AZ EN RU

Muxtar respublikada aprel ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb

    Muxtar respublikada həyata keçirilən tədbirlər əhalinin sosial vəziyyətinin daha da yaxşılaşması üçün əsaslı zəmin yaradır. Əhalinin həssas qrupuna daxil olan əmək pensiyaçılarının da rifah halının yüksəldilməsi ilə bağlı tədbirlər daim diqqət mərkəzində saxlanılır. Onlara göstərilən xidmətlərin operativliyi təmin olunur. Pensiyaların vaxtından əvvəl ödənilməsi və bu zaman tətbiq edilən ödəniş vasitələri onlara göstərilən xidmətlərin yüksək səviyyədə olması məqsədi daşıyır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə müvafiq işlər həyata keçirib və ötən aylarda olduğu kimi, aprel ayında da əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Eyni zamanda sığorta prinsipi ilə pensiya alanların hər birinə 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın ikinci rüb üzrə 50 manatı da pensiya ilə birlikdə ödənilib. 
    Məlumat üçün bildirək ki, nəzərdə tutulan maddi yardımlar əmək pensiyaçılarına hər rübün birinci ayında ödənilir. Bundan başqa, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib. Pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Kəndlərdə yaşayan əmək pensiyaçıları isə istəklərinə uyğun olaraq yaşadığı ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını ala bilərlər. Pensiya ödənişi ilə birlikdə əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də ödənilməsi başa çatdırılıb, həmin şəxslərin şəxsi hesablarına vəsaitin köçürülməsi təmin olunub.
    Qeyd edək ki, yalnız məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər pensiya və müavinət ödəmələrini ala bilər. Bunu nəzərə alaraq vətəndaşlar məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam miqdarda ödənilməsinə maraqlı olmalıdır. Bunun nəticəsində sığorta ödəmələrinin vaxtından əvvəl maliyyələşdirilməsi təmin edilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 06.04.2022 18:40