AZ EN RU

Muxtar respublikada əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənişi başa çatdırılıb

    Muxtar respublikada vətəndaşların pensiya təminatının təkmilləşdirilməsi, pensiyaçıların həyat səviyyəsinin yüksəldilməsi və maddi rifah halının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. 
    Bu istiqamətdə idarəetmənin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda və onun yerli qurumlarında müasir standartlara uyğun iş yerləri yaradılıb, vətəndaşlara göstərilən xidmət müasir səviyyədə qurulub. Bunun nəticəsidir ki, hər ay olduğu kimi, iyul ayında da əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb. Eyni zamanda sığorta prinsipi ilə pensiya alanların hər birinə 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın üçüncü rübü üzrə 50 manatı da pensiya ilə birlikdə ödənilib. Həmçinin qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib. Təyin olunan əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsilə pensiyaçılara çatdırılıb. İstəklərinə uyğun olaraq kəndlərdə yaşayan əmək pensiyaçıları yaşadığı məntəqədən kənara getmədən, ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını rahatlıqla əldə ediblər. Pensiya ödənişi ilə birlikdə əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də ödənilməsi başa çatdırılıb, həmin şəxslərin şəxsi hesablarına vəsaitin köçürülməsi təmin olunub.
    Qeyd edək ki, fond qanunvericiliklə müəyyən olunan məbləğlərdə daxil olan məcburi dövlət sosial sığortahaqqı hesabına pensiya və müavinətləri maliyyələşdirir. Daxilolmaların səviyyəsinin yüksək olması pensiya və müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsinə imkan yaradır. Muxtar respublikada daxil olan məcburi dövlət sosial sığortahaqqının məbləği ildən-ilə artmaqdadır. Bunun əsas səbəbi muxtar respublikada sosial-iqtisadi inkişafın dinamik artımı ilə əlaqədardır.
    Fond bundan sonra da əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən tədbirlərin icrası ilə bağlı müvafiq işləri həyata keçirməyə davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
 Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 06.07.2022 19:07