AZ EN RU

Muxtar respublikamızda arıçılığın inkişafında təbii amillərlə yanaşı, dövlət qayğısı da mühüm rol oynayır

    Arıçılıq lap qədim zamanlardan diyarımızda təşəkkül tapmış insan məşğuliyyəti kimi təsərrüfatın ən gəlirli sahələrindən birinə çevrilib. Qaynaqlardan məlum olur ki, bütün mədəni xalqların məişətində bal arılarından alınan məhsullar – bal, mum, vərəmum və digər arıçılıq məhsulları mühüm yer tutub. Ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da qədim tarixi olan arıçılıq xüsusi halallıq və zəhmətsevən məşğuliyyət sahəsi kimi geniş yayılıb.

    Qeyd etmək lazımdır ki, muxtar diyarımızda  arıçılığın inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası uğurla başa çatmış, həmin proqram bu sahəyə marağı daha da artırmışdır. Arıçılıq təsərrüfatlarının genişləndirilməsi, festivalların keçirilməsi, muxtar respublikamızda arı ailələrinin sayının getdikcə artması bu dediklərimizi bir daha təsdiq edir. 
    Ötən günlərdə yolumuzu dörd bir tərəfdən sıx meşələrlə əhatə olunan, təmiz havası, müalicəvi bitkiləri ilə gözoxşayan, insanların ruhunu sakitləşdirən Batabat yaylağından saldıq. Bu doğma məkan füsunkar gözəlliyi ilə xarici qonaqları da özünə cəlb edir, bura üz tutan hər bir kəsdə gözəl istirahət aurası yaradır. İlin bu vədəsində Batabat yaylağında hansı səmtə baxsan, ard-arda səliqə ilə düzülmüş rəngarəng arı yeşiklərini və arı ailələrinə qulluq göstərən əməksevər təsərrüfat adamlarını görə bilərsən. Mühitin əlverişli olması, Batabat yaylağının zəngin flora və fauna aləmi, təbii ki, dolanışığını arıçılıqdan təmin edən və daxili bazara öz töhfələrini verən zəhmət adamlarının da təbiətin qoynuna üz tutmalarını zəruri edir. 
    Batabat yaylağına səfərimizdə əsas məramımız məhz bu yerlərdə uzun illərdir ki, saf, təmiz və keyfiyyətli bal yetişdirən təsərrüfat adamları ilə həmsöhbət olmaq, bu sahənin çətinliklərini onların dilindən eşitmək idi. Batabat gölünün kənarında öz təsərrüfatının  məhsullarını satan Kolanı sakini, 65 yaşlı Əli Səfərov ilk müsahibimiz oldu. Ömrünün 30 ildən artıq bir hissəsini bu sahəyə həsr edən Əli dayı bildirdi ki, arıçılıq lap əvvəllərdən ailələrinin əsas dolanışıq sahələrindən olub. Ailənin bir neçə üzvü  artıq peşəkar arıçı kimi tanınıb: – Hazırda  ən  yaxın köməkçilərim oğullarım və həyat yoldaşımdır. Arıçılıq zəhmət tələb edir, məhsul hasilə gəldikdən  sonra isə çəkdiyin bütün əziyyətləri unudursan. Qeyd etmək isdərdim ki, hər bir təsərrüfat adamı üçün dövlətin dəstəyi əsas amillərdən biridir. Muxtar respublikamızda arıçı sahibkarlara verilən pulsuz dərmanlar, mütəmadi olaraq arı ailələrinə baytarlıq xidmətlərinin göstərilməsi dövlətimizin biz arıçılara diqqət və qayğısının ifadəsidir. Hər il keçirilən ənənəvi “Arıçılıq məhsulları – bal festival”larında iştirak edir, öz məhsullarımızı satışa çıxarırıq. Bu biz təsərrüfatçıları daha da həvəsləndirir, bu sahəyə olan marağın günü-gündən artmasına gətirib çıxarır. 
    Uzun illərdir, bu sahədə pe­şəkarlıq qazanan Əli dayının sözlərinə görə, arı ailəsi ana arı, işçi arı və erkək arı olmaqla qruplaşıblar. Burada əsas iş işçi arının üzərinə düşür, ömrü isə 40 gündür. İşçi arılar müxtəlif çiçəklərdən qida maddəsi toplayıb, onu orqanizmdə yenidən işləyərək təbii məhsul verirlər. Bu məhsullardan isə bal vərəmumu, arı zəhəri, arı mumu, arı südü kimi qiymətli məhsullar əldə olunur. Xüsusi diqqət tələb edən arıların öz baxım saatları olur. Arı yeşiklərini istədiyimiz vaxt açıb baxa bilmərik, əgər hava müsbət 34 dərəcədən yuxarı olarsa və yaxud yağışlı, buludlu keçərsə, arılar, necə deyərlər, aqressiv ola bilər, yaxud biz  onlara ziyan verə bilərik. Amma arıçını arı ailələri yaxşı tanıyır və onlara heç bir ziyan vermirlər.
    Müsahibimiz deyir ki, bu yaşıl dağların qoynundan yığdığı müalicəvi dərman bitkiləri də bura gələn qonaqlar tərəfindən xüsusi maraqla qarşılanır, ələlxüsus da ki, xarici qonaqlar tərəfindən. Qocaman arıçının düzəltdiyi balaca təsərrüfat yerində də bu dərman bitkilərini görmək mümkündür. Əli dayının sözlərinə görə, bu müalicəvi bitkilər arasında dazotu, solmazçiçək, kəklikotu, qantəpər, böyrəkotu və digərləri var. Bu bitkilər muxtar diyarımızda yetişən, bənzərsiz dada və qiymətə malik müalicəvi bitkilərdir və insan sağlamlığına çox faydaları var. Söhbətimizin sonunda Əli dayı bildirdi: – Ömrünü torpağa, zəhmətə bağlamış bir təsərrüfat adamı kimi deməliyəm ki, doğma yurdumuzun bu əsrarəngiz gözəllikləri, bura gələn qonaqlara təqdim olunan arıçılıq məhsulları və müalicəvi bitkilər Naxçıvanımızın bolluq və bərəkətindən xəbər verir. Mən inanıram ki, ölkəmizdə arıçılığın inkişafı istiqamətində atılan addımlar bu təsərrüfat sahəsinin daha da genişlənməsinə səbəb olacaq, arıçılıq muxtar diyarımızda öz yerini qoruyub saxlayacaq. 

        Bülbül Quliyeva
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

Nəşr edilib : 29.07.2022 20:05