AZ EN RU

Muxtar respublika müəssisələrini keyfiyyətli karton qutu və taralarla təmin edən özəl sahibkarlıq subyekti – “Karton-Tara” Məhdud Məsuliyyətli Cəmiyyəti

“Sənaye ili” – 2022

    Ölkəmizdə sahibkarlığın inkişafı, bazar iqtisadiyyatının formalaşdırılması sahəsində əsaslı şəkildə islahatların aparılması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Aparılan siyasət nəticəsində 1990-cı ilin əvvəllərində böhran vəziyyətində olan Azərbaycan iqtisadiyyatı 1995-ci ildən inkişafa başlamış, ölkədə sahibkarlar təbəqəsi yaranmışdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyası nəticəsində iqtisadiyyatın bütün sahələrində inkişaf ilbəil artır. Ölkəmizin ayrılmaz hissəsi olan muxtar respublikamızda da iqtisadiyyatın davamlı və tarazlı inkişafı təmin edilir. Bunun nəticəsidir ki, dövlətimizin başçısı cənab İlham Əliyev 2021-ci il mayın 10-da  Naxçıvana səfəri zamanı muxtar respublikanı son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgə adlandırmışdır. 

    Bu uğurların təməlində isə qəbul edilmiş məqsədli Dövlət proqramları, eləcə də diyarımızda dövlət-sahibkar münasibətlərinin inkişafı, aqrar sektora, kiçik və orta sahibkarlığa diqqət və qayğı dayanır. Özəl sektorun dəstəklənməsi bu sahənin əsas aparıcı qüvvəsi olan sahibkarların fəaliyyətinə də öz müsbət təsirini göstərib.  Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublika sahibkarları ilə mütəmadi görüşləri, onlara verdiyi tapşırıq və tövsiyələr bu sahədə yeni yanaşmaların mənimsənilməsində, sahibkarların fəaliyyətinin stimullaşdırılmasında mühüm rol oynayıb. Bu gün muxtar respublikamızda özəl sektor güclüdür, dayanıqlıdır və uğurla inkişaf edir. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada məşğul əhalinin 85 faizi özəl sektorda çalışır.

    Muxtar respublikamızda dövlətin sahibkarlar üçün yaratdığı şəraitdən səmərəli istifadə edənlərdən biri də Zaur Məmmədovdur. Əvvəlcə gəlin Zaur müəllimi yaxından tanıyaq: – 1978-ci ildə Naxçıvan şəhərində anadan olan Zaur Məmmədov 1985-ci ildə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb, 1995-ci ildə Naxçıvan şəhərində fəaliyyət göstərən Fizika-Riyaziyyat Təmayüllü Liseyi bitirib. Həmin il Naxçıvan Dövlət Universitetinin İqtisad  fakültəsinin İstehsalın iqtisadiyyatı və idarə olunması ixtisası üzrə ali təhsil alaraq oranı 1999-cu ildə fərqlənmə diplomu ilə qurtarıb. Həmin il Naxçıvan Dövlət Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasına magistr pilləsi üzrə qəbul olunub, 2002-ci il tarixdə həmin ixtisası qırmızı diplomla bitirib. İlk əmək fəaliyyətinə 2001-ci il iyunun 27-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində aparıcı-məsləhətçi olaraq başlayıb, bir il AMEA Naxçıvan Bölməsində çalışıb. 2009-cu ildən müstəqil olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hazırda muxtar respublikanın bütün müəssisələrini karton qutu və taralarla təmin edən “Karton-Tara” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. 
    Müsahibimlə müəssisənin yaranma tarixi, fəaliyyət məqsədi, keyfiyyət işi barədə həmsöhbət oluruq. Onun dediklərindən: – Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il aprelin 25-də Prezident sarayında yerli sahibkarlarla görüşündə mən və müəssisəmizin yaradıcısı mərhum atam Samiddin Abbasoğlu da iştirak edirdi. Orada ulu öndərimiz ölkəmizin sosial-iqtisadi tərəqqinin əsas məqamlarından danışaraq bildirdi ki, bizim sosial-iqtisadi inkişafımız sahibkarların fəaliyyətindən asılıdır. Çünki əgər iqtisadiyyat, yaxud onun böyük bir hissəsi özəlləşdirilibsə, demək, iqtisadiyyatın böyük bir hissəsi sahibkarların əlindədir və onların səmərəli işləməsi Azərbaycanın iqtisadiyyatının inkişafını təmin edən amildir. Həmin tədbirdə dahi liderin sahibkarlığın inkişafı üçün verdiyi tapşırıq və tövsiyələrdən ruhlanaraq, eləcə də bu sahə üçün  yaradılan şəraitdən faydalanaraq 2003-cü ildən müəssisəmizi qurduq və o gündən bu günə kimi fəaliyyətimiz artan istiqamətdə davam edir. Əsas iş prinsipimiz barədə onu deyə bilərəm ki, müəssisəmiz muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin karton qutu və taralara olan ehtiyacını tam şəkildə təmin edərək onların istehlak bazarında iştirakında və məhsullarının xarici bazarlara çıxarılmasında mühüm rol oynayır.  
    Müəssisənin ilkgünkü fəaliyyətinə qayıdan müsahibim qeyd edir ki, ilk olaraq kiçik  bir təsərrüfat subyekti kimi kiralanmış obyektdə fəaliyyətə başlamış, xırda mexaniki dəzgahlar vasitəsilə  istehsal qurulmuşdur: – Muxtar respublikada bu sahəyə olan tələbatı, dövlətin diqqət və qayğısını nəzərə alaraq 2007-ci ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondundan güzəştli kredit götürdük. Bununla, Naxçıvan şəhər Qaraxanbəyli kəndi ərazisində müasir avadanlıqlarla təmin olunmuş yeni müəssisə binası qurduq. İran İslam Respublikasından aldığımız avadanlıqlarla istehsal prosesini tam olaraq mövcud tələbatlara uyğunlaşdırdıq. İstehsal avadanlığı əsasında muxtar respublikamızda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin tələbatının ödənilməsi istiqamətində ikirəngli çap olmaqla müxtəlif çeşidli altlıqlar, karton-taralar istehsal etməyə başladıq. Qısa zamanda nailiyyət qazandıq və 2010-cu ildə tərəfimizdən götürülmüş güzəştli kredit müəssisə tərəfindən tamamilə  ödənildi. 
    Müəssisənin əsas məqsədi və keyfiyyət siyasəti barədə isə təcrübəli sahibkar bildirir ki, əsas prioritetlərimizdən biri verilən sifarişlərin vaxtında çatdırılması və müəssisələri keyfiyyətli qutu və taralarla təmin etməkdir. Buna nail olmaq üçün fəaliyyətimizi günün tələblərinə uyğunlaşdırmaq məqsədilə 2018 və 2019-cu illərdə müəssisəmizin yenilənməsi və genişləndirilməsi perspektivini ortaya qoyduq. Belə ki, həmin dövrdə müəssisəyə yeni avadanlıqların alınması və ərazinin istehsal sahəsinin 600 kvadratmetr böyüdülməsi istiqamətində işlər apardıq. Tehran şəhərində fəaliyyət göstərən bir müəssisə ilə müqavilə bağlayaraq uniloks, 4 çaplı və daykat kəsimli yeni bir avadanlıq alınaraq quraşdırıldı. Nəticədə, istehsalın daha da operativliyinə, verilən sifarişlərin vaxtında çatdırılması istiqamətində qarşıya qoyulmuş məqsədlərə nail ola bildik. 
    Müsahibənin gedişi sırasında öyrənirik ki, müəssisədə, əsasən, məhsulların paketlənməsi, qənd, şirniyyat, siqaret məhsullarının istehsalı üçün qutular, panel-radiator istehsalı üçün ətraf taralar, mineral suların paketlənməsində istifadə olunan taralar, bundan başqa, ailə təsərrüfatlarının tələbatını ödəmək üçün müxtəlif çeşidli tort, şirniyyat və digər qutular istehsal olunur. Bunun üçün xammal materialı “Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı” MMC-dən, İran İslam və Türkiyə respublikalarından alınır.
    “Müəssisənin istehsal gücü nə qədərdir?” sualımın cavabında müsahibim deyir: – Qeyd edim ki, yeni avadanlıqlar nəticəsində müəssisəmizin gün ərzində 16 min, ay ərzində 500 mindən çox qutu istehsal etmək imkanı vardır. Bu onu göstərir ki, məhsula olan ehtiyac tamamilə ödənilir. Müəssisəmiz mövcud qanunvericiliyə əsasən uyğunluq sertifikatı ilə təmin edilib. Hazırda 15 nəfər işçimiz var ki, onlar müxtəlif peşələr üzrə fəaliyyətlərini davam etdirirlər. İşçilər gün ərzində müvafiq geyim formaları, çay və yemək ilə təmin edilirlər. 
    Müəssisənin iştirak etdiyi sərgi və digər tədbirlər barədə məlumat verən Zaur Məmmədov qeyd edir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müəyyənləşdirilən, fəaliyyətimizə aid bütün yerli və beynəlxalq sərgilərdə iştirak etmişik. Əsasən, İran İslam Respublikasının Tehran, Təbriz, Şiraz, Məşhəd, Türkiyə Respublikasının İstanbul şəhərlərində təşkil edilən sərgilərdə iştirakımız olub. Həmin tədbirlərdə mövcud yenilikləri görüb onların istehsal sahəmizdə də tətbiq edilməsi istiqamətində müəyyən işlər həyata keçirmişik. Gələcək planlarımız barədə onu deyə bilərəm ki, beş il ərzində  müəssisədə yeni karton və vərəqlərin istehsalı sahəsinin yaradılmasını qarşımıza məqsəd qoymuşuq. Burada da fəaliyyətimizin səmərəliliyi, istehsalın operativliyi bir daha öz əksini tapacaqdır. Məqsədimizə çatandan sonra müəssisənin tam təmərküzləşməsi başa çatacaqdır.
    Müsahibim müəssisənin qazandığı uğurlarda muxtar respublikada sahibkarlara göstərilən diqqət və qayğını xüsusi olaraq qeyd edir: – Hər il Ali Məclis Sədrinin muxtar respublika sahibkarları ilə keçirdiyi görüşlərdə mən də mütəmadi olaraq iştirak edirəm. Həmin görüşlərdə muxtar respublika rəhbərinin tövsiyə və tapşırıqlarını, sahibkarlığın inkişafını istiqamətləndirən söhbətlərindən çıxardığımız nəticələri öz əməli işimizdə tətbiq edirik. Biz sahibkar­ların fəaliyyətinə daim dövlət qayğısı göstərilir. Müəssisəmizin fəaliyyəti üçün götürdüyümüz güzəştli kreditlərin çeklərini də muxtar respublikamızın rəhbəri şəxsən özü təqdim edib.  Biz də mövcud potensialdan həmişə səmərəli istifadə etmişik. Göstərilən diqqət və qayğı nəticəsində burada fəaliyyət göstərən müvafiq qurumlarla işlərimizi qarşılıqlı əməkdaşlıq əsasında quraraq keçirilən tədbirlərdə iştirak edərək müsbət nəticələr qazanırıq. Muxtar respublikada sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımı bildirirəm.  

    Bu il fevralın 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış edərək qarşıda duran vəzifələrlə bağlı aid qurumlara müvafiq tapşırıqlar vermiş və demişdir: “Dövlətin məqsədi aydındır: sahibkarlıq inkişaf etdirilməli, yeni iş yerləri açılmalı və yerli istehsalın həcmi artırılmalıdır. Hər bir sahibkar da ölkəmizdəki sabitlikdən, özəl sektora göstərilən dövlət qayğısından bəhrələnərək iqtisadi inkişafa öz töhfəsini verməlidir”. Məqalədən də aydın olduğu kimi, “Karton-Tara” MMC bu qayğıdan bəhrələnərək iqtisadi inkişafa öz töhfəsini verən özəl sahibkarlıq subyektlərindəndir.  Bu onu göstərir ki, “Sənaye ili”ndə də özəl bölmədə yeni uğurlar qazanılacaqdır.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 22.04.2022 17:57