AZ EN RU

Muxtar respublikada pensiya təminatı müasir tələblərə uyğun qurulmuşdur

     Hər bir ölkədə əhalinin həyat səviyyəsini müəyyən edən başlıca meyarlardan biri onun sosial müdafiə sisteminin əhatəli olmasıdır. Sosial müdafiə sistemi insanların sosial problemlərinin həllinə yönəldilən, ilk növbədə, əmək qabiliyyəti olmayan və ya məhdud əmək qabiliyyətli şəxslərə dövlət tərəfindən müxtəlif formalı yardımların göstərilməsini özündə əks etdirir. Bu baxımdan istənilən ölkədə sosial müdafiə tədbirləri dövlət siyasətində çox böyük əhəmiyyət kəsb edir. Sosial müdafiə sisteminin əsas istiqamətlərindən birini isə pensiya təminatı təşkil edir. Ölkəmizdə 2006-cı ildə qəbul olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu vətəndaşların fərdi hesablarında yığılan pensiya kapitalına əsaslanan pensiya sisteminin yaranmasını gündəmə gətirdi. Ötən dövr ərzində qanunvericilikdə edilmiş müxtəlif əlavə və dəyişikliklər sığorta-pensiya sistemində həyata keçirilən islahatların daha da dərinləşməsinə imkan yaratmışdır. Bütün bunların nəticəsi olaraq vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına bağlı olan sığorta-pensiya sistemi yaranmışdır.

    Muxtar respublikada sığorta-pensiya sahəsində aparılan islahatlar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun qarşısına qoyulan vəzifələrin uğurla icrasına zəmin yaratmışdır. Fəaliyyətə başladığı ilk gündən fond və onun yerli qurumları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bu diqqət və qayğının nəticəsidir ki, qısa müddət ərzində fondun aparatı və onun yerli qurumları üçün müasir standartlara cavab verən, yüksək maddi-texniki baza ilə təchiz olunmuş inzibati binalar tikilib istifadəyə verilmişdir. Bütün bunlar əmək pensiyaçılarına, sığortaedənlərə və sığortaolunanlara göstərilən xidmətlərin keyfiyyətinin xeyli yaxşılaşdırılmasına səbəb olmuşdur. Bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif layihələrin tətbiqi nəticəsində bütün mövcud proseslərin, yəni həm fərdi uçotun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi və ödənişinə nəzarətin avtomatlaşdırılması tam təmin edilmişdir.
    Muxtar respublikada sığorta-pensiya sisteminin aparıcı tərkib hissəsi olan fərdi uçot sisteminin tətbiqinə 2006-cı ildən etibarən başlanılmışdır. Fond muxtar respublikada əmək fəaliyyətinə ilk dəfə başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınmasını daim diqqətdə saxlayır. Hazırda fondda fərdi uçot sistemində qeydiyyata alınanların sayı 185 min nəfəri ötmüşdür. Qeyd etmək lazımdır ki, fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı mütəmadi olaraq artır. Bunun əsas səbəbi muxtar respublikada iqtisadi inkişafın dinamik xarakter daşıması, həmçinin sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artmasıdır.

Sosial müdafiə sahəsində aparılan islahatlar 
sosial ödəmələrin artımına səbəb olmuşdur

    Ötən dövrdə sosial cəhətdən həssas qrup sayılan pensiyaçılara dövlət qayğısının artırılması yönündə mühüm addımlar atılmışdır. Əgər 2018-ci ildə əmək pensiyasının minimum məbləği 116,27 manat idisə, hazırda bu göstərici 2 dəfədən çox artaraq 240 manat məbləğində müəyyən olunmuşdur. Bundan əlavə, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılır. Pensiyaların indeksləşdirilərək artırılması muxtar respublikada hər il on minlərlə əmək pensiyaçısına şamil edilir. Cari ildən başlayaraq müvafiq pensiyaçılara maddi yardımların verilməsi də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Həyata keçirilən sosial müdafiə tədbirləri, həmçinin sığorta-pensiya sisteminin davamlı inkişafı məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də əhəmiyyətli dərəcədə artımına səbəb olmuşdur. Belə ki, 2018-ci illə müqayisədə cari ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 2,8 dəfə artaraq 300 manat, sığorta­olunanlar vəfat etdikdə onu dəfn etməyi öhdəsinə götürən şəxsə dəfn üçün müavinətin məbləği 2,4 dəfə artaraq 350 manat, əmək pensiyaçıları vəfat etdikdə onu dəfn etməyi öhdəsinə götürən şəxsə ödənilən dəfn üçün müavinətin məbləği isə 2,1 dəfə artaraq 720 manat məbləğində müəyyən olunmuşdur. Bundan başqa, cari ildə qanunvericilikdə edilmiş dəyişikliyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması zamanı sığortaolunanın məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin bir hissəsi deyil, bütün gəlirləri qazanc kimi diqqətdə saxlanılaraq müavinətin məbləğinin hesablanmasında nəzərə alınacaqdır. Bu da həmin müavinətin məbləğinin artmasına səbəb olacaqdır. Qeyd edək ki, fond tərəfindən cari ilin 10 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin qanunvericiliyə uyğun təyinatı və ödənilməsi üçün müvafiq işlər görülmüş, 6681 sığortaolunana müavinət təyin edilmişdir.
    Ümumiyyətlə, məcburi dövlət sosial sığorta haqları hesabına ödəmələrin dəfələrlə artırılması muxtar respublika vətəndaşlarına ödənilən pensiya və müavinətlərin məbləğlərinin həcminə təsir göstərmişdir. Belə ki, 2018-ci ilin 10 ayı ərzində pensiya və müavinətlərin ödənilməsinə 115 milyon 800 min manat vəsait sərf olunmuşdursa, cari ilin 10 ayı ərzində bu göstərici 166 milyon 915 min manatı ötmüşdür.

Həyata keçirilən sosial-iqtisadi islahatlar sosial sığorta 
üzrə daxilolmalara müsbət təsir göstərmişdir

    Muxtar respublikada həyata keçirilən məqsədyönlü islahatlar iqtisadi fəaliyyətin bütün sahələri üzrə davamlı inkişafı təmin etmişdir. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi sayəsində yeni istehsal müəssisələri və iş yerləri açılmış, əhalinin məşğulluq səviyyəsi yüksəldilmişdir. Bütün bunlar sosial müdafiə sahəsinin inkişafına səbəb olmuş, fondun qarşısına qoyulmuş öhdəliklərin də yüksək səviyyədə icrasına zəmin yaratmışdır. Belə ki, vətəndaşlara hesablanan pensiya və müavinətlərin muxtar respublika daxilində toplanan məcburi dövlət sosial sığorta haqları hesabına ödənilməsində ciddi artım əldə olunmuş, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda müsbət dinamika qeydə alınmışdır. Əgər 2018-ci ilin 10 ayı ərzində əmək pensiyaları və məcburi dövlət sosial sığortası haqları hesabına müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 50,5 faizi muxtar respublikada məcburi dövlət sosial sığortahaqqı olaraq yığılmışdırsa, cari ilin müvafiq dövründə bu göstərici 64,5 faiz təşkil etmişdir. Ümumiyyətlə, sığortaedən və sığorta­olunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının həcmi 2022-ci ilin 10 ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artmışdır. Bu sahədə əldə olunmuş uğurlar isə, öz növbəsində, əmək pensiyalarının və müavinətlərin vaxtından əvvəl ödənilməsinə böyük imkanlar yaradır.
    Qeyd edək ki, fondun cari il üçün büdcəsinin göstəriciləri qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə icrasına geniş imkanlar açmışdır. Belə ki, 2022-ci ilin 10 ayında fondun büdcəsinin gəlirləri 196 milyon 54 min manatdır ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 32 milyon 121 min manat çoxdur. Xərcləri isə 167 milyon 629 min manat təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 10 milyon 228 min manat çoxdur. 2018-ci illə müqayisədə isə fondun gəlirlərində 77 milyon 105 min manat, xərclərində isə 51 milyon 233 min manat artım olmuşdur. Bu da muxtar respublikada sığorta-pensiya sisteminin inkişafına, pensiyaçıların sosial rifah halının yaxşılaşdırılmasına şərait yaradır.
    Fond bundan sonra da bütün səylərini qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə yönəldəcək, göstərilən diqqət və qayğıya cavab olaraq muxtar respublikada sığorta-pensiya sisteminin inkişafına öz töhfəsini verməyə çalışacaqdır.

Nicat Orucov
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial 
Müdafiə Fondunun mətbuat və ictimaiyyətlə
 əlaqələr üzrə baş mütəxəssisi

Nəşr edilib : 28.11.2022 21:00