AZ EN RU

Muxtar respublikada pensiya təyinatı altsistemi yaradılır

    Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin istiqamətlərindən biri sığorta-pensiya sisteminin müasir standartlara uyğun yenidən qurulmasıdır. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində vahid prinsiplər əsasında fəaliyyət göstərən sığorta-pensiya sistemi formalaşıb. Tətbiq olunan sığorta-pensiya sistemi pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə həyata keçirilməsinə, mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan yaradır.

    Muxtar respublikada sığorta-pensiya sisteminin müasir çağırışlara uyğun qurulması, yeni texnologiyaların imkanlarından istifadə olunaraq pensiya təyinatı və ödənişlərin həyata keçirilməsi diqqətdə saxlanılır. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna əmək pensiyalarının düzgün hesablanması və təyinatı ilə bağlı işlərin davam etdirilməsi, qanunsuz pensiya ödənişlərinin qarşısının alınması, fondun fəaliyyətini əhatə edəcək yeni elektron sistemlərin qurulmasının başa çatdırılması tapşırılmışdır. Ali Məclis Sədrinin tapşırıqlarına uyğun olaraq fond tərəfindən sığorta-pensiya sahəsində vətəndaşlara daha yüksək səviyyədə xidmət göstərilməsi və pensiya təminatının müasir standartlara uyğun qurulması üçün müvafiq işlərin icrasına başlanılmışdır. Belə ki, əmək pensiyaçılarının pensiya işləri mərkəzi arxivə yığılmış, ödənişdə olan və olmayan 79 min pensiya işinin inventarizasiyası aparılmış və proqram təminatı hazırlanaraq elektron qaydada arxivləşdirilmişdir. Əmək pensiyalarının düzgün hesablanması və qanunsuz pensiya ödənişlərinin qarşısının alınmasında müasir proqram təminatlarının mühüm əhəmiyyəti vardır. Buna görə də verilən tapşırıqların operativ qaydada icra olunması üçün muxtar respublikada pensiya təyinatı altsistemi qurulur. Artıq rəqəmsal texnologiyalar üzrə mütəxəssislər tərəfindən pensiya təyinatı altsisteminin proqram təminatının yaradılması başa çatdırılıb. Muxtar respublikada fəaliyyətdə olan pensiya işlərinin altsistemə daxil edilməsinə başlanılıb. Sistem əmək pensiyalarının təyin olunmasını, yenidən hesablanmasını, bir növündən başqa növünə keçirilməsini, əmək pensiyalarının ödənməsini, əmək pensiyaçıları haqqında məlumatların qeyd edilməsini və digər bu kimi əməliyyatları avtomatik qaydada yerinə yetirir. Yaradılmış sistem pensiya qanunvericiliyi ilə pensiyaların maliyyələşdirilməsini özündə birləşdirir. 
    Sistemə şəxsə aid müvafiq parametrlər daxil edildikdə müvafiq orqanların məlumatlar bazasından şəxsin məlumatları sistemə düşür. Belə ki, əmək pensiyası təyin olunması üçün müraciət etmiş və ya pensiya təyin olunmuş şəxslərin fərdi identifikasiya nömrəsini daxil etdikdə onun adı, soyadı, atasının adı, doğum tarixi, vətəndaşlığı, qeydiyyat ünvanı, sosial sığorta stajının aylar və illər üzrə məlumatları əldə ediləcəkdir. Bundan başqa, müraciət edən şəxsin ilkin müraciət tarixi, təyinat aparılması ilə bağlı ilkin qərar tarixi, pensiyanın növü, pensiyaçının şəxsi hesab nömrəsi və pensiya hüququnun yaranma tarixi göstəriləcəkdir. Şəxsin sağlamlıq imkanlarının məhdudluğu barədə, işləyib-işləməməsi ilə bağlı məlumat, eyni zamanda pensiya təyin olunmuş ailə başçısını itirən şəxslərə aid zəruri məlumatlar ayrı-ayrılıqda sistemdə öz əksini tapacaqdır. Əmək pensiyaçısı vəfat etdikdə, sağlamlıq imkanları məhdudluğunun müddəti bitdikdə, ailə başçısını itirməyə görə pensiya alan pensiyaçının dul arvadı və yaxud əri yeni nikah bağladıqda, ailə başçısının övladları müvafiq yaş həddinə çatdıqda və digər bu kimi hallar yarandıqda pensiyanın verilməsi avtomatik qaydada dayandırılacaqdır. Qanunvericiliklə vətəndaşın güzəştli şərtlərlə və ümumi qaydada pensiya hüququ yoxdursa, sistem ona əmək pensiyası təyin etməyəcəkdir. Həmçinin vətəndaşın bir neçə il öncə pensiya hüququ yaranıbsa, sistem ona həmin tarixdən pensiya təyin edərək ödəniş verəcəkdir. Proqram təminatının ən üstün xüsusiyyəti budur ki, hansı dövrdə pensiya qanunvericiliyində pensiya hüququnun yaranma şərti necə olubdursa, həmin qaydalar üzrə şəxsə pensiya təyin edəcək və indiki tələblərə uyğun tənzimləyəcəkdir. Qeydiyyat ünvanı dəyişmiş pensiyaçıların pensiya hesablarının yeni ünvana miqrasiya edilməsi də bu sistem vasitəsilə təmin ediləcəkdir.
    Sistemdə pensiya ödənişlərinin ediləcəyi banklarla işin qurulması, dəfn xərcinin ödənişi, plastik kartların sifarişi, həmçinin ödənişlərin həyata keçirilməsi üçün tələbatın hazırlanması həyata keçiriləcəkdir. Bundan başqa, əmək pensiyasının sığorta hissəsinin ölkə üzrə ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi, minimum pensiyanın artırılması da yeni sistem vasitəsilə əlavə vaxt sərf olunmadan qısa müddət ərzində yerinə yetiriləcəkdir. Qeyd olunan bütün funksiyalar, yəni pensiya təminatı üçün müvafiq qərarların verilməsi, eləcə də sərəncamların qəbul olunması fondun pensiya təyin edən komissiyaları tərəfindən elektron imza vasitəsilə icra olunacaqdır. Bu sistem bütün növ əmək pensiyalarının qanunvericiliyə uyğun təyinatını və ödənişini tam dəqiqliklə yerinə yetirilməsinə gətirib çıxarmaqla yanaşı, həm də sığortaolunanların pensiya hüququ yarandıqda sənəd toplamasına əlavə vaxt itkisinin qarşısını alacaqdır. 
    Pensiya təyinatı altsistemi qanunvericiliyin tələblərinə əsasən əmək pensiyasının növlərinə uyğun olaraq əmək pensiyası təyin edilmiş şəxslərin statistik hesabatlarının hazırlanması və təhlillər aparılmasını təmin etmək baxımından da mühüm əhəmiyyətə malikdir.
    Qeyd edək ki, fond tərəfindən pensiya təyinatı altsisteminin həyata keçirilməsi üçün təhlükəsizliyi təmin edən, şəbəkədə cihazları birləşdirən, serverlərin elektrik kəsintisi olmadan öz fəaliyyətini icra etdirməsi üçün ən müasir avadanlıqlar artıq alınmışdır. Hazırda fiber-optik xətlər vasitəsilə Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi-Fond-Fondun şəhər, rayon idarə və şöbələri arasında şəbəkənin qurulması işi davam etməkdədir.
    Pensiya təyinatı altsisteminin qurulması muxtar respublikanın ictimai-sosial həyatında mühüm hadisədir və sosial sahədə iş münasibətlərində elektronlaşmaya öz töhfəsini verəcəkdir.

  Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 02.11.2022 20:09