AZ EN RU

Muxtar respublikada sənaye davamlı inkişaf yolundadır

“Sənaye ili” – 2022

    Muxtar respublikada iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin inkişafı ötən il də diqqətdə saxlanılmış, rəqabətqabiliyyətli müasir sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, əhalinin məşğulluğu təmin olunmuşdur.
    Muxtar respublikada sənayenin inkişafını yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb”.
    2021-ci ildə muxtar respublikada sənayenin ümumi inkişafını əks etdirən əsas göstərici kimi 1 milyard 69 milyon 655 min 700 manat dəyərində məhsul istehsalı qeydə alınmışdır ki, bu da 2017-ci ildəki müvafiq göstəricidən 10,6 faiz çoxdur.

Sənaye məhsulu, min manat

    2021-ci ildə sənaye məhsulunun 7,7 faizi dövlət sektorunda, 92,3 faizi qeyri-dövlət sektorunda istehsal edilmişdir. Muxtar respublikada qeydə alınmış ümumi daxili məhsulun tərkibində ilk yeri isə 27,1 faizlik payla sənaye sahəsi tutmuşdur.
    2021-ci ildə hər bir nəfərə düşən sənaye məhsulu 2310,3 manat təşkil etmişdir. Sənaye məhsulu istehsalının 94,6 faizi malların, 5,4 faizi isə xidmətlərin payına düşmüşdür. Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma sənayesində, 0,5 faizi su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi, 6,9 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat müəssisələrində və 92,5 faizi emal sənayesində istehsal olunmuşdur. 
    2021-ci ildə emal sənayesində qeydə alınmış məhsul istehsalı 2017-ci ildəki müvafiq göstəricini 7,7 faiz üstələmişdir. Emal sənayesi kənd təsərrüfatından və mədənçıxarma sənayesindən əldə edilən məhsulların işlənildiyi və istifadəyə hazır vəziyyətə gətirildiyi sahə olub məşğulluğun təmin edilməsində mühüm rol oynayır.
    Muxtar respublikada mikro və kiçik sahibkarlıq subyektlərinin yaradılmasının dəstəklənməsi istiqamətində “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli 197-05/S nömrəli və 2019-cu il 18 yanvar tarixli 320-05/S nömrəli sərəncamlarının icrası istehsal və emal fəaliyyəti ilə məşğul olan ailə təsərrüfatlarının sayının, eləcə də onların istehsal etdikləri məhsulların növ və çeşidlərinin artımına müsbət təsir göstərmişdir.

    Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə təkcə 2021-ci ildə 11 milyon 276 min manat kredit verilmişdir ki, bu da 2017-ci ildəki müvafiq göstəricidən 19,9 dəfə çoxdur.
    Naxçıvan Muxtar Respublikasında xalça və xalça məmulatlarının istehsalını, satışını və bu sahənin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında 2021-ci il 24 noyabr tarixdə Sərəncam imzalanmışdır.
    Sənayenin dinamik inkişafı bu sektorda işləyən işçilərin say tərkibinin artımına da təsir göstərmişdir. Belə ki, 2021-ci ildə 3219-u dövlət, 13868-i qeyri-dövlət sektorlarında olmaqla, ümumilikdə, sənaye sahəsində 17087 nəfər işçi çalışmışdır ki, bu da 2017-ci ildəki müvafiq göstəricidən 5,2 faiz çoxdur. 
    2021-ci ildə işçilərin 4 faizi mədənçıxarma sənayesində, 8 faizi su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi, 9,9 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat müəssisələrində və 78,1 faizi emal sənayesində çalışmışdır. Bu dövr ərzində bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 454,1 manat təşkil etmişdir. 2017-ci ildə isə bu göstərici 381,9 manat səviyyəsində olmuşdur.
    Sənayenin davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər  cari ilin yanvar-mart aylarında da davam etdirilmiş, mebel, süd məhsulları və çörək istehsalı sahələri yaradılmış, elektrik enerjisi, mebel, duz, oksigen, alkoqollu içki, salfet, enerji içkiləri, karton tara və kağız paket, ayaqqabı istehsalı və süd məhsullarının emalı sahələrinin yaradılması hazırda davam etdirilir.
    Sənayenin davamlı inkişafı və yeni məhsul növlərinin istehsalı məqsədilə Şərur Sənaye Məhəlləsində həyata keçirilən layihələr də kiçik və orta sahibkarlığın inkişafında, daxili bazarın yerli məhsullarla təminatında, o cümlədən məşğulluğun artırılmasında önəmli rol oynayacaqdır.
    Muxtar respublikada sənayenin əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri demişdir: “Sənaye müəssisələri, ilk növbədə, daxili bazarı yerli istehsal məhsulları ilə təmin etməlidir. Bu gün ölkəmizdəki sabitlik və inkişaf, sahibkarlara göstərilən dövlət qayğısı, verilən kreditlər və daxili bazarın qorunması imkan verir ki, yeni sahibkarlar formalaşsın, kiçik müəssisələr inkişaf edərək böyük sənaye müəssisələrinə çevrilsinlər”.
    2022-ci ilin muxtar respublikada “Sənaye ili” elan edilməsi sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqinə, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulmasına, yeni məhsul növlərinin istehsalına  şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika 
Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 13.04.2022 21:14