AZ EN RU

Muxtar respublikada avqust ayında 7 hərbi qulluqçuya dövlət icbari şəxsi sığorta ödənişləri verilib

    Muxtar respublikada Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında və xidməti vəzifələrini yerinə yetirərkən sağlamlığını itirmiş şəxslərin rifah halının yüksəldilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülür. Aidiyyəti şəxslərə dövlət icbari şəxsi sığortasının ödənilməsi də bu tədbirlərdən biridir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayında dövlət icbari şəxsi sığorta ödənişini almaq hüququ yaranan 7 hərbi qulluqçuya ödənişlər həyata keçirilib. Bunlardan 3-ü vəfat etdiyinə görə onların vərəsələrinə, 3-nə sağlamlıq imkanlarının məhdudluğuna görə, 1-nə isə az ağır xəsarət aldığına görə sığorta ödənişi verilib. Dövlət icbari şəxsi sığorta ödənişinin həyata keçirilməsi üçün, ümumilikdə, 44 min 550 manat vəsait həmin şəxslərin bank hesablarına köçürülüb. Hərbi qulluqçulardan ikisi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıq imkanları məhdudluğu müəyyən edilmiş şəxslərdir.
    Qeyd edək ki, dövlət icbari şəxsi sığortası sığortaolunanların həyat və sağlamlığının qanunvericilikdə nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir. Sığortaolunanlar qanunvericilikdə göstərilən səbəblərdən həlak olduqda, xəsarət aldıqda  və sağlamlıq imkanları məhdudluğu müəyyən edildikdə  onlara dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi verilir. Qanunvericiliyə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası on bir min manat məbləğində həyata keçirilir və onlar müəyyən olunmuş faiz miqdarında sığorta ödənişi ilə təmin edilirlər.
    Fond tərəfindən hərbi qulluqçuların və digər aidiyyəti şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası üzrə müvafiq işlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun

mətbuat xidməti

Nəşr edilib : 19.08.2022 18:08