AZ EN RU

Muxtar respublikanın turizm potensialından istifadə diqqət mərkəzindədir

Dövlət proqramı icra olunur

    Turizm sahəsi həm iqtisadi inkişafı təmin edir, həm də yeni iş yerlərinin açılması və beynəlxalq tələblərə uyğun xidmət sferasının formalaşması üçün mühüm vasitədir.  
    Naxçıvan Muxtar Respublikasının zəngin təbiəti, qədim tarixi və maddi mədəniyyət abidələri burada turizmin inkişafı üçün geniş imkanlar açır. Bu istiqamətdə irimiqyaslı layihələrin hazırlanaraq həyata keçirilməsi yeni turizm məhsullarının meydana çıxmasına səbəb olur. Digər tərəfdən mövcud tarixi-mədəni abidələrin bərpası və yenidən qurulması ilə bağlı aparılan işlər də olduqca əhəmiyyətlidir. Görülən işlər onu deməyə əsas verir ki, Naxçıvanın turizm potensialından maksimum istifadəyə yönələn tədbirlər ardıcıl şəkildə davam etdirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş, proqramda nəzərdə tutulan tapşırıqların icrası ötən il də diqqətdə saxlanılmışdır.

    Qədim diyarda kənd turizminin inkişafı üçün davamlı tədbirlər həyata keçirilir. Muxtar respublikanın ucqar kəndlərində yaradılan turizm obyektləri bu ərazilərin sosial-iqtisadi inkişafında, kənd əhalisinin məşğulluğunun təmin olunmasında, təbii-iqtisadi imkanlardan geniş istifadə edilməsində əhəmiyyətli rol oynayır. Həyata keçirilən tədbirlərin ən mühüm təzahürlərindən biri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamı ilə yaradılan Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsidir. Kəndin əlverişli təbii-coğrafi şəraiti nəzərə alınaraq burada kompeks turizm infrastrukturunun tətbiqi uğurlu nəticələrə səbəb olmuşdur. Ötən il fevralın 17-də Ali Məclis Sədrinin iştirakı ilə Ağbulaq Xizək Mərkəzi istifadəyə verilmişdir. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyer xətləri, 20 min kubmetr tutumu olan süni göl yaradılmış, 26 sabit, 3 hərəkətli süni qaryaratma sistemi, 1 motor stansiyası, uzunluğu 980 metr olan kanat quraşdırılmışdır. Kanat yolunda hər biri 4 yerlik olan 59 oturacaq vardır ki, bu da saatda 1000-dən artıq turistə xidmət etməyə imkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası da turizm üçün çox əlverişlidir. Ona görə də muxtar respublikada mövcud imkanlardan səmərəli istifadə olunur, turizm bölgələri yaradılır və kəndlər abadlaşdırılır”.

    Turizm sahəsində təbliğatın aparılmasında internet resurslarından geniş istifadə olunması günün reallıqlarındandır. Muxtar respublikada bütün yaşayış məntəqələrinin sürətli internetlə təmin olunması mövcud turizm potensialının təbliği və tanıdılması sahəsində geniş imkanlar açır. Ötən il Dövlət proqramının icrası istiqamətində Ağbulaq Xizək Mərkəzinin tanıdılması ilə bağlı işlər də davam etdirilmiş, Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytında Ağbulaq Xizək Mərkəzinin saytına keçid linki yerləşdirilmişdir. Xizək Mərkəzinin “skiazerbaijan.com” platformasına inteqrasiya edilməsi üçün mərkəz haqqında məlumatlar Azərbaycan Turizm Bürosuna göndərilmişdir. 
     Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iyulun 13-də Pəzməri şəlaləsinin yerləşdiyi ərazidə olmuş, Anaqut kəndi ərazisində inşa edilən “Xan Çinar” İstirahət Mərkəzində görülən işlərlə maraqlanmışdır. Ali Məclisin Sədri demişdir: “Kəndlərdə quruculuq işləri ona görə aparılır ki, insanlar rahat və firavan yaşasınlar. Həyata keçirilən tədbirlər məskunlaşmanı da artıracaqdır. Artıq Pəzməri turistik bölgəyə çevrilir. Kəndə turist axını sakinlərin istehsal etdiyi məhsulların alınmasına da səbəb olacaqdır ki, bu da əhalinin güzəranının daha da yaxşılaşması ilə nəticələnəcəkdir”.
    Kənd turizminin inkişafına təkan verən amillərdən biri də bu sahədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasıdır. Ötən il proqramın icrası ilə bağlı bu istiqamətdə görülən işlər də diqqətdə saxlanılmış, “Kiçikhəcmli kənd turizmi” layihəsi hazırlanmışdır. Sahibkarlıq subyektləri ilə 11 mart, 6 may və 24 sentyabr tarixlərdə təşkil olunan görüşlərdə layihənin təqdimatı keçirilmiş, müvafiq sahədə dövlət maliyyə dəstəyi barədə ətraflı məlumat verilmişdir. 
    Şübhəsiz ki, turizmin inkişafını sürətləndirən ən mühüm vasitələrdən biri təbliğat işinin düzgün qurulmasıdır. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq turizm sərgilərinin bu baxımdan böyük əhəmiyyəti vardır. Belə tədbirlər iştirakçı ölkələrə turizm potensialının cəlbediciliyini diqqətə çatdırmaq və qarşılıqlı təbliğat üçün geniş imkanlar açır. Ötən il mart ayında Türkiyənin Antalya şəhərində keçirilən “3-cü Türkiyə Turizm Tədarük Sərgisi”ndə muxtar respublikadan olan sahibkarların iştirakı təmin olunmuşdur. Sərgidə muxtar respublikanın turizm potensialı haqqında ətraflı məlumat verilmiş, çox sayda şirkət nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq haqqında müzakirələr aparılmışdır. Həmçinin sentyabr ayında Rusiyanın Moskva və noyabr ayında Qətərin Doha şəhərlərində təşkil edilən beynəlxalq sərgilərdə “Naxçıvan Muxtar Respublikası” stendi qurulmuş, muxtar respublikada yerləşən tarix-mədəniyyət abidələrinin maketləri, müxtəlif videoçarxlar, hotellər haqqında məlumatlar, “Naxçıvan mətbəxi”, “Naxçıvan: Şərqin əfsanəsi”, “Naxçıvan: dörd fəsildə” kitabları və yerli istehsal məhsulları nümayiş etdirilmişdir. 
    Təbliğat işinin digər forması isə çoxsaylı oxucu kütləsinə malik media nümayəndələrinin diqqətini müvafiq turizm bölgəsinə cəlb etməkdir. Müxtəlif televiziya kanallarından qəzetlərə, sosial şəbəkələrdən internet saytlarına qədər geniş bir platformada turizm potensialının təbliği turist cəlbinin başlıca şərtlərindəndir. Bu istiqamətdə 21-22 oktyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Turizm Bürosunun əməkdaşları, eləcə də yerli media nümayəndələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasına media-tur təşkil olunmuşdur. Media-tur başa çatdıqdan sonra iştirakçılar tərəfindən ölkəsəviyyəli kütləvi informasiya vasitələrində və internet resurslarında muxtar respublikanın turizm imkanları ilə bağlı müxətlif materiallar yayımlanmışdır. 
    Müxtəlif turizm istiqamətləri haqqında reklam-informasiya materiallarının əlçatan olması turizm bölgəsini cəlbedici edən ilkin faktorlardandır. Bu, turistlər üçün öz səyahət istiqamətlərini öncədən planlaşdırmağa və qısa müddətdə bir çox turizm obyektinə ekskursiya etməyə imkan verir. Ötən il proqramın icrasına uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının 2021-ci il üçün turizm təqvimi” hazırlanmışdır. Bu dövrdə 9 turizm marşrutu üzrə bukletlərin və Naxçıvan Muxtar Respublikasının turist xəritəsinin rus-ingilis dillərində nəşr edilməsində məqsəd daha çox xarici turistin marağını muxtar respublikaya cəlb etmək olmuşdur.
    Hazırkı dövrdə dayanıqlı kadr hazırlığı tələb edən sahələrdən biri də turizmdir. Çünki bu sahədə qlobal trendlər böyük sürətlə dəyişir və yenilənir. Müasir tələblərə cavab verən təhsil imkanlarının yaradılması və peşəkar kadrların hazırlanması turizmin inkişafını davamlı edən şərtlərdəndir. Ötən il Turizm agenti ixtisası üzrə nümunəvi dərs cədvəlləri və 4 elektron dərs vəsaiti hazırlanaraq peşə məktəblərinə verilmişdir. Naxçıvan Şəhər Peşə Liseyində 20 müdavimdən ibarət Turizm agenti kursu təşkil olunmuşdur. Kursa cəlb edilən müdavimlərin təcrübə dərslərinin muzeylərdə aparılması, eləcə də onların kurs müddətində muxtar respublikanın tarixi yerləri və turizm məkanlarına ekskursiyalarının təşkili diqqətdə saxlanılmışdır. 
    Bütün bunlarla yanaşı, yanvar və fevral aylarında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən “Azərbaycanda quş gözləmçiliyi turizmi” mövzusunda onlayn təlimdə Naxçıvan turizm sektorunun nümayəndələri də iştirak etmişdir. Mart ayında muxtar respublikada fəaliyyət göstərən turoperatorların, mehmanxana nümayəndələrinin və turizm könüllülərinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişafı” mövzusunda tədbir keçirilmişdir. İyun-iyul aylarında Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki peşə biliklərinin təkmilləşdirilməsi” təlimi təşkil olunmuşdur. 4 moduldan ibarət olan təlimi uğurla başa vuran iştirakçılara bələdçi şəhadətnamələri və sertifikatları verilmişdir.
    Muxtar respublikada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yaradılan şərait, xidmət səviyyəsinin get-gedə yüksəlməsi qədim diyarın turizm potensialının inkişafı üçün geniş üfüqlər açmaqdadır.

“Şərq qapısı”

Nəşr edilib : 11.02.2022 18:36