AZ EN RU

Nağdsız ödənişlərin əhatə dairəsi genişlənir

     Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu il 9 avqust tarixli Sərəncamla təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti qarşısında qoyulmuş vəzifələr və verilmiş tapşırıqların icrası istiqamətində 2022-ci ilin birinci yarım ilində işlər davam etdirilib. 

    Mövcud rəqəmsal ödəniş infra­strukturunun daha da təkmilləşdirilməsilə bağlı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə həyata keçirilən tədbirlər nəticəsində1 iyul 2022-ci il tarixə muxtar respublika üzrə POS-terminal aparatlarının sayı 1590, ödəniş terminallarının sayı 154 ədəd olmaqla onların 57-sini MilliÖn ödəniş terminalı təşkil edib. Bankomatların sayı isə 118 olub. Cari ilin birinci yarım ilində nağdsız ödənişlərin həcmi 86 milyon 206 min 323 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 milyon 17 min 595 manat çoxdur. Ödənişlərin 23 milyon 48 min 715 manatı POS-terminallar, 63 milyon 157 min 608 manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.
    Vergi orqanları tərəfindən vergi ödəyicilərini və sahibkarları maarifləndirmə işləri aparılıb, cari ilin birinci yarım ilində özəl sektorda 13 vergiödəyicisi üzrə 54 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib.
     Yeni yaradılan publik hüquqi şəxs statuslu müəssisələrdə mütəmadi maarifləndirmə işləri aparılmaqla, 4 publik hüquqi şəxsin 4 obyektində ödənişlərin nağdsız qaydada qəbul edilməsi üçün POS-terminalların quraşdırılması təmin olunub.
    Muxtar respublika ərazisində fəaliyyət göstərən POS-terminal quraşdırılmış ticarət, iaşə və digər xidmət obyektləri də ödənişlərini nağdsız qaydada həyata keçirib. Belə ki, qeyd edilən dövrdə 391 vergiödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 251 min 635 manat, 1465 vergiödəyicisi tərəfindən isə öz şəxsi kartları vasitəsilə 626 min 031 manat vergi, sosial və dövlət büdcəsinə digər ödənişlər nağdsız qaydada ödənilib.
    Xidmət mərkəzləri və POS-terminal quraşdırılmış kənd mərkəzlərində birinci yarım il üzrə sahibkarlıq subyektləri və vətəndaşlarla 14 halda maarifləndirici görüşlər keçirilib, fevral ayında 2021-ci ilin ikinci yarım ilinin nəticələrinə uyğun olaraq daha çox nağdsız ödənişlər aparan vətəndaşlar arasında “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 16-cı tirajı keçirilib və muxtar respublika üzrə 431 sakinə 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim olunub.

    Naxçıvan Muxtar Respublikası 
Dövlət Vergi Xidmətinin 
mətbuat xidməti

Nəşr edilib : 27.07.2022 20:12