AZ EN RU

Muxtar respublikada yeni sənaye sahələri yaradılır

    İqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Son illər muxtar respublikamızda iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir. Muxtar respublikamızın bütün bölgələrində yüksək səviyyəli, ən müasir sənaye müəssisələri yaradılır ki, bu da ümumi sənaye potensialını gücləndirir, təməli qoyulan böyük sənaye layihələri muxtar respublikanın tələbatını ödəməklə yanaşı, ixrac potensialını da genişləndirir.

    Ötən il sənaye sahəsinə 36 milyon manatdan çox investisiya yatırılmış, modern və müasir tələblərə uyğun rəqabətqabiliyyətli sənayenin yaradılmasına yönəlmiş tədbirlər real nəticələr vermişdir. “Sənaye ili” elan olunmuş cari ildə Naxçıvan şəhərində “NaxPlast” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni istehsal xətlərinin, “Saf Metal” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məişət və kənd təsərrüfatı avadanlıqlarının istehsalı sahələrinin, mebel istehsalı, Kəngərli rayonunda çaxır istehsalı, Şərur rayonunda dondurma, mebel, ayaqqabı, Babək rayonunda mebel və plastik qapı-pəncərə istehsalı sahələrinin yaradılması və genişləndirilməsi başa çatdırılmışdır. “Sənaye ili” çərçivəsində, ümumilikdə, 16 müəssisə fəaliyyətə başlamış, 104 yeni iş yeri açılmışdır.
    Son illərdə muxtar respublikada davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində nail olunmuş diqqətəlayiq uğurlar öz bəhrələrini verməkdə, bu sahəyə göstərilən qayğı davam etdirilməkdədir. Belə ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu sənaye məhsullarının istehsalına və emalına xidmət edən 287 layihənin maliyyələşdirilməsinə 112 milyon 708 min 872 manat, təkcə cari ilin ötən dövrü ərzində isə  4 milyon 974 min manat həcmində güzəştli kredit vermişdir. 

      Hazırda muxtar respublikamızda sənaye istehsalının genişləndirilməsi istiqamətində bir sıra iri layihələr də icra edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması istiqamətində işlərə başlanılmış, yun iplik istehsalı sahəsinin yaradılması məqsədilə layihə hazırlanmışdır. Bu ilin aprel ayından etibarən İtaliya və Türkiyə mənşəli avadanlıqların quraşdırılacağı yeni iplik müəssisəsinin layihəsi reallaşdırılır. Yeni istehsal sahəsində yunyuma və qurutma, pres dəzgahı, kirli yunların saxlanma yerləri, toz ələyi və digər lazımi bölmələr yaradılacaqdır. Bu müəssisənin yaradılması heyvandarlığın inkişafına öz təsirini göstərəcək, eyni zamanda xalça istehsalı müəssisəsinin ipliyə olan tələbatının ödənilməsinə imkan verəcəkdir. 
    Naxçıvan duzunun ixrac imkanları hər ötən il daha da genişləndirilir. Bu məhsulun daha keyfiyyətlə istehsal edilməsi və ixrac imkanlarının genişləndirilməsi məqsədilə mühüm addımlar atılır. Layihəyə əsasən burada istehsal prosesinin tam avtomatlaşdırılması, binanın dam örtüyündə isə 1050 ədəd 346.5 kilovat gücündə günəş panellərinin quraşdırılması nəzərdə tutulmuşdur. 
    Yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi istiqamətində yaradılan müəssisələrdən biri də enerji içkilərinin istehsalı sahəsidir. Müəssisədə istehsal olunan məhsulların Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, İran, İraq, Türkmənistan, Gürcüstan kimi ölkələrə ixracı istiqamətində işlər aparılır. Həmçinin “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətində salfet və araq istehsalı sahələrinin yaradılması davam etdirilir.Yeni layihələrə əsasən yaradılan müəssisələrdə muxtar respublikamızın böyükhəcmli ixrac imkanları formalaşacaqdır.
    Reallaşdırılan iri sənaye layihələri arasında Şərur Sənaye Məhəlləsində yaradılan müəssisələr xüsusi əhəmiyyətə malikdir. Məhəllədə ayaqqabı, Avropa qapıları, mebel istehsalı sahələri yaradılmışdır ki, bu da ümumi sənaye potensialını gücləndirmiş, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Hazırda burada corab istehsalı, məktəbli ləvazimatları, kağız kisə, karton tara, meyvə-tərəvəzin konservləşdirilməsi və qurudulması sahələrinin yaradılması davam etdirilir. 
   Qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla yaradılan sənaye məhəlləsində muxtar respublikamızda böyük tələbat duyulan bir sıra məhsulların istehsalı da nəzərdə tutulmuşdur. Məsələn, hazırda muxtar respublikamızın bitki yağı məhsullarına olan tələbatı, əsasən, idxal hesabına ödənilir ki, bu da böyük həcmdə valyuta axınına səbəb olur. Bu məqsədlə artıq Şərur Sənayə Məhəlləsində “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qarğıdalı və günəbaxan bitkilərinin qəbuluna başlanılmışdır.
    Muxtar respublikamızın uzunmüddətli inkişaf strategiyasını təmin edəcək belə müəssisələrin yaradılması daxili resursların payının artırılması hesabına iqtisadiyyata daha çox sərmayə qoyulmasında, dövlət xərclərinin tənzimləyici rolunun və sosial səmərəsinin daha da artmasında mühüm rol oynayacaqdır. 

Çinarə BALAYEVA
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat və 
ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Nəşr edilib : 02.11.2022 18:49