AZ EN RU

“Muzey fondlarının tərkibi”mövzusunda seminar-treninq keçirilib

21 aprel tarixdə muzey əməkdaşları üçün “Muzey fondlarının tərkibi” mövzusunda seminar-treninq keçirilib.

Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının əməkdaşı Anar Təhməzli açmış, Cəmşid Naxçıvanski Muzeyinin baş fond mühafizi-elmi işçisi Gülnaz Hüseynova “Muzey fondlarının tərkibi” mövzusunda çıxış etmişdir.

Qeyd edilmişdir ki, Muxtar respublikamızda muzey işinin yaranma tarixi XIX əsrin sonlarına təsadüf edir. Muxtar respublikada muzeylərin fəaliyyəti, muzey xidmətinin təşkili diqqət mərkəzində saxlanılır. Hazırda muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir ki,  bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən eksponatlar sərgilənir.

Vurğulanmışdır ki muzey fondlarının zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Muzey əməkdaşlarının fəaliyyətinin düzgün təşkili üçün seminar-treninqlər, maarifləndirici tədbirlər təşkil olunur.

Bildirilmişdir ki, muzeylər fəaliyyət sahələrindən asılı olaraq müxtəlif profillidir. Hər bir muzey öz profilinə uyğun muzey əşyası toplamalıdır. Bütün muzeylərin muzey əşyaları əsas və elmi-köməkçi fonddan ibarətdir. Təbiyyat tarixi muzeylərində bunlardan əlavə “Xammal materialları” fondu da olur.

İnsan cəmiyyətinin inkişafını əks etdirən tarix profilli muzeylərdə, yaxud şöbələrdə əsas fondun muzey əşyaları yazılı, maddi, təsviri abidələr, kino-materiallar və fonoyazılardır.

Ədəbiyyat profilli muzeylərin əsas fondlarının yazılı abidələri – bədii ədəbiyyat, dramaturgiya, publisistika (əlyazmalar, üzərində düzəliş aparılmış, yaxud müəllifin avtoqrafı olan çap məhsulları, nadir çap kitabları), həmçinin yaradıcı kollektivlərin (məs: folklor kollektivləri) fəaliyyətini, yazıçıların və onların əhatəsində olan şəxslərin həyat və yaradıcılığını xarakterizə edən sənədlərdir.

Sonra mövzu ətrafında müzakirələr aparılıb və muzeyin ekspozisiyasına baxış olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.04.2022 14:33