AZ EN RU

Muxtar respublikada torpaqların su təminatı yaxşılaşdırılır

    Noyabr ayında Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe təşkilatları tərəfindən kanal və arxlarda lildən təmizləmə işləri aparılmış, bəzi əkin sahələrində qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri yerinə yetirilmiş, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və su ehtiyatlarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemlərinin quraşdırılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.

    2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar cəmiyyətə verilmiş tapşırıqların icrası üzrə işlər davam etdirilmişdir. Muxtar respublika üzrə su istifadəçilərinə hesabat ayında 20,09 milyon kubmetr su verilmiş, bunun müqabilində 17 min 167 hektar torpaq sahəsi suvarılmışdır. Ötən ay 9,55 kilometr beton və torpaq kanal, 15,36 kilometr ara arxlar,  1 kilometr kollektor lildən təmizlənmiş, 5,65 kilometr içməli su xətti, 0,46 kilometr kanalizasiya xətti, 3,95 kilometr suvarma boru xətti quraşdırılmış, 0,22 kilometr yeni kaptaj tikilmiş, 0,1 kilometr qapalı drenaj xətti çəkilmişdir. Eləcə də 1,94 kilometr mövcud içməli su, 0,21 kilometr kanalizasiya xətlərində, 4,3 kilometr suvarma boru xətlərində, 2,03 kilometr təzyiqli boru xətlərində, 0,64 kilometr kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
    Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədilə Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 250 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılmış, şəbəkənin istismara verilməsi üçün hazırlıq işləri aparılmışdır. Çeşməbasar və Güznüt kəndləri ərazisində 240 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi üçün hamarlama və qazma işləri davam etdirilmiş, 3,95 kilometr paylayıcı xətlər quraşdırılmışdır. Bundan əlavə, Sədərək rayonu ərazisində yerləşən “N” hərbi hissənin bazasını içməli su ilə təmin etmək məqsədilə yeni xəttin quraşdırılması işlərinə başlanılmışdır. 
    Kəngərli rayonunun Böyükdüz və Xok kənd­lərinin 3200 hektar əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Araz Su Anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilmişdir. Ərazidə boru xəttinin yerinin hamarlanması və qazıntısı işləri aparılmışdır. Noyabr ayında 2 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmış, 5 kəhrizdə isə işlər davam etdirilmişdir. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 5-nə yeni nasos quraşdırılmaqla, 51-i təmir olunmuşdur. 
    “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Sədərək rayonunda içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə kanalizasiya və içməli su xətlərinin quyularında təmir-bərpa işləri aparılmış, yeni kanalizasiya quyuları tikilmiş, 0,04 kilometr kanalizasiya xətti quraşdırılmışdır. Kəngərli rayonunun Qarabağlar kəndində 0,41 kilometr təzyiqli boru xətti çəkilmiş, aşağı su anbarında və nasos stansiyasında tikinti işləri davam etdirilmişdir. Bundan əlavə, Culfa rayonunun Yaycı kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə su təchizatı şəbəkəsinin tikintisi başa çatdırılmış, içməli suyun evlərə verilməsi üçün hazırlıq işlərinə başlanılmışdır. Sədərək rayonunun Dəmirçi kəndinə 120 metr su xətti çəkilmiş, 5 evin içməli su xəttinə birləşməsi aparılmış, 630 millimetrlik boru ilə 27 metr uzunluğunda yol keçidi tikilmişdir. İçməli suyun evlərə verilməsi üçün hazırlıq işlərinə başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar

Cəmiyyətinin mətbuat xidməti

Nəşr edilib : 13.12.2022 18:20