AZ EN RU

Muxtar respublikamızın florası ürək-damar xəstəlikləri zamanı istifadə oluna biləcək dərman bitkiləri ilə zəngindir

    Müasir dövrdə artıq streslər nəticəsində ürəyə düşən gərginlik daha çox olur. Düzgün qidalanmama, hərəkətsizlik ürək-damar fəaliyyətində bir çox problemlər yaradır. Bu xəstəlikdən dünyasını dəyişənlər də az deyil. Ölüm təhlükəsinin qarşısını almaq üçün həyat tərzini dəyişmək, istirahət zamanının düzgün təşkili, qidalanmaya nəzarətlə yanaşı, çoxlu hərəkət etmək lazımdır. Sağlamlığınızı qorumaq üçün təbiətin bizə bəxş etdiyi yaşıl nemətlərdən istifadə etmək daha məsləhətlidir. Elə buradaca xüsusi vurğulamağa ehtiyac duyuram ki, muxtar respublikamızın təbii-coğrafi iqlim şəraiti münbit torpaqlarımızda müalicəvi bitkilərin, çöl şəraitində bitən pencərlərin, dadlı-tamlı meyvələrin yetişməsinə imkan verib. 

    Hər ilin yaz, yay, hətta payız fəslinin əvvəllərində Ordubad və Şahbuz bölgələrində, digər yaşayış məskənlərimizin dağlıq ərazilərində tədarük edilən, müalicə və qida məqsədilə istifadə olunan məhsullar Ulu Tanrının qədim yurd yerimizin sakinlərinə töhfəsidir. Belə məhsulların sorağı ilə ölkəmizin digər bölgələrindən də Naxçıvana üz tutanlar az deyil. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün də ölkəmizdə, eləcə də doğma diyarımızda bitən şəfalı bitkilərimiz saysız-hesabsızdır. Onların bəziləri ilə oxucularımızı da tanış etmək istəyirik.
    Beşyuvalı yemişan. Yemişan vitamin (xüsusilə C və B qrupu vitaminləri), mikroelementlər, orqanik turşular, qəhvə və xlorogen turşuları, efir yağı  və digər fəal maddələrlə zəngindir. Bioloji fəal maddələr ürəyin  tac və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır, ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır. Ürəyin və beyinin oksigenlə təchizatını artırır, qanda xolesterinin səviyyəsini azaldır, arterial təzyiqi aşağı salır. Ev şəraitində yemişandan təbii dərmanlar hazırlamaq olar: 1-2 kiloqram tam yetişmiş yemişan həvəngdəstədə əzilir, 100 milliqram qaynanmış su əlavə olunur və vam odda 40 dərəcəyə kimi qızdırılır. Alınmış şirə sıxılır və gündə 3 dəfə 1 xörək qaşığı olmaqla yeməkdən əvvəl içilir. Bu vasitəni uzun müddət ərzində (bir neçə ay) istifadə etmək olar. 3 xörək qaşığı quru yemişan meyvələri bir litrlik termosa tökülür və qaynar su əlavə edilir. 2 saat dəmləndikdən sonra dəmləmə süzülür. Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Yemişanı kompot şəklində də qəbul etmək olar. Ancaq yemişanı normadan artıq qəbul etdikdə  arterial təzyiqin düşməsinə, ürək ritminin pozulmasına, baş ağrılarına səbəb ola bilər. 
    Adi əncir. Respublikamızda əncirin 2 növü yayılıb. Bunlardan biri “mədəni əncir” adlanır və ölkəmizdə geniş miqyasda becərilir. Digəri isə “hirkan ənciri”dir ki, o, yabanı halda Lənkəran zonasında yayılıb. Əncirin meyvəsində orqanizm üçün faydalı maddələr vardır. Bunlar sırasında şəkəri, polisaxaridləri, fosfatidləri, üzvi turşuları, makro və mikroelementləri və sair göstərmək olar. Əncir ən yaxşı kalium və karbohidrat mənbəyi olub, tərkibində B-6 vitamini var ki, bu serotinin istehsalında mühüm rol oynayır. Serotin isə xolesterinin azalmasına səbəb olur. Bir ədəd əncirdə 37-38 kalori, 2 qram karbohidrat vardır, yağın faizi isə sıfırdır. Bu mineral ürəyin sağlamlığı və normal fəaliyyəti üçün çox vacibdir. Kalium təzyiqi normada saxlamağa kömək edir. Əncirin tərkibində “fisin” adlı maddə aşkar olunub. Bu maddə damarlarda trombların əmələ gəlməsinin qarşısını alır. Həll olunmayan lifli qidaların orqanizmi xərçəngdən qoruması da müəyyən edilib. Həll olunan lifli qidalar isə qandakı xolesterinin səviyyəsini 20 faizdən çox aşağı salır. 
    Nanə. Bu, dalamazkimilər fəsiləsinə aid bitki növüdür. İstiotlu nanə yarpağının tərkibinə əsasını mentol təşkil edən efir yağı, eləcə də üzvi turşular, flavonoidlər, mikroelementlər və sair daxildir. Nanə ürək üçün ən faydalı bitkilərdən biri sayılır. Məhz bu səbəbdən nanə ən populyar ürək dərmanı olan validolun tərkibinə daxildir. Nanə ürək və beyin damarlarını genişləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir.
    2 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan qaynar suda dəmlənir və 1 saatdan sonra süzülür. Dəmləmə xırda qurtumlarla gün ərzində içilir.
    Pişikotu. Bu bitki də çox faydalı müalicəvi bitkilərdən biridir. Pişikotunun kökünün tərkibində su, zülallar, yağlar, karbohidratlar, həll olunmayan və həll ola bilən liflər var.  Xalq təbabətində ondan dəmləmə, toz, ekstrat şəklində istifadə edilir. Pişikotu həm də ürək-damar sistemi xəstəliklərinə yaxşı kömək edir. Taxikardiya, hipertoniya, ürəkdə ağrılar zamanı pişikotu geniş istifadə olunur. Qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini tənzimləyir.
    Pişikotu dəmləməsi. 1 xörək qaşığı pişikotu kökü 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və gündə 3 dəfə 1 xörək qaşığı olmaqla müxtəlif pozulmalar zamanı qəbul edilir. Pişikotu ekstraktı (həblər şəklində) da çox təsirli müalicəvi vasitədir. Həblər gün ərzində 3 dəfə 1-2 həb olmaqla qəbul edilir. Müalicəvi effektinin olması üçün pişikotu uzun müddət ərzində (3 həftə – 1 ay) qəbul olunmalıdır. Lakin daha uzun müddət bu otu qəbul etmək olmaz. Əks halda, ürəyin fəaliyyətində müxtəlif pozulmaların, baş ağrılarının, ürəkbulanmasının olması və sair mümkündür. 
    Damotu. Müalicə məqsədilə damotunun çiçəklədiyi zaman üst yarpaqlarından istifadə edilir. Bu bitkinin tərkibində alkaloidlər, efir yağları, amin, staxidrin, flavonoidlər, acı maddələr, təbii turşular, A, C, E vitaminləri var. Bradikardiyadan, trombozlardan, tromboflebitlərdən və arterial hipotenziyadan əziyyət çəkənlər damotundan istifadə edərkən mütləq həkimlə məsləhətləşməlidirlər. Həddindən çox damotu qəbul etmək huşun itməsinə və ürəyin dayanmasına səbəb ola bilər. Nevrozlarda, nevrotik xəstəliklərdə, kardiosklerozda, funksional gərginlikdə, ürək qüsurlarında, sinir sisteminin gərginliklərində istifadə edilir. 30 qram damotu xırdalanıb 1 stəkan 70 faizli spirtdə 2 həftə saxlanılmalıdır. Gündə 4 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı içmək nevrozların, ürəkdöyünmənin, təzyiqin, kardiopatiyaların, təngnəfəsliyin azalmasına səbəb olur.
    Zəncəfil. Tərkibində olan kapsaizin fermenti kiçik kapilyarlarda belə qan dövranını stimullaşdırır. Hipertoniya və baş ağrıları zamanı spazmı aradan qaldırır, ateroskleroz zamanı istifadə olunur, mübadilə proseslərini gücləndirir, yaddaşı və diqqəti yaxşılaşdırır.
     Zəncəfil çayının hazırlanması üsulu. Süzgəcdən keçirilmiş təzə zəncəfil kökünün 1-2 xörək qaşığının (zövqə görə) üzərinə 200 milliqram qaynar su tökün və vam odda qapaq altında 10 dəqiqə ərzində qaynadın. Sonra 10-15 dəqiqə ərzində dəmləyin və 1 çay qaşığı bal əlavə edin. Çay isti içilir.
    Hörmətli oxucular! Ürək-damar sisteminizdə yaranmış problemlərlə bağlı hiss etdiyiniz ağrıları aradan qaldırmaq, normal həyat tərzi yaşamaq həm də sizin səhhətinizə diqqətlə yanaşmağınızdan asılıdır. Odur ki, məsləhət görülən müalicəvi bitkilərdən istifadəni unutmayın.

Könül İSAYEVA
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müəllimi

Nəşr edilib : 13.10.2022 20:12