AZ EN RU

Muxtar respublikamızın bütün rayonlarında 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb

Şərur rayonu

    XX əsrin təlatümlü 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində xalqımız bir tərəfdən imperiyanın irticaçı dairələrinin Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq siyasətinin yeni təzahürü ilə qarşılaşmış, digər tərəfdən isə bir əsrdə ikinci dəfə öz müstəqil dövlətini yaratmaq uğrunda milli azadlıq mübarizəsinə qalxmışdı.
    Xalq hərəkatının genişlənməsi imperiya rəhbərlərini qorxuya saldı. Onlar bu hərəkatı boğmaq, xalqı yolundan döndərmək üçün müxtəlif planlar hazırlayıb həyata keçirirdilər. Bu sahədə imperiyanın respublikadakı əlaltıları, milli azadlıq mübarizəsi pərdəsi altında onlara xidmət edən xəyanətkarlar xüsusi fəallıq göstərirdilər. 
    İmperiya planlarına Naxçıvandan başladı. Bunun üçün 1990-cı il yanvarın 19-da ermənilərin Naxçıvan ərazisinə hücumu təşkil edildi. Muxtar respublika ilk şəhidlərini verdi. Ərazi bütövlüyümüzə uzanmış bu qara əllər tezliklə özünü 20 Yanvar hadisələrində göstərdi. 
    32 il bundan əvvəl 20 Yanvar hadisələri zamanı şəhid olan igid eloğullarımız öz qanları ilə Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar, milli azadlığımız, müstəqilliyimiz üçün yol açdılar. 20 Yanvarın Azərbaycan tarixində xalqın qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti vardır. Məhz bu dönməz, mübariz xalqın birliyi sayəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 30 illik Qarabağ, Şuşa həsrətinə son qoydu. Onun rəhbərliyi ilə  xalqımız 27 sentyabr 2020-ci ildə düşmənin növbəti hücum cəhdi ilə başlanan Vətən müharibəsində “Qarabağ Azərbaycandır!” şüarı ilə qəhrəmanlıq tarixi yazdı.
    Hər il olduğu kimi, bu il də yanvar ayının 20-də Şərur rayonunun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, ictimaiyyətin nümayəndələri Qanlı Yanvar hadisələrində və torpaqlarımızın müdafiəsi zamanı həlak olanların əziz xatirəsini yad etmək üçün Şərur şəhərindəki Şəhidlər xiyabanına gəlmiş, buradakı abidə önünə tər qərənfillər düzmüşlər. Həmin gün Azərbaycanın Milli qəhrəmanları Məhərrəm Seyidovun Şərur şəhərindəki, Səyavuş Həsənovun Yengicə kəndindəki büstləri, Kərim Kərimovun Qarahəsənli kəndindəki məzarı da ziyarət edilmiş, məzarların üstünə gül dəstələri qoyulmuşdur.

Babək rayonu

    Yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Babək Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Babək şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gələrək gül dəstələri qoyub, ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla anıblar.

    Ürəkləri daim Vətən sevgisi ilə döyünən qəhrəman oğul və qızlarımızın canı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq, ölkəmiz suverenlik əldə etdi. Qanlı Yanvar məzmunca terror aksiyası, faciə, bəşəriyyət qarşısında cinayət olsa da, xarakter etibarilə xalqımıza qarşı yönəldilmiş açıq hərbi təcavüz idi. Lakin Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mücadilə əzmini qıra bilmədi. Törədilmiş faciə nə qədər ağır olsa da, bu, azadlıqsevər xalqımızın mübarizliyini bir daha ortaya qoydu. Həmin gecə şəhid olan övladlarımız tariximizə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
    Tarix sübut edir ki, Azərbaycan xalqı yenilməzdir, güclüdür, milli məsələlərdə bir yumruq kimi birləşə bilir. Ötən əsrin əvvəllərində müstəqilliyini qazanan iradəli xalqımız  2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoydu, mənfur düşmənin ayağını doğma torpaqlarımızdan kəsdi. Qeyd edək ki, Vətən müharibəsində Babək rayonundan olan hərbi qulluqçular da xüsusi rəşadət və qəhrəmanlıq nümayiş etdirdilər. II Qarabağ müharibəsində Babək rayonundan olan 16 igid Vətən oğlu şəhidlik zirvəsinə ucaldı, 25 nəfər ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə yaralanaraq qazi oldu.
    Ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Çünki qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. Doğma Qarabağımız məhz şəhidlərimizin canı-qanı bahasına işğaldan azad edilib. 

Ordubad rayonu

    Ölkəmizin hər yerində olduğu kimi, Ordubad rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib. Həmin gün rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri Ordubad şəhərindəki Şəhidlər xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini yad edib, şəhid məzarları üzərinə tər qərənfillər qoyublar. 

    Ümummilli lider Heydər Əliyev ilk olaraq bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirmişdir. Görkəmli dövlət xadimi 20 Yanvar hadisəsinin əhəmiyyətini nəzərə alaraq, demək olar ki, keçirdiyi hər görüşdə bu hadisənin tarixi dərslərindən bəhs etmişdir. 
     Ordubadda doğulmuş Rahim Vaqif oğlu Babayev də 20 Yanvar hadisəsi zamanı qəhrəmanlıqla şəhid olmuşdur. Bu gün bu bölgədən Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş 54 igid Vətən övladımızın arasında Rahim Babayevin də adı ehtiramla çəkilir, xatirəsi əziz tutulur. O zaman Bakı şəhərində təhsil alan Rahim milyonlarla həmyerlimiz kimi meydanlara öz etiraz səsini ucaltmağa gəlmişdi. O gün düşmən gülləsi ondan da yan keçmədi. Həmin vaxt  19 yaşı yenicə tamam olan bu vətənpərvər gəncin günahı isə ölkədə aparılan yarıtmaz siyasətə etiraz etməsi idi. 
      2020-ci ilin payızında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz 44 gün davam edən Vətən müharibəsində tarixi qələbə qazandı, ərazi bütövlüyümüz təmin olundu, haqq-ədalət öz yerini tapdı. Artıq şəhidlərin ruhu şaddır. Çünki bu müharibə nəticəsində 20 Yanvar şəhidlərinin də qisası alınmış oldu. 

Culfa rayonu

    20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. 20 Yanvar ürəyi azadlıq odu-atəşi ilə yanan, əliyalın bir xalqın ən müasir silahlarla silahlanmış güclü bir ordunun üzərində qələbə çaldığı gün idi. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı və gəncləri üçün əbədi bir örnəkdir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığından nümunə götürən Azərbaycan igidləri 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad etməklə ölkəmizə Böyük Qələbəni qazandırdılar. 

    Hər il olduğu kimi, bu il də ölkəmizin hər yerində, o cümlədən Culfa rayonunda Vətən və xalq yolunda həlak olanların xatirəsi ehtiramla anılıb. Yanvarın 20-də rayonun idarə, müəssisə və təşkilat nümayəndələri Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün şəhərimizin – Heydər Əliyev prospektindəki Şəhidlər Abidə Kompleksinin yerləşdiyi yerə gəlib, abidənin önünə tər qərənfillər qoymaqla ehtiramlarını bildiriblər.
    Bu gün Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə 20 Yanvar şəhidlərinin də qisasını almış oldu. Şəhidlərimizin haqları ödənilməzdir. Onların sırasında İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış 15 culfalı da var. Həmin şəhidlərin ailələri, həmçinin sağlamlığını itirərək qazı kimi evinə qayıtmış igid eloğullarımız və ailələri hərtərəfli qayğı ilə əhatə olunublar. Canlarını Vətən uğrunda fəda edən şəhidlərimiz əbədi olaraq qəlblərimizdə yaşayacaq, əsrlər keçsə də, dönə-dönə xatırlanacaqlar. Onların qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaq. 

Kəngərli rayonu

    Xalqımızın tarixinə qəhrəmanlıq günü kimi yazılmış 20 Yanvar faciəsinin 32-ci ildönümü Kəngərli rayonunda da qeyd olunub. Yanvarın 20-də idarə, müəssisə və təşkilatların nümayəndələri Azərbaycanın ərazi bütövlüyünü qorumaq, xalqımızın azadlığı yolunda canlarından keçmiş qəhrəman övladlarının xatirəsini yad etmək üçün Qıvraq qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısından keçərək onların xatirəsini dərin ehtiramla yad edib, abidə önünə çiçəklər düzüblər.

      Ötən dövrdə Heydər Əliyev siyasi yolunu layiqincə və qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, sağlamlıq imkanlarını itirənlərin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar qəbul edilmişdir. 
    Bu dəhşətli hadisədən 32 il ötməsinə baxmayaraq, xalqımız o qanlı gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz nifrətini bildirir. Amma əvvəlki illərdən fərqli olaraq indi şəhidlərimizin ruhu şaddır. Çünki artıq onların qisası alınmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan və böyük tarixi qələbə ilə başa çatan Vətən müharibəsi ilə ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi. Tarixə 44 günlük Vətən müharibəsi kimi düşən bu mübarizə Azərbaycan əsgərinin gücünü bütün dünyaya nümayiş etdirdi. Bu dövrdə ordumuz “dəmir yumruq”la düşmənin başını əzərək torpaqlarımızı azad etdi, qarşı tərəfi diz çökdürdü. “Biz bu müharibəni zabitlərimizin, əsgərlərimizin canı bahasına qazandıq”, – deyən Ali Baş Komandan dəfələrlə müxtəlif çıxışlarında ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən qəhrəmanlarımızın əbədi olaraq xalqımızın yaddaşında yaşayacağını bildirib. 

Şahbuz rayonu

    Yanvarın 20-də Şahbuz rayonunda idarə, müəssisə və təşkilatlarının nümayəndələri 20 Yanvar şəhidlərinə ehtiramlarını bildirərək anım tədbirində iştirak ediblər. “Şəhidlər” abidə kompleksində keçirilən tədbir zamanı kompleksin önünə tər qərənfillər düzülüb. 

    Qan yaddaşımıza yazılan 20 Yanvar  tariximizin qəhrəmanlıq səhifəsi, iftixar günüdür. Həmin gün tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməmiş, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdiriblər. 
    20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda savaşmaq əzmini cəsarətlə nümayiş etdirdiyi şərəfli bir missiyadır. 
    Artıq tarix də sübut edib ki, Azərbaycan xalqı yenilməzdir, məğrurdur. Həmrəy olmağı bacarır. Buna 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsində bütün dünya bir daha şahidlik etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz dövlət-xalq-ordu birliyinin nəticəsində ərazi bütövlüyümüzü təmin etdi, şəhidlərimizin qisası alındı, torpaqlarımız işğaldan azad edilidi, tarixi ədalət öz yerini tapdı. Bu mücadilədə Şahbuz rayonunun da qorxmaz və cəsur övladları böyük şücaət göstərib, onlardan 9-u şəhidlik zirvəsinə ucalıb.
    Tarixi qələbəmiz, müstəqil və qüdrətli Azərbaycan şəhidlərinin ruhuna ehtiramın ən yüksək ifadəsidir. 20 Yanvar isə qəhrəmanlıq tariximizin başlanğıcıdır. Nə qədər ki, Azərbaycan var, şəhidlərimizin xatirəsi də əbədi yaşayacaqdır.

Sədərək rayonu

    Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq otuz iki il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. 

    Çünki ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə, eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirib. 
    Həmin dövr Sədərək sakinləri üçün də asan olmayıb. 1989-cu ilin dekabr ayında muxtar respublikada SSRİ sərhədlərinin dağıdılması Moskvanı bərk hiddətləndirmişdi. Qısa müddət sonra mərkəz Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün imperiya qoşunlarını Bakıya yeridərək qanlı 20 Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya hücumdan hələ 8 saat əvvəl ermənilər keçmiş sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçdilər. Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər, təxminən, saat 11-dən etibarən daha intensiv hücumlara məruz qaldı. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəlmiş və Kərki kəndini işğal etmişlər. Sədərək intensiv top atəşinə tutulmuş, kənddə ilk şəhidlər verilmişdi. Həmin döyüşlərdə yurdumuzun hər tərəfindən igid oğullar Sədərəyə gəlmək mərdliklə döyüşmüş, düşmənə bir qarış belə, torpaq güzəştə gedilməmişdi. Sədərəkli gənclər Vətən müharibəsində də qəhrəmanlıq göstərmiş, döyüşlərdə 10-dan çox gənc Vətən müharibəsi iştirakçısı olmuş, 6 igid isə şəhadətə yüksəlmişdir. 
    20 Yanvar faciəsinin 32-ci ildönümü Sədərək rayonunda da anılıb. Rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri Sədərək kəndindəki Şəhidlər xiyabanını ziyarət edərək Vətən yolunda qurban getmiş insanların xatirəsinə ehtiramlarını bildiriblər.

Xəbərlər şöbəsi

 

Nəşr edilib : 20.01.2022 18:44