AZ EN RU

Muzey əməkdaşları üçün növbəti seminar-treninq keçirilib

C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Muzey əşyalarının atributiv xassələri. Ölçülərin müəyyən edilməsi” mövzusunda keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparatının şöbə müdiri Gülbuta Babayeva açaraq bildirmişdir ki, xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən muzeylər ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin qorunduğu və nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub, respublikamızın bütün bölgələrini əhatə edir.

Qeyd edilmişdir ki, muxtar respublikamızda muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, muzey fondlarının zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır, muzey əməkdaşlarının fəaliyyətinin düzgün təşkili, onların nəzəri və praktik biliklərinin artırılması üçün müxtəlif tədbirlər təşkil olunur.

Sonra Cəmşid Naxçıvanski Muzeyinin baş fond mühafizi-elmi işçisi Gülnaz Hüseynova  “Muzey əşyalarının atributiv xassələri. Ölçülərin müəyyən edilməsi” mövzusunda çıxış edərək bildirmişdir ki, muzeylərdə mühafizə olunan maddi-mədəniyyət abidələri zaman-zaman elmi tədqiqata cəlb olunmuş, öyrənilmiş, tariximizin bir hissəsinə çevrilmişdir. Muzeylərin fondlarına daxil olan bu maddi-mədəniyyət abidələri rəsmiləşdirilərkən aktlara və daxilolma kitablarına atributiv xassələri ilə qeyd olunur.

Vurğulanmışdır ki, əşyalar sənədlərə işlənərkən atributiv xassənin təsviri elmiliyə əsaslanmalıdır. Təsvirlər elə verilməlidir ki, əşyanı təsəvvür edib, təxəyyüldə canlandırmaq mümkün olsun. Bunun üçün əşya öyrənilməli, mənbələrə istinad olunmalıdır. Əşyaların atributiv xassələrinin düzgün və dəqiq təyin olunmasında əsas hissələri ilə yanaşı, materialı, işlənmə texnikası, ölçüləri, rəngi, rənglərinin sayı, naxışı, bəzək ünsürləri vəhdət təşkil edən mühüm komponentlərdir

Tədbirdə müxtəlif muzey əşyalarının atributiv xassələri, xarakterik xüsusiyyətlərinin verilməsi praktik olaraq nümunələr əsasında öyrənilmişdir.

Seminarın sonunda mövzu ətrafında müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavanlandırılıb və muzeyin ekspozisiyasına baxış olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.10.2022 17:22