AZ EN RU

Muzey ziyarətləri milli mədəni irsimizin təbliği məqsədi daşıyır - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə hərtərəfli şərait yaradır.

Oktyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyində olublar.

Ekskursiya çərçivəsində qonaqlara məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə 1998-ci ildə yaradılan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. Muzeyin 2013-cü ildə üç dildə internet saytı istifadəyə verilib. Bu da muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar verməyə, tarixi keçmişimizi öyrənməyə imkan yaradıb.

Diqqətə çatdırılıb ki, Naxçıvanda xalçaçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, tədqiqatlar aparılır, yeni nəşrlər hazırlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu işlərin uğurla həyata keçirilməsinə öz töhfəsini verir.

Qonaqlara məlumat verilib ki, muzeyin xalçaçılıq sənətinin təbliği, yaşadılması sahəsində özünəməxsus yeri var. Çünki Naxçıvan xalçaları qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələri hesab edilir. Muzeyin fonduna 4000-ə yaxın eksponat toplanıb ki, onlardan 400-dən çoxu ekspozisiyada sərgilənir. Bunlar Naxçıvan qrupuna aid çoxlu sayda xovlu və xovsuz xalça nümunələri, xalçaçılıq məmulatları, məişət əşyalarıdır. Palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalar,  sujetli, portret və miniatür xalçalar, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, duz torbası və digər eskponatlardır. Həmçinin  xalçalar üzərində olan naxışlar  da 4 qrupa bölünür: həndəsi naxışlar, zoomorf naxışlar (heyvan təsvirləri:quş, maral, qoç, əjdaha və s.),  nəbati naxışlar (gül, yarpaq, ağac), antropomorf naxışlar (insan təsvirləri). Bu növ milli naxışların hər birinin xalçalar üzərindəki ahəngdar təsviri xalqımızın adət-ənənələrinə, mənsubiyyətinə bağlılığın bariz nümunəsidir. 

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2022-ci il 9 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Xalça Muzeyinə Xalq rəssamı, professor Kamil Əliyevin adının verilməsi, muzeyin təqdimat mərasiminin qeyd olunması mədəniyyətin inkişafında atılan daha bir uğurlu addımdır. Oktyabrın 22-də - görkəmli sənətkarın anadan olduğu gündə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin təqdimat mərasimi keçirilmiş, mərasimdə Kamil Əliyevin qızı və davamçısı Nərminə Əliyeva yaxından iştirak etmişdir.

Qeyd olunub ki, Kamil Əliyevin qüdrətli söz dühalarına, görkəmli siyasi xadimlərə həsr olunan və yüksək professionallığı, bədii-estetik mükəmməlliyi ilə seçilən portret-xalçaları muzeyin, həmçinin Azərbaycan incəsənətinin qızıl fondunun qiymətli nümunələrindəndir. Onun əsərlərindəki kompozisiya özünəməxsusluğu, rəng ahəngdarlığı və süjet əlvanlığı rəssamın Azərbaycan xalçaçılıq məktəblərinin xüsusiyyətlərini necə qoruyub yaşatmasının ən parlaq təzahürüdür.

Həmin gün  Nazirlər Kabinetinin kollektivi  “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksini və  Gülüstan Türbəsini, Ali Məhkəmə, Naxçıvan Şəhər Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Daxili İşlər Nazirliyinin kollektivi Nəbatat bağını, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları Xatirə Muzeyini, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Hərbi Prokurorluq və Naxçıvan Şəhər Prokurorluğunda çalışanlar Bəhruz Kəngərli Muzeyini, Ədliyyə Nazirliyi və Pentensiar Xidmətin Aparatı əməkdaşları isə Hüseyn Cavidin Ev Muzeyini və Xatirə Kompleksini ziyarət ediblər. Naxçıvan Muxtar Respublikası Fövqaladə Hallar Nazirliyi və struktur qurumlarının əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Dövlət Gömrük Komitəsinin kollektivi Naxçıvan Dövlət Rəsm Qalareyasında, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında çalışanlar Qarabağlar Türbə Kompleksində, Maliyyə Nazirliyinin əməkdaşları Duz Muzeyində, İqtisadiyyat Nazirliyinini kollektivi Milli Dəyərlər Muzeyində, Əmək və Əhalilin Sosial Müdafiəsi Nazirliyi və struktur qurumlarının əməkdaşları isə Dövlət Bayrağı Muzeyində olublar.  Kənd Təsərrüfatı Nazirliyində və “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətində fəaliyyət göstərən şəxslər Cəlil Məmmədquluzadənin Ev Muzeyini, Rabitə və Yeni Texnologiyalar Nazirliyi və struktur qurumlarınının əməkdaşları Naxçıvan Biznes Mərkəzini, Səhiyyə Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyini, Təhsil Nazirliyinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Mədəniyyət Nazirliyinini kollektivi Ədəbiyyat Muzeyini, Gənclər və İdman Nazirliyində çalışanlar Yusif Küseyr oğlu türbəsini, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə Cəmşid Naxçıvanski Muzeyini ziyarət ediblər.

Məcid RƏŞADƏTOĞLU

 

Nəşr edilib : 30.10.2022 14:04