AZ EN RU

Muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində uğurlar davamlıdır

    1990-cı illərin hadisələri nəticəsində Naxçıvana gələn bütün kommunikasiyalar kəsilmiş, Naxçıvan elektriksiz qalmışdı. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi işlədiyi dövrdə enerji təhlükəsizliyi məsələsi xüsusilə diqqətdə saxlanılmışdır. 

    Bu gün ulu öndərin siyasətinin uğurla davam etdirildiyi muxtar respublikamızda həyata keçirilən tədbirlər hesabına enerji təhlükəsizliyi məsələsi tam şəkildə öz həllini tapıb. “Hər bir ölkənin inkişafının əsas göstəricisi enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu gün muxtar respublikanın inkişafının əsas hərəkətverici qüvvəsi elektrik enerjisinə olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsidir. Enerji harada varsa, orada inkişaf var, həyat var”, –  deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun  bu sahəyə xüsusi diqqət və qayğısı  nəticəsində yeni su və günəş elektrik stansiyaları tikilib istifadəyə verilmiş, elektrik enerjisinin ixrac imkanları yaranmışdır. 

    Bu gün də müasir enerji infra­strukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Ötən ilin statistik göstəricilərinə nəzər salsaq, görərik ki, 2021-ci ildə muxtar respublikada 444 milyon 804 min 6 kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bunun da 264 milyon 438 min 160 kilovat-saatı və ya 59,5 faizi istilik elektrik stansiyalarında, 129 milyon 570 min 936 kilovat-saatı və ya 29,1 faizi su elektrik stansiyalarında, 50 milyon 794 min 910 kilovat-saatı və ya 11,4 faizi isə günəş elektrik stansiyalarında istehsal edilib. 
    Görülən işlərin davamı olaraq 2022-ci ilin ilk rübündə muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində Ordubad rayonunda Ordubad və Tivi Su Elektrik stansiyalarının və Şərur rayonunda Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilir. Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Culfa rayonunda 132/110/35/10 kilovoltluq elektrik yarımstansiyasının tikintisi davam etdirilib, Ordubad rayonunun Xanağa kəndində 35/10 kilovoltluq yarım­stansiyanın tikintisinə başlanılıb. Muxtar respublikada 7,6 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilib, 3 transfor­mator yarımstansiyası quraşdırılıb. 
    Prezident cənab İlham Əliyev muxtar respublikada enerji sahəsinin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirərək demişdir: “Enerji hər bir inkişafın təməlində dayanan ən vacib amildir və bu gün Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan bu məsələni tam şəkildə həll edibdir. Bu, böyük hadisədir, tarixi nailiyyətdir”.      Bu sahədə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən ardıcıl tədbirlər deməyə imkan verir ki, muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində uğurları davamlıdır. 

Güntac ŞAHMƏMMƏDLİ ​​​​​​​

Nəşr edilib : 26.04.2022 18:25