AZ EN RU

Muxtar respublikada iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafı təmin edilib, əhalinin sosial rifahı yüksəldilib

Muxtar respublikada iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafının təmin edilməsi, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ötən müddətdə iqtisadiyyatın modernləşməsinə, cəmiyyətdə mövcud olan resurs və potensialın bütün istiqamətlərdə reallaşdırılmasına yönəlmiş fəaliyyət, aparılan islahatlar, həyata keçirilən Dövlət proqramları muxtar respublikanın inkişafının daha sürətli mərhələyə qədəm qoymasına rəvac verib. Məhz bütün bunların nəticəsində, mövcud çətinliklər aradan qaldırılaraq, dünyada ikinci bir nümunəsi olmayan blokada vəziyyətində dayanıqlı və sabit iqtisadi sistem formalaşıb, iqtisadi potensialın daha da artmasına şərait yaradılıb.

Bu gün qədimliyi və müasirliyi ilə göz oxşayan Naxçıvanda sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaradılıb, cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini təmin edən əsas strateji hədəflər reallaşdırılıb. Pandemiyanın da yaratdığı çətinliklərə baxmayaraq, təkcə ötən il sosial-iqtisadi tərəqqini xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 2,4 faiz artaraq 3 milyard 16 milyon 315 min manat təşkil edib. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27 faizlə sənaye sahəsi tutub, 2020-ci illə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal olunub. Muxtar respublikada istehsal edilən sənaye məhsulunun 93 faizinin özəl bölmənin payına düşməsi Naxçıvanda sahibkarlığın inkişafından xəbər verir.

Bu gün muxtar respublikada sahibkarlığın inkişafına dövlət dəstəyi davamlı xarakter alıb. Ötən ayın 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə görüşdə sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili”nin elan edildiyi və bununla bağlı Tədbirlər Planının təsdiq olunduğu diqqətə çatdırılıb. Bu da həmin sahəyə göstərilən dövlət qayğısının növbəti nümunəsidir. “Sənaye ili”ndə muxtar respublikanın aid dövlət qurumları və sahibkarlıq müəssisələri qarşısında mühüm vəzifələr qoyulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edib, ümummilli liderimiz Heydər Əliyevin “Biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq” fikirlərini xatırladaraq deyib: Dahi şəxsiyyət ölkəmizə ikinci rəhbərliyi dövründə sahibkarlığın inkişafını Azərbaycanın strateji yolu kimi müəyyənləşdirmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin yolunu uğurla davam etdirməsi sahibkarlığın inkişafında da yeni mərhələnin əsasını qoymuş, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Bütün bunların nəticəsidir ki, muxtar respublikada sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, ərzaq və enerji təhlükəsizliyi təmin edilmiş, yerli istehsalın həcmi artmışdır. Digər bir tərəfdən kənd təsərrüfatına dövlət dəstəyi aqrar sahədə sahibkarlığın inkişafına geniş imkanlar açmışdır. Torpaq mülkiyyətçilərinə və fermerlərə güzəştli kreditlərin və subsidiyaların verilməsi, lizinq xidmətinin təşkili, texnika və avadanlıqlarla təminat özəl mülkiyyətə əsaslanan təsərrüfatların sayını artırmışdır. Hazırda muxtar respublikada aqrar sahədə məhsul istehsalının 100 faizə yaxını özəl mülkiyyətə əsaslanır.

“Sahibkarlığın inkişafından danışarkən ailə təsərrüfatları modeli xüsusilə qeyd olunmalıdır”, – deyən Ali Məclisin Sədri bildirib ki, bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı özünüməşğulluğu təmin etməklə yanaşı, həm də kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradır. Eyni zamanda özünüməşğulluq tədbirləri sırasında əhalinin aztəminatlı təbəqəsi aktiv əməyə cəlb edilir, dövlət tərəfindən bu kateqoriyadan olan ailələrə dəstək göstərilir. Muxtar respublikada sahibkarların maliyyə resurslarına çıxış imkanları da sadələşdirilib, aid qurumlar və banklar tərəfindən səmərəli icra mexanizmi müəyyənləşdirilib. 2021-ci ildə muxtar respublikada sahibkarlara 38 milyon manatdan artıq kredit verilib, 142 yeni istehsal və xidmət sahəsi yaradılıb. Xidmət sektorunda sahibkarlıq fəaliyyətinin təşviqi isə, nəticə etibarilə, turizmin, xüsusilə də daxili turizmin inkişafına səbəb olub.

Ali Məclisin Sədri qarşıda duran vəzifələrlə bağlı aid qurumlara müvafiq tapşırıqlar verib. “Dövlətin məqsədi aydındır: sahibkarlıq inkişaf etdirilməli, yeni iş yerləri açılmalı və yerli istehsalın həcmi artırılmalıdır. Hər bir sahibkar da ölkəmizdəki sabitlikdən, özəl sektora göstərilən dövlət qayğısından bəhrələnərək iqtisadi inkişafa öz töhfəsini verməlidir”, - deyən Ali Məclisin Sədri bu yolda və qarşıya qoyulan vəzifələrin icrasında sahibkarlara uğurlar arzulayıb, muxtar respublikada sosial-iqtisadi inkişafın təmin olunmasında və özəl bölmədə uğurlu nəticələrin qazanılmasında əməyi olanlara, eləcə də bütün sahibkarlara təşəkkürünü bildirib.

Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 13 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib.

Muxtar respublika rəhbəri Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri, müəssisələr, istehsal olunan məhsullardan ibarət sərgiyə və Naxçıvan Avtomobil Zavodunun istehsalı olan yeni avtomobillərə baxıb. Ali Məclisin Sədri 2022-ci ildə də sahibkarlar üçün geniş imkanların yaradılacağını bildirib, muxtar respublikada istehsal olunan məhsulların çeşidinin, keyfiyyətinin və ixrac imkanlarının artırılması, tələbatı idxal hesabına ödənilən məhsulların yerli istehsalının təşviq olunması, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi və daxili bazarın qorunması barədə müvafiq tapşırıqlar verib.

Muxtar respublikanın daxili işlər orqanlarının fəaliyyəti günün tələbləri səviyyəsində qurulub

Həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində bu gün muxtar respublikamızda sabitlik, əmin-amanlıqdır. Naxçıvanın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı qətiyyətli mövqe tutan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirib, xalqın və dövlətin sadiq keşikçisinə çevrilib, ictimai etimad qazanıb. Göstərilən dövlət qayğısı nəticəsində digər sahələrlə yanaşı, polis orqanları üçün də müasir iş şəraiti yaradılıb, maddi-texniki baza təkmilləşdirilib. Fəaliyyətin günün tələbləri səviyyəsində davam etdirilməsi muxtar respublikada daim diqqət mərkəzində saxlanılır.

Fevralın 7-də Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak edib.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və Sərəncamı diqqətə çatdırılıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 7 fevral tarixli Fərmanına əsasən Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, həmin tarixli Sərəncamına əsasən isə Zahid Əjdər oğlu Gözəlov Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini təyin ediliblər.

Ali Məclisin Sədri müşavirədə çıxış edərək deyib: “Muxtar respublikada daxili işlər orqanlarının fəaliyyəti üçün hər cür şərait yaradılmış, müasir və inkişaf etmiş ölkələr ilə müqayisə olunacaq səviyyəyə çatdırılmışdır. Bu gün muxtar respublika yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də mövcud sabitlik və əmin-amanlığa görə də fərqlənir. Həyata keçirilən profilaktik tədbirlərin nəticəsidir ki, cinayətkarlığın dinamikasında da aşağı tendensiya müşahidə olunur. Qanunsuz saxlanılan silahların yığılması hesabınadır ki, onun tətbiqi ilə törədilən cinayətlərə rast gəlinmir. İl ərzində qeydə alınan hüquqazidd əməllərin əksəriyyətini bilavasitə kriminogen durumun gərginləşməsinə təsiri olmayan və bir çox hallarda ehtiyatsızlıqdan baş verən cinayətlər təşkil edir. Əhalinin hər 100 min nəfərinə nisbətdə baş verən cinayət hadisələrinin sayı orta göstəricidən dəfələrlə azdır. Lakin yaradılan şərait və göstərilən dövlət qayğısı düzgün qiymətləndirilməmiş, ciddi nöqsanlara yol verilmişdir. Buna görə də ictimai təhlükəsizliyi və ictimai qaydanı təmin edən əsas orqan kimi Daxili İşlər Nazirliyinin fəaliyyəti yenidən qurulmalıdır”.

Nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verən Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin “Gərək elə işləyəsiniz, özünüzü elə göstərəsiniz, vətəndaşlarla o qədər mülayim, amma cinayətkarlığa qarşı o qədər barışmaz olasınız ki, insanlar sizi dövlətin bir nümayəndəsi kimi sevsinlər”, – fikirlərinin xidmətin təşkilində əsas götürülməsinin vacibliyini bildirərək deyib ki, daxili işlər orqanlarının əməkdaşları yaradılan şəraitdən, maddi-texniki bazadan səmərəli istifadə etməli, xidməti günün tələbləri səviyyəsində qurmalıdırlar.

Naxçıvanın muxtariyyət statusu Azərbaycan xalqının tarixi nailiyyətidir

Azərbaycanın qədim və zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarının muxtariyyət tarixinin diqqətlə öyrənilməsi və təbliğ olunması vacibliyini bir vəzifə kimi qarşıya qoyan Prezident İlham Əliyev deyib: “Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir”.

Naxçıvanın əlverişli təbii-coğrafi mövqedə, Şərqlə Qərbi birləşdirən qədim İpək yolunun üstündə yerləşməsi onu fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirib. Ərazisi dəfələrlə işğal olunsa da, əldən-ələ keçsə də, Naxçıvan heç vaxt əyilməyib, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə, tarixi ərazisini qoruyub saxlaya bilib, müasir dövrümüzədək gətirib çıxarıb.

Naxçıvanda böyük dövlətçilik ənənələrinin də əsası qoyulub, onuncu əsrdə “Naxçıvan şahlığı”, on ikinci əsrdə isə Atabəylər dövləti yaranıb. On səkkizinci əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına mühüm töhfələr verib. İyirminci əsrin əvvəllərində 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmlənməsində və tarixi ərazisinin qorunmasında taleyüklü xidmətlər göstərib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan məsələsində tutduğu mövqe və ərazinin qorunması ilə bağlı Naxçıvan sakinlərinin mütəşəkkil siyasi iradəsi sonrakı dövrdə Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu qazanmasında mühüm əhəmiyyət kəsb edib. Beləliklə, 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası yaranıb.

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Ali Məclisin əməkdaşları Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət ediblər.

Ali Məclisin Sədri çıxış edərək deyib: “Bu gün Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümüdür. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvanın muxtariyyəti tarixi hadisədir. Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur”. Naxçıvanın muxtariyyətinin 2 mərhələsi xüsusilə çətin və mürəkkəb dövr olmuşdur. Bunlardan biri 1920-1924-cü illəri əhatə edən muxtariyyətin yaranması, digəri isə 1990-1993-cü illərdə muxtariyyətin qorunub saxlandığı dövrdür. Naxçıvan 1990-1993-cü illərdə Ümummilli Liderimizin də dediyi kimi “Taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı. Doğrudan da, əgər 1920-1924-cü illərdə böyük mübarizənin nəticəsində muxtariyyət statusu qazanılmışdısa, 1990-1993-cü illərdə isə Naxçıvan taleyin ümidinə buraxılmış tənha bir adanı xatırladırdı. Ölkə Prezidentinin də dediyi kimi, “Heydər Əliyev öz vətəninə, doğulduğu yerə - Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

Ali Məclisin Sədri muxtariyyətin yaranmasında və qorunmasında xidməti olanlara ehtiramını bildirib, şəhidlərin əziz xatirəsini yad edib, muxtar respublikanın qorunmasında, sabitliyin möhkəmlənməsində və inkişafında əməyi olanlara təşəkkürünü bildirib. Sonra muzeyə baxış olub.

Muxtar respublika rəhbəri Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətini vurğulayıb, Ümummilli Liderimizin “Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən ən böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”, - fikirlərini diqqətə çatdırıb, muzeyin yeni eksponatlar, xəritələr, muxtar respublikanın tarixi ilə bağlı nəşr olunan kitablarla zənginləşdirilməsi, muxtariyyətlə bağlı araşdırmaların davam etdirilməsi barədə tapşırıqlar verib.

Ədliyyə və məhkəmə infrastrukturu müasirləşdirilir

Prezident İlham Əliyev deyib: “Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir... Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır”. Naxçıvan Muxtar Respublikasında da məhkəmə sistemində geniş islahatlar aparılıb, vətəndaşların məhkəmə hakimiyyətinə olan etimadının yüksəldilməsi üçün zəruri tədbirlər görülüb. Hüquq institutlarının təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də məhkəmələrin fəaliyyətində yeni texnologiyaların tətbiqi sahəsində də mühüm işlər həyata keçirilib. Məhkəmələrdə “Elektron məhkəmə-informasiya sistemi”nin tətbiq edilməsi vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin daha asan və rahat şəkildə məhkəmələrə müraciət etmələrinə şərait yaradıb. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi ləğv edilib, ayrı-ayrılıqda müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi yaradılıb.

Fevralın 14-də istifadəyə verilən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin inzibati binası muxtar respublikada fəaliyyət göstərən məhkəmə orqanlarının daha da inkişaf etdirilməsi üzrə vahid hüquqi konsepsiyanın uğurlu davamı olmaqla ədalət mühakiməsinin, işlərə daha keyfiyyətlə baxılmasına, vətəndaşlara yüksək səviyyədə hüquqi xidmət göstərilməsinə geniş imkanlar verəcəkdir.

Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Hər bir vətəndaşın hüquqlarını qorumaq bizim vəzifəmizdir”, - fikirlərini xatırladıb. Ali Məclisin Sədri deyib: “Muxtar respublikada 2300-dən çox hüquqi, 36 mindən artıq fiziki şəxs mövcuddur. Kifayət qədər iş potensialı vardır. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi də Naxçıvan Muxtar Respublikası ərazisində hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında olan və onların sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərində düzgün qərarların qəbul olunması məqsədilə yaradılmışdır. Qısa müddət ərzində kollektiv formalaşmış və lazımi iş şəraiti ilə təmin edilmişdir. Kollektiv isə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, bu sahədəki mübahisələr həll olunmalı və ədalətli qərarlar qəbul olunmalıdır”.

“Ədalət o zaman bərpa olunur ki, haqlı haqqını, haqsız cəzasını alır”, - deyən Ali Məclisin Sədri muxtar respublikada kommersiya sahəsində olan bütün işlərə, müraciətlərə ədalətli baxılacağına və ədalətli qərarlar çıxarılacağına əminliyini bildirib, kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra binaya baxış olub. Ali Məclisin Sədri qurulanların qorunması və maarifləndirici tədbirlərin keçirilməsi barədə tapşırıqlar verib.

Muxtar respublikada həyata keçirilən məhkəmə-hüquq islahatları bu sahədə fəaliyyətin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına səbəb olub, müasir infrastruktur yaradılıb. Bu gün məhkəmə orqanları sisteminə və həmin orqanlarda çalışan əməkdaşlara da hərtərəfli qayğı göstərilir. Yeni yaradılmasına baxmayaraq Kommersiya Məhkəməsi üçün müasir və hər cür şəraitə malik inzibati binanın istifadəyə verilməsi də bu qayğının bariz nümunəsidir.

Baytarlıq xidmətinin maddi-texniki bazası gücləndirilir

Muxtar respublikada heyvandarlıq təsərrüfatlarının yaradılmasına verilən dəstək, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, baytarlıq idarələrinin maddi-texniki bazasının gücləndirilməsi və ixtisaslı kadrlarla təminat heyvandarlığın inkişafına səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada baytarlıq təbabətinin inkişafı istiqamətində tədbirlər həyata keçirilir, baytarlıq xidmətinin maddi-texniki bazası gücləndirilir.

Həyata keçirilən tədbirlərin davamı kimi Kəngərli Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati bina tikilib. Yaradılan şərait rayon baytar həkimlərinin üzərlərinə düşən vəzifələri daha keyfiyyətlə yerinə yetirmələrinə imkan verəcəkdir. Muxtar respublikada özəl baytarlıq müəssisələri vasitəsilə baytarlıq xidmətləri göstərilməsinə mərhələli keçidə ilkin olaraq Sədərək rayonunda başlanılıb. Artıq Naxçıvan şəhəri, Kəngərli və Ordubad rayonlarında özəl baytarlıq xidmətləri fəaliyyət göstərir. Kəngərli rayonunda aparılan tədbirlərin nəticəsidir ki, hazırda epizootik vəziyyət stabildir.

Fevralın 22-də Kəngərli Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Ali Məclisin Sədri Kəngərli Rayon Baytarlıq İdarəsinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib. Muxtar respublika rəhbəri deyib: “Kəngərli rayonunda heyvandarlığın inkişafı, mal-qaranın sayının artırılması, cins tərkibinin yaxşılaşdırılması sahəsində xeyli işlər görülüb. Nəticədə, rayonda həm heyvanların baş sayı artır, həm də onlardan sağlam məhsul əldə olunur. Baytarlıq idarələrinin vəzifələri əhatə etdiyi ərazidə heyvanların xəstəliklərdən qorunması və müalicəsi ilə məşğul olmaq, baytarlıq-sanitariya və digər tədbirləri həyata keçirməkdən ibarətdir. Yaradılan şəraitdən səmərəli istifadə edərək Kəngərli rayonunda heyvandarlığın inkişafı sahəsində ciddi dönüşə nail olmaq lazımdır. Fəaliyyətin bu istiqamətdə qurulması ölkəmizdə ərzaq və qida təhlükəsizliyinin təmin olunmasına, eləcə də əhalinin rifahına xidmət edir”.

“Epidemioloji vəziyyətin sabit olması üçün iki əsas sahə diqqətdə saxlanılmalıdır: sağlam mühit və sağlam qida. Bunlar vacib sahələrdir. Ona görə ki, əhalinin sağlamlığı bu sahələrin inkişafından asılıdır”, – deyən Ali Məclisin Sədri bildirib ki, sağlam mühit və sağlam qida olmadan insanların sağlamlığı təmin oluna bilməz. Ona görə də muxtar respublikada həm gigiyena və epidemiologiya, həm də baytarlıq təbabəti sahələrində lazımi iş şəraiti yaradılıb, avadanlıqlar və laboratoriyalar istifadəyə verilib, Dövlət proqramları qəbul olunub. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində lazımi ixtisaslar açılıb və kadr hazırlığı aparılır. Bütün bunlar da imkan verəcək ki, muxtar respublikada hər iki sahə inkişaf etdirilsin və kadr potensialı yaradılsın.

Ali Məclisin Sədri kollektivin “sağlam mühit və sağlam qida” prinsipini əsas götürərək vəzifələrini layiqincə icra edəcəyinə əminliyini bildirib və bu işlərin həyata keçirilməsində onlara uğurlar arzulayıb.

Sonra binaya baxış olub. Ali Məclisin Sədri gigiyena-epidemiologiya və baytarlıq təbabəti sahələrində qəbul olunmuş Dövlət proqramlarının ciddi şəkildə icra olunması, baytarlıq idarələrinin rayon gigiyena və epidemiologiya şöbələri ilə qarşılıqlı fəaliyyət proqramını hazırlaması, dezinfeksiya işlərinin davam etdirilməsi və maarifləndirməyə diqqətin artırılması barədə aidiyyəti üzrə tapşırıqlar verib.

Qeyd edək ki, bütün yaşayış məntəqələri başdan-başa abadlaşdırılan Kəngərli rayonunda əvvəllər baytarlıq xidməti üçün əlverişli şərait mövcud deyildi və baytar həkimlər köhnə binalarda fəaliyyət göstərirdilər. Ali Məclis Sədrinin bu sahəyə olan diqqət və qayğısı sayəsində rayonun bütün kəndlərində tikilmiş müasir standartlara cavab verən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün yer ayrılıb, mebel və avadanlıqlarla təchiz edilib. Kəngərli Rayon Baytarlıq İdarəsi üçün yeni binanın istifadəyə verilməsi bu tədbirlərin davamı olmaqla, eyni zamanda baytar həkimlər üçün daha rahat və əlverişli iş şəraiti yaradacaqdır.

Təsərrüfat işləri ilə bağlı qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Ali Məclisin Sədri müşavirəni açaraq təsərrüfat ayı olan martda təmizlik, abadlıq, yaşıllaşdırma və təsərrüfat işləri, eyni zamanda, milli-mənəvi dəyərlərimizlə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb. Ali Məclisin Sədri çıxışında deyib: “Naxçıvan Muxtar Respublikasında gigiyena-epidemiologiya və baytarlıq təbabəti sahəsində Dövlət proqramlarının qəbul olunması, həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlər sağlam ətraf mühit və sağlam qida təminatına imkan verir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikada sanitar-epidemioloji vəziyyət sabitdir. Novruz bayramı ərəfəsində təmizlik-abadlıq və təsərrüfat işlərinin görülməsi də mühüm əhəmiyyət daşıyır. Çünki min illər ərzində formalaşmış Novruz adətləri xalqımızın məişət-sanitariya gigiyenası və təsərrüfat həyatı ilə sıx bağlıdır. Bu səbəbdən də mart ayında aid qurumlar tərəfindən dezinfeksiya tədbirləri və təsərrüfat işlərinə hazırlıq məsələləri diqqətdə saxlanılmalıdır”.

Ali Məclisin Sədri aid qurumlar qarşısında müvafiq tapşırıqlar qoyub. Belə ki, Fövqəladə Hallar Nazirliyi və Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən martın 1-dən etibarən bütün yaşayış məntəqələrində və əhali sıxlığı müşahidə olunan yerlərdə qrafikə uyğun dezinfeksiya işləri aparılmalıdır. Gigiyena və Epidemiologiya Mərkəzi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ictimai iaşə, ticarət və xidmət obyektlərinin sanitar-epidemioloji qaydalara uyğun fəaliyyətinə nəzarət etməlidir. Təhsil Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə Novruz bayramı günlərində muxtar respublikanın məktəbəqədər, məktəbdənkənar, peşə və ümumtəhsil məktəblərində dezinfeksiya işlərinin aparılmasını təmin etməli, Səhiyyə Nazirliyi təhsil müəssisələrində gündəlik müşahidə və müayinələri davam etdirməlidir. Səhiyyə Nazirliyi peyvənd təqviminə diqqət etməli, mövsümi xəstəliklər və koronavirus infeksiyasına qarşı peyvənd işini davam etdirməli, tibbi maarifləndirmə aparılmalı, profilaktik müayinələrin sayı artırılmalı, xəstəliklər və onların risk amilləri erkən mərhələdə aşkar edilməlidir. Bayram günlərində süni qiymət artımının qarşısını alınması məqsədilə İqtisadiyyat Nazirliyi martın 20-nə qədər Naxçıvan şəhərində və rayon mərkəzlərində bayram yarmarkaları təşkil etməli, bununla bağlı ailə təsərrüfatçıları, sahibkarlar və əhali əvvəlcədən məlumatlandırılmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli icra hakimiyyətləri ilə birlikdə bu il də yeni yaşıllıq zolaqlarının və meyvə bağlarının salınması, eləcə də bərpa əkinləri üçün hazırlıqlar görməli, hava şəraitinə uyğun olaraq yaşıllaşdırma tədbirlərinə başlanılmalıdır. Yaşıllaşdırma tədbirlərində ting tələbatı yerli imkanlar hesabına ödənilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxs bu sahədə tədbirlərə diqqəti artırmalı, tingçilik təsərrüfatlarında hazırlıqlara başlanılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi muxtar respublikanın ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə əkin tələbatını müəyyənləşdirməli, mütərəqqi əkin metodlarına üstünlük verilməli, torpaq mülkiyyətçiləri mövsümi aqrotexniki qaydalar barədə məlumatlandırılmalıdır. Torpaq mülkiyyətçilərinin keyfiyyətli və məhsuldar toxumlarla təminatı da diqqətdə saxlanılmalı, toxum ehtiyatının həcmi təhlil olunmalı, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxs tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görülməli, xarici ölkələrdən gətirilən toxumların keyfiyyətinə diqqət yetirilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Mədəniyyət Nazirliyi Novruz bayramının keçirilməsi ilə bağlı tədbirlər planı hazırlamalı, Naxçıvan şəhəri və rayon mərkəzləri Novruz bayramına uyğun bəzədilməli, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində və rayon mərkəzlərində ictimai iaşə xidməti və xalq gəzintiləri, eləcə də musiqi kollektivlərinin çıxışları təşkil olunmalıdır. Müşavirədə digər tapşırıqlar da diqqətə çatdırılıb. Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulayıb.

Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il ehtiramla yad edilir

Xalqımız 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecədə baş verən dəhşətli hadisələri heç vaxt unutmur, unutmaycaq. Həmin gün Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən soyqırımı törədilib. Xocalı soyqırımına ilk qiyməti ulu öndər Heydər Əliyev verib, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə xüsusi bəyanatla Xocalı soyqırımını törədənləri ittiham edib. Ümummilli Liderimiz xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi qiymət verilib. Dahi şəxsiyyətin təşəbbüsü əsasında 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, 26 fevral tarixi “Xocalı soyqırımı günü” elan olunub və soyqırımı haqqında həqiqətlər dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılıb.

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu düşmən üzərində Qələbə çaldı, tarixi ədaləti bərpa etdi, Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaq uğrunda canını fəda edən bütün Vətən övladlarının qisası alındı, ərazi bütövlüyümüz təmin olundu. Ölkə başçısı İlham Əliyevin dediyi kimi: “Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Xocalı soyqırımının otuzuncu ildönümü münasibətilə tədbirlər keçirilib.

Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib, abidə önünə güllər qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

Mövcud resurslar ardıcıl olaraq böyük inkişafa və sosial rifahın daha da yaxşılaşdırılmasına ünvanlanıb

Ötən ayın yekunlarına əsaslanaraq bir daha əminliklə vurğulamaq olar ki, Naxçıvanın daxili imkanlarından, ehtiyatlarından, iqtisadi əlaqələrindən əldə olunan resurslar ardıcıl olaraq sürətli inkişafa və sosial rifahın daha da yaxşılaşdırılmasına ünvanlanıb. Burada böyük quruculuq proseslərinin əsas hərəkətverici qüvvəsi ulu öndər Heydər Əliyev ideyaları, Prezident qayğısı, nümunəvi vətənpərvərlik, elə-obaya bağlılıq, insan amili və nizam-intizamdır. Bütün bunların nəticəsidir ki, ötən il 355 müxtəlif təyinatlı obyekt istifadəyə verilib, müstəqillik illərində muxtar respublikada təkcə özəl sektor üzrə 70 minə yaxın yeni iş yeri açılıb.

Muxtar respublikamızda dövlət qayğısı ilə əhatə olunan insanlar daha əzmlə çalışaraq inkişaf, yüksəliş proseslərinin fəal iştirakçılarına çevrilirlər. Sosial-iqtisadi tərəqqinin keyfiyyətcə yeni mərhələsində iqtisadi ideyaların praqmatik şəkildə gerçəkləşməsi və güclü inkişaf arxitekturasının formalaşdırılması dövlət-cəmiyyət birliyinin fonunda müasir Naxçıvanı daha böyük uğurlara aparır.

Rauf Kəngərli

Nəşr edilib : 14.03.2022 21:22