milli dəyərlərin beşiyi, milli mədəniyyətin beşiyi olduğunu etiraf edir. 
    – Naxçıvanda sözü təkcə dəyişən zaman demir, həm də çiçəklənən məkanlar deyir... Yenidən qurulan Naxçıvanda diqqətinizi daha çox nələr çəkdi? 
    – Bu sualın cavabı çox genişdir. Daha ətraflı yaxın günlərdə qələmə alacağım məqaləmdə sözümü deyəcəyəm. Bu öz yerində. Ancaq bir məsələni indi vurğulamaq istəyirəm ki, binaların yenidən bərpa edilməsi və onun milli üsluba yönəldilməsi çox xoşuma gəldi. Ötən dəfə də demişdim, indi də eyni fikirdəyəm: Naxçıvan qədər təmiz şəhər heç yerdə yoxdur.  Diqqətimi məzarlar çəkdi. O qədər qürur duydum ki, əvvəllər məzarlar bir-birindən çox fərqlənirdi, məzarları dəmir məhəccərə alırdılar. Sanki o dünyada da mənimsəməlik var idi ki, bura mənimdir. İndi hamı eynidir. Bir dənə olsun belə məhəccər görmədim.Torpağı qamarlamaq yoxdur. Bütün bunlar insana qəlb rahatlığı gətirir. Bu, adi məsələ deyil. Bu, Naxçıvan nizamıdır, intizamıdır, mədəniyyətidir. Buradakı taksi sırası, sürücülərin səliqə-sahmanı diqqətimi çəkdi.  Avtodayanacaqların bəziləri o qədər milli üslubda düzəldilib ki, xoş ovqat bəxş edir. Əslində, milli üsluba bu qədər bağlılıq, həm də müasirliyə aparır. Bilirsən, bu gün mənəm-mənəm deyən dünya ölkələrinin bəzi şəhərləri ilə müqayisə etsək, vallah Naxçıvan qalib olar.
    Naxçıvanda tanınmadığın bir qapını döysən, yaşlısı səni balam deyib bağrına basar, balacası da qaçıb qucaqlayar səni. Neçə dəfə yaşamışam bu xoş duyğunu. Bu dəfə də Batabatda bir uşaq qollarını açıb üstümə elə gəldi ki... Deyə bilərlər ki, bu Azərbaycanın hər yerində belədir, qurban olum Azərbaycana. Şəxsən Bakıda mənim qapım döyüləndə gözlükdən baxıram görüm tanımadığım adam olarsa, deyim ki, düz gəlməmisiniz və ya siz kimsiniz? Amma Naxçıvanda bu sualı vermirlər. Naxçıvanda heç qapını bağlayırlar ki? Qaldığım evə baxıram ki, bütün gün qapısı açıqdır. Deyirəm qorxmursunuz? deyirlər nədən? Bilirsən, mənə çox xoş gəldi. Qonağı olduğum ev birinci mərtəbədədir, pəncərəsi səhər-axşam açıqdır. Mən evlərə baxdım, əksəriyyətində belədir. Bu, əmin-amanlıqdır. Bu, sabitlikdir. Təyyarədən düşən kimi adamlar tez mənə yanaşdı, hara aparmaq lazımdır, deyin biz sizi yola salaq, biz sizi aparaq, narahat olmayın ha, birdən elə bilərsiniz pula görə deyirik, siz narahat olmayın. Bilirsən, bu yanaşmanın özü mənəviyyatdır. Mənəvi böyüklükdür. Təyyarəyə qalxıram, əlimdəki çanta əl çantasıdır, kömək təklif edirlər. Orada oturmuşam, deyirlər xanıma çay gətir. Bilirsən, adi görünən bu məqamların daxilində böyük mətləblər var. Bunu bəzən elə bilərlər ki, hə nə olsun yolyoldaşıyıq, yox dünyanın çox ölkəsində olmuşam. Yolyoldaşlığını görmüşəm, insanlığı görmüşəm nə bilim, yenə deyirəm mən Naxçıvanda olanda özümü xoşbəxt və bəxtəvər hiss edirəm.
    – Hələ gəlməmişdən dediniz ki, bir neçə yerə mütləq getməliyik. Çox maraqlıdır, bu məkanların sizdə yeri nədir?
    – Mən Naxçıvana gələndə 3 məkanı mütləq ziyarət etməliyəm – Əshabi-kəhf, Möminə xatın, bir də son vaxtlar Hüseyn Cavid məqbərəsi. Naxçıvan deyəndə həmişə gözümün qarşısında 2 məbəd canlanır. Onun biri Möminə xatın türbəsi, biri də Əshabi-kəhf ziyarətgahıdır. Yəni həmişə anam Allahı köməyə çağıranda “ya Əshabi-kəhf”, – deyərdi. Uşaqlıqdan, gözümü açandan, ağlım kəsəndən anamın bütün inamı, ziyarəti Əshabi-kəhflə bağlı olub. Allaha yalvaranda Əshabi-kəhfi çağırmışıq. Əshabi-kəhf biz naxçıvanlıların,  Zəngəzurda yaşayanların Məkkə, Mədinəsi olub. Anam dünyasını dəyişəndə son sözü də  belə oldu – yastıq altından pul çıxardıb dedi ki, gedib Əshabi-kəhfə qurban kəsərsən. Yəni Əshabi-kəhfin bizim həyatımızda, taleyimizdə böyük mənəvi təsiri və gücü var. Bir məsələni də deyim ki, Bakının yaxınlığında Beşbarmaq dağı var. Ora ziyarətgahdır, adamlar gedirlər. Ora gedəndə yolun-izin nə gündə olduğunu görəsiniz, hər daşın dalından bir dilənçi boylanır. Amma gəlin Əshabi-kəhfə görün nə qədər təmizlik var. Bəlkə də, siz uşaq olarsınız, xatırlamazsınız, Əshabi-kəhfdə də o zamanlar natəmizlik baş alıb gedirdi. Bilmirdin, insanlar bura ziyarətə gəlir, yoxsa yeyib-içməyə. İndi bura Azərbaycanın ən gözəl məbədgahına çevrilib. Naxçıvana gəlib ora dəyməsəm, anamın ruhu narahat olar. 
    İkincisi, Möminə xatın abidəsi mənim üçün bənzərsizdir. Bir dəfə bir beynəlxalq konfransda qadın hüquqlarından danışdılar, guya bizim bölgədə qadın hüququ olmayıb. Yerdən söz aldım, bildirdim ki, Azərbaycan qadını, doğrudan, heç vaxt hüquqsuz olmayıb.  Azərbaycan qadını çövkən oynayıb, Azərbaycan qadını at çapıb... Azərbaycan dünyada yeganə yerdir ki, qadın məzarı üstündə məqbərə ucaldılıb. Bu, nə deməkdir? Bu onun hüquqlarından xəbər verir. Və bu abidə Naxçıvandadır. Qadın ucalığı bu məqbərənin timsalında qorunur və yaşadılır. Ümumiyyətlə, Naxçıvan tarixi abidələrlə zəngindir və seçilir. Bəlkə, bir bölgədə bir abidə ola bilər, Naxçıvanın isə özü elə abidədir. Əlincə qalasıdır, Haçadağdır, Darıdağdır. Dünən Ordubaddan qayıdanda yolun sol tərəfində sıralanan tunc rəngli dağlar mənə Misirdəki piramidaları xatırlatdı. Bu dağlara bir az diqqətlə, məhəbbətlə, ürəklə baxanda deyirsən, piramidalar bunun yanında heç nədir. Hərdən də fikirləşirəm ki, İlahi, bunları görəsən Tanrı özü yaradıb, yoxsa insan əli töküb?
    Bəli, Naxçıvanda abidələr qorunur. Amma sovet dövründə onun torpağını, daşını daşıyıb hasar hörürdülər. İndi isə heç kəs buna cürət edə bilməz. Artıq Naxçıvanda elə bir ideologiya formalaşıb ki, insanlar yaradılanları qorumağı özlərinin vətəndaşlıq borcuna çeviriblər.  
    – Siz Azərbaycan televiziyasının “Mədəniyyət” kanalında oğlunuz, şair-jurnalist Bəhruz Niftəliyevlə birgə “Yadigarlar” verilişini hazırlayırsınız. Verilişlərinizdə Naxçıvanın yazıçılarına da üstünlük verirsiniz. Xüsusilə də böyük şairimiz Məmməd Araza... 
    – Mən tanınmış yazıçı və şairlər, rəssamların, elm adamları, dünyasını dəyişmiş görkəmli şəxsiyyətlər haqqında məlumat vermək, insanları maarifləndirmək niyyəti ilə bu verilişi yaratdım. Bəhruz da onları böyük həvəslə araşdırır, barələrində maraqlı və yeni faktlar aşkarlayır, bir sənətşünas kimi təhlil edir. Bir xüsusiyyətim var ki, sevmədiyim adamlar haqqında danışa bilmirəm, yəni o ürəklə yanaşa bilmirəm. Azərbaycanın yazıçıları, şairləri var, çəkməmişəm, yəqin ki, bundan sonra da çəkməyəcəm. Çünki mən insanları bu verilişə gətirəndə təkcə onların yaradıcılıqlarını yox, şəxsiyyətlərin daxili zənginliklərini və mənəvi keyfiyyətlərini də nəzərə alıram. Əgər kimsə Hüseyn Cavidə xalq düşməni deyibsə, onu ömrümdə çəkə bilmərəm. Bəhruz Kəngərlini çox sevmişəm, xüsusən “Qaçqınlar” silsiləsindən olan əsərləri məni həmişə valeh edir, xiffətləndirir və mən, hətta oğlumun adını Bəhruz qoymuşam. Bir dəfə Türkiyədə bir nəfərlə görüşəndə dedi ki, azərbaycanlıyam. Dedim necə? Dedi, mən Kəngərlidənəm, dedim yoxsa Bəhruz Kəngərlinin qohumusan? Dedi, eşitmişəm, o mənim əqrəbamdır. Orta Asiyada da bu kəngərlilər var. Yayılıblar dünyanın hər yerinə. Yəni Bəhruz Kəngərli bizim rəssamlıq sənətimizin korifeyidir. Azömürlü olub, amma əsərləri ilə əbədiyyət qazanıb. Ona görə onun adını çəkməsəm, narahat olardım, yaşaya bilməzdim. Elə insanlar var ki, onların həyatı və yaradıcılığı mənim üçün bir qibləgahdır. Hüseyn Cavidi dəfələrlə çəkmişəm. Turan Cavidlə bizim çox böyük dostluq əlaqəmiz var idi. Qəribədir, bax Naxçıvana gəldim, getdim ziyarət etdim Hüseyn Cavid məqbərəsini, gecə Turan Cavid yuxuma girdi. Bu ruhi bağlılığı mən həmişə qəbul etmişəm. 
    Məmməd Arazla bağlı sualınıza gəldikdə isə mənim nəslimin, yəni ata nəslimin fəxri olan, millətimin fəxri olan, Naxçıvanımın fəxri olan Məmməd Araz mənim üçün həyat deməkdir. Ata deməkdir, hər şey deməkdir. Ona ölümündən sonra bir poema yazmışdım. Orada bir misra var, demək istəyirəm:

        Dərdindən ölənlər ziyarətində, 
        Şöhrətinə uyanlar həndəvərində.
        Mən dərdindən ölənlərindənəm,
        Məmməd Araz...

    Məmməd Araz çox böyük bir şair idi, həmişə dediyim bir ifadəni təkrar etmək istəyirəm: Öz həmkarları arasından bir ox kimi sıyrılaraq o elə bir yüksəkliyə çatıb ki, orada təkdir. Onu heç kəslə müqayisə edə bilmərəm. Azərbaycanın böyük şairləri, özünəməxsus yaradıcılıqları ilə seçilən şairləri çoxdur, amma qohum kimi demirəm, vallah, əqrəba kimi demirəm, həqiqət budur: Məmməd Araz yeganədir. Məmməd Arazın anası, mənim unudulmaz Cahan bibim, sinəsi bayatılı, bədahətən şeirlər deyən bir xanım olub. Ötən əsrin əvvəllərində erməni-müsəlman qırğınları zamanı o, həyat yoldaşı ilə Şahbuzun Nursu kəndində məskunlaşmalı olublar, yəni birdə oraya qayıtmayıblar. Orada uşaqları olub, orada yaşayıb, əmim də burada doğulub, burada böyüyüb, Nursu mənim üçün çox müqəddəs yerdir ki, orada mənim əqrəbalarımın, can-ciyərlərimin cismi uyuyur. 
    – Batabatda olarkən dağlara baxıb köks ötürdünüz. Bəzən gözlərinizi gözlərimdən qaçırırdınız. Hansı xatirələr canlandı? 
    – Bu hissləri buraya gəlməmişdən əvvəl Şuşada yaşadım. Axı bu yerlər məni addım-addım ata-baba yurduma yaxınlaşdırır. Şuşada fərəhlə, qürurla addımladım. O yumruğun  – “dəmir yumruğ”un sayəsində bizim igid oğullarımız birləşərək Vətən torpağını azad etdilər. Fəxrlə deyə bilərik ki, həmin o fədakar şəhidlərin də, qazilərin də içərisində Naxçıvan igidləri də var idi və çoxluq təşkil edirdi. Batabat yollarında ona görə kövrəldim ki, Zəngəzur silsiləsinin o tərəfi mənim doğulduğum kənddir. Lap körpə yaşımdan, məktəbə getməmişdən qabaq anamla mən həmişə o yolla Şahbuza – qardaşımgilə, bacımgilə, bibimgilə gəlmişəm. O yol mənimçün çox doğmadır. Şahbuza gedəndə, Şahbuzun hər gülündə, çiçəyində o xatirələr dilə gəlir. Məndən orada Naxçıvan televiziyası müsahibə aldı, dedim ki, yəqin ki, mən bir də gələndə buradan Zəngəzura gedəcəm. O “dəmir yumruğ”un gücünə inanıram. Zəngəzur mənim ata-babalarımın yurdudur və biz ora qayıdacağıq. Biz əgər Şuşanı işğaldan azad etmişiksə, inanıram ki, o dəmir yumruğun, qəhrəman oğullarımızın hesabına biz Zəngəzuru da, bütövlükdə, geri qaytara biləcəyik. Mənim adaşım – nəvəm 6 yaşında olanda bir şair ona sual verdi ki, sən haralısan? Dedi ki, mən bakılıyam. Atan haralıdır? Dedi atam da bakılıdır. Bəs nənən haralıdır? Nənəm? hmm – deyə gülümsədi, nənəm şuşalıdır, qarabağlıdır, qəribə (yəni qərbi demək istəyib) azərbaycanlıdır, nəqşicahanlıdır, Arazın o tayıdır. Şair baxdı, baxdı, dedi ki, ay Flora xanım, sənin bu 6 yaşlı nəvən bütün Azərbaycanın xəritəsini, coğrafiyasını qoydu ortalığa. Əvvəllər belə bir xasiyyətim yox idi. Son vaxtlar adamlardan soruşuram: “Haralısan?” Ona görə yox ki, axtarıram naxçıvanlı olsun, yox mən onun ictimai mənşəyini dəqiq anlamaq üçün soruşuram haralısan? Amma nə gizlədim naxçıvanlı deyəndə rahat – könüldolusu nəfəs alıram. Bu, türk oğludur, bu, türk qızıdır, bu, türk millətidir. 
    – Sonda ürəyində böyük Naxçıvan sevgisi daşıyan Flora xanım naxçıvanlılara nə demək istəyərdi?
    – Naxçıvanlılar birinci ona görə xoşbəxtdir ki, belə bir məkanın sahibidirlər. Belə bir yerdə doğulub, böyüyüblər. Belə bir fərqli yerdə... Naxçıvanlılar bir də ona görə xoşbəxtdirlər ki, Azərbaycanın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev bu torpaqda doğulub. Naxçıvanlılar üçüncü dəfə ona görə xoşbəxtdirlər ki, Azərbaycan torpaqlarını işğaldan azad edən böyük insan, bu torpaqda doğulan ümummilli liderimiz Heydər Əliyevin oğludur, bundan artıq nə ola bilər? Bu gün isə Naxçıvan tarixində ən fərəhli illərini yaşayır. Naxçıvan səmərəli, düzgün, düşünülmüş dövlətçilik fəaliyyətinin ən uca zirvəsinə yetib. Mənim əzizlərim, mənim doğmalarım, siz bəxtəvərsiniz, xoşbəxtsiniz ki, Naxçıvanda yaşayırsınız...
    Flora xanım, siz də çox sağ olun. Siz də nə yaxşı varsınız. Nə yaxşı ki dəyərli vaxtınızı ayırıb Naxçıvana gəldiniz, ürəyinizdən keçənləri bizimlə paylaşdınız. İnanıram ki, Naxçıvan və naxçıvanlılar haqqında Flora xanımın xoş sözləri oxucuların da ürəyini, ruhunu oxşayacaq. Yenidən sizi bu torpaqda görmək arzusu ilə... 

Müsahibəni aldı:
Sara ƏZİMOVA

Nəşr edilib : 01.07.2022 19:47