AZ EN RU

Muxtar respublikada zoonoz infeksiyalara qarşı əks-epidemik tədbirlərin vəziyyəti ilə bağlı monitorinqlər yekunlaşıb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 2022-ci ilin I yarımilinin iş planına uyğun olaraq Muxtar Respublika Dövlət Baytarlıq Xidməti ilə birgə muxtar respublikanın rayonlarında zoonoz xəstəliklərə qarşı əks-epidemik tədbirlərin vəziyyətinin yoxlanılması ilə əlaqədar monitorinqlər aparılıb. Monitorinqin aparılmasında əsas məqsəd, muxtar respublikada iri və xırda buynuzlu heyvanların brüselyoz, qarayaraya kimi xəstəliklərə görə yoxlanılması, vaxtında profilaktik peyvəndlərin aparılması, istehsalat sahəsində və texniki emal müəssisələrində, mövsümi zoonoz infeksiyaların yayılma təhlükəsi olan ərazilərdə, o cümlədən köçəri quşların başqa ölkələrdən qayıdarkən çoxluq təşkil etdiyi ərazilərdə sanitar-baytarlıq tədbirlərinin həyata keçirilməsi olub. 
Monitorinqin aparılması üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini – Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mənsimovanın sədrliyi ilə Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət Sektorunun və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarından ibarət komissiya yaradılıb. Komissiya muxtar respublikada zoonoz infeksiyalara qarşı aparılan profilaktik tədbirlərin icra vəziyyəti və bu sahədə görülən işlərlə tanış olub.
Yoxlamaların gedişində rayonlarda fəaliyyət göstərən ət satışı mağazalarına baxış keçirilib. Baxış zamanı sanitar-gigiyenik və sanitar baytarlıq tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər yoxlanılıb, sahibkarlara aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı təlimatlar verilib. Brüselyoz xəstəliyi aşkar olunan rayonlarda isə xəstəliyi ehtimal olunan heyvanlardan qan nümunələri götürülərək rayon Gigiyena və Epidemiologiya Şöbəsinin bakterioloji laborotoriyasında yoxlanılıb.
Aparılan monitorinqlər zamanı Babək, Culfa, Sədərək, Kəngərli, Şahbuz və Şərur rayonlarında zoonoz infeksiyara qarşı aparılan əks-epidemik tədbirlərin düzgün şəkildə aparılması qeyd edilib, sanitar-gigiyenik vəziyyət tam qənaətbəxş olub. Ordubad rayonunda rast gəlinən nöqsanlarla bağlı isə sahibkarlara mövcud vəziyyətin aradan qaldırılması və lazımi tədbirlərin görülməsi istiqamətində tapşırıqlar verilib. 
Bütün bunlarla yanaşı, muxtar respublika ərazisində kəsilən iri və kiçik buynuzlu heyvanların ətinin satışa çıxarmazdan əvvəl baytarlıq orqanları tərəfındən qarayara xəstəliyinə görə yoxlanması, sağlam mal-qara cəmdəklərinin baytarlıq işçiləri tərəfindən möhürlənməsi də mütəmadi olaraq təmin olunur.
Bu sahədə aparılan tədbirlərin bariz nümunəsidir ki, bu günə qədərki yoxlamalarda muxtar respublika ərazisində brüselyoz xəstəliyi kəskin azalıb, qarayara xəstəliyinə isə rast gəlinməyib.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.05.2022 17:17