AZ EN RU

Muxtar respublikada dövlət icbari şəxsi sığortasını cari ildən Dövlət Sosial Müdafiə Fondu həyata keçirir

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında”  2021-ci il 24 may tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən ordu, hissə və birləşmələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir.
    Cari ildən başlayaraq dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılması, sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarət, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə verilməsi, sığorta ehtiyatlarının yaradılması, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir.
    Qeyd edək ki, dövlət icbari şəxsi sığortası sığortaolunanların həyat və sağlamlığının qanunvericilikdə nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir. Sığortaolunanlara dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Deputatlar, həmçinin məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşları 5 illik əməkhaqqı miqdarında sığorta olunur. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası isə 11 min manat məbləğində həyata keçirilir.
    Sığortaolunanların qanunvericilikdə göstərilən səbəblərdən həlak olması (vəfat etməsi), xəsarət alması (yaralanma, travma, kontuziya) və sağlamlıq imkanları məhdudluğun müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisəsi baş verdikdə sığortaolunana sığorta məbləğinin faizi hesabı ilə sığorta ödənişi verilir. Belə ki, deputatlara fərdi qəza zamanı, məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına xidmətdə olduğu zaman, hərbi qulluqçulara isə həqiqi hərbi xidmətdə olduğu zaman həlak olduqda, yaxud alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində vəfat etdikdə 100 faiz, I dərəcə sağlamlıq imkanları məhdudluğu yarandıqda 80 faiz, II dərəcə sağlamlıq imkanları məhdudluğu yarandıqda 60 faiz, III dərəcə sağlamlıq imkanları məhdudluğu yarandıqda isə 40 faiz həcmində sığorta ödənişi verilir. Həmçinin sığortaolunana aldığı xəsarət növlərinə uyğun olaraq qanunvericilikdə müəyyən olunmuş faiz miqdarında sığorta ödənişi verilir.
    Sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə, sığorta hadisəsi sığortalının  alkoqollu, narkotik və ya toksiki maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə, sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda sığortaolunana və ya onun vərəsələrinə sığorta ödənişinin verilməsindən imtina edilir.
    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu dövlət icbari şəxsi sığortası sahəsində öz üzərinə düşən vəzifələri yerinə yetirəcək, aidiyyəti şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq işləri həyata keçirəcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun

mətbuat xidməti

Nəşr edilib : 25.01.2022 18:40