AZ EN RU

Muxtar respublikada ekoloji tarazlıq qorunur

    Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilir. 
    İyun ayında da ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə aparılması məqsədilə 55 yoxlama-reyd keçirilmiş, bu sahədə 35 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür. Muxtar respublika təbiətinin qorunması üçün inzibati tədbirlərlə yanaşı, əhali arasında ekoloji-hüquqi maarifləndirmə tədbirləri də icra edilmişdir. Bu məqsədlə Ordubad rayonunun Dırnıs kəndində ətraf yaşayış məntəqələrinin də nümayəndələrinin iştirakı ilə əhali arasında ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
    Hesabat ayında təbii ehtiyatlardan istifadəyə və çirkləndirici maddələrin ətraf mühitə atılmasına görə 10 müəssisəyə ekoloji ödəniş tətbiq olunmuş, 53 müəssisə tərəfindən təbii ehtiyatlardan istifadə və ətraf mühitə atılan tullantılara, 13 müəssisə tərəfindən isə mineral xammal bazasınının bərpasına ayırmalara görə nazirliyin xüsusi hesabına ekoloji ödəniş həyata keçirilmişdir. Həmçinin 11 müəssisə tərəfindən atmosfer havasına atılan tullantılara görə xüsusi icazə sənədinin alınması üçün müraciət edilmiş və ödəniş haqqı nazirliyin xüsusi hesabına köçürülmüşdür. 
    Ötən ay Naxçıvan şəhəri, Ordubad, Şərur, Babək, Kəngərli, Sədərək və Culfa rayonlarının 28-dən çox yaşayış məntəqəsi ərazisində monitorinqlər  aparılmış, su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması və yaşıllıqların mövcud vəziyyəti öyrənilmişdir. Monitorinqlər zamanı müəyyən çatışmazlıqlar da aşkar edilmiş, onların aradan qaldırılması üçün icrası məcburi tapşırıqlar verilmişdir.
    Sədərək Rayon Su Monitorinq Laboratoriyasında iyun ayı ərzində Arazın və Arpaçayın muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 4 olmaqla, ümumilikdə, 12 su nümunəsi götürülərək analiz aparılmışdır. Aparılan analizlərdə manqan, nikel və dəmir norma həddi aralığında olmuş, mis, qurğuşun, sink, alüminium və tritium izotopunun radioaktivlik dozası norma həddini keçməmişdir.
    Hesabat ayında Naxçıvan-Şərur və Naxçıvan-Çalxanqala avtomobil yollarının sağ kənarlarında yeni püstə bağının salınması üçün 2 hektar sahədə yeraltı damcılı suvarma sistemi quraşdırılmış, püstə toxumları və nazirliyin tabeliyində olan tingçilik sahələrində ərsəyə gələn 560 püstə fidanından istifadə olunmaqla əkin aparılmışdır. Qoşadizə tingçilik sahəsindəki püstə, alma, tut və çinar toxmacarlıqlarına 50 kiloqram gübrə verilmiş, 10 hektar sahədə suvarma aparılmış, 2,5 hektar sahə alaq otundan təmizlənmişdir. Ötən illərdə salınmış meyvə bağlarına aqrotexniki qaydada qulluq göstərilmiş, 55 hektar sahədə ərazilərin otu biçilmişdir. Hər il olduğu kimi, bu il də nazirlik tərəfindən iməciliklər yolu ilə salınmış meyvə bağlarından 6500 kiloqram müxtəlif meyvələr toplanaraq hərbi hissələrə sovqat aparılmışdır. Muxtar respublika ərazisində yerləşən meşə zolaqlarında, xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın təhlükəsizliyinin təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi ilə birgə təsdiq olunan Tədbirlər Planına uyğun olaraq televiziyada maarifləndirici xarakterli dəyirmi masa keçirilmişdir.
    Hesabat ayında Zəngəzur Milli Parkına aid olan muzey fondundakı herbarilər və heyvan müqəvvaları yenilənmişdir. Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üzrə geoloji axtarış, kameral və ümumi xarakterli işlər yerinə yetirilmişdir. Torpaqların münbitliyinin, geobotaniki tərkibinin qorunması və bərpası, otlaqlardan istifadənin tənzimlənməsi sahəsində işlər davam etdirilmiş, ekoloji baxımdan istifadəyə yararlı 23 min 961 hektar otlaq sahəsi fermer, fərdi təsərrüfat sahiblərinin istifadəsi üçün ayrılmışdır.
    Gənclərlə işin təşkili məqsədilə ekologiya könüllülərinin və bir qrup gəncin iştirakı ilə Güznüt gölü ətrafında təmizlik aksiyası keçirilmişdir. Eyni zamanda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar olaraq hami ixtisas tələbələrinin Zəngəzur Milli Parkının Şahbuz ərazisinə ekskursiyası  və Batabata gəzintisi təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.07.2022 21:25