AZ EN RU

Muxtar respublikada yeni sənaye sahələri yaradılır

    İqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Son illər müasir dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini və innovativ istehsalın inkişaf etdirilməsini daha da sürətləndirib. 
    Ötən il sənaye sahəsinə 36 milyon manatdan çox investisiya yatırılmış, modern və müasir tələblərə uyğun rəqabətqabiliyyətli sənayenin yaradılmasına yönəlmiş tədbirlər real nəticələr vermişdir. “Sənaye ili” çərçivəsində məişət və kənd təsərrüfatı avadanlıqları, çaxır, dondurma, mebel, ayaqqabı, plastik qapı-pəncərə istehsalı sahələri olmaqla, ümumilikdə, 16 layihə üzrə işlər başa çatdırılmış, 101 yeni iş yeri açılmışdır.
    Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu sənaye məhsullarının istehsalına və emalına xidmət edən 288 layihənin maliyyələşdirilməsinə 112 milyon 727 min 872 manat, təkcə cari ilin ötən dövrü ərzində isə 4 milyon 993 min manat həcmində güzəştli kredit vermişdir. 
    Muxtar respublikada reallaşdırılan iri sənaye layihələrindən olan Şərur Sənaye Məhəlləsində işlər davam etdirilmişdir. Hazırda burada 2 mebel və 1 ayaqqabı istehsalı müəssisəsi fəaliyyət göstərir. Qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla yaradılan sənaye məhəlləsində muxtar respublikamızda böyük tələbat duyulan bitki yağının istehsalı da nəzərdə tutulmuşdur.
    Qeyd edilənlərlə yanaşı, Naxçıvanda yeni Duz İstehsalı Müəssisəsinin, “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətində salfet və araq istehsalı sahələrinin yaradılması davam etdirilməkdədir. 
    Belə müəssisələrin yaradılması daxili resursların payının artırılması hesabına iqtisadiyyata daha çox sərmayə qoyulmasında, dövlət xərclərinin tənzimləyici rolunun və sosial səmərəsinin daha da artmasında mühüm rol oynayacaqdır. 

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.01.2023 19:57