AZ EN RU

“Mütaliə Günü” ilə bağlı növbəti tədbir keçirilmişdir

10 mart 2022-ci il tarixdə “Mütaliə Günü” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Nikolo Makiavellinin “Hökmdar” əsərinin müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev açaraq “Oxunması zəruri olan kitablar”ın bu günkü aktuallığından bəhs etmiş, tədbirin təşkilində əməyi olan kitabxana əməkdaşlarına təşəkkürünü bildirmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova qeyd etmişdir ki, “Hökmdar” əsəri florensiyalı dövlət xadimi Nikolo Makiavellinin ən mühüm və ən mübahisəli əsəridir. Bu əsər işıq üzü gördükdən sonra siyasətdə ikiüzlülüyü və özbaşınalığı təbliğ edən “makiavelizm” termini meydana çıxdı. Lakin sonralar müasir dövrdə müəllifin öz tətbiqini tapan bir sıra fikirləri təbii hal kimi qəbul olundu. Nikolo Makiavelli şahidi və iştirakçısı olduğu hadisələri tədqiq edərək bu kitabı yazmışdır. Onun yazdığı bu əsər bütün dövrlərin və bütün siyasətçilərin əsl dərs vəsaitinə çevrilmişdir.

 

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Xurşud Budaqova “İntibah dövrünün görkəmli siyasi xadimi, yazıçısı, tarixçisi – Nikolo Makiavelli”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Rəsmiyyə Yusifova “Nikolo Makiavellinin siyasət haqqında ən mühüm, təsirli və mübahisəli əsəri – “Hökmdar” və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kitabxanaçısı Günel Hüseynova “Hökmdar əsərinin təhlili” adlı mövzularla çıxış edərək bildirmişlər ki, əsər 26 fəsildən ibarətdir. Həmin fəsillərdə qarışıq hökmdarlıqlar, hökmdarların ordusu, gücləri, müşavirləri, dini hökmdarlar, varislik yolu ilə əldə edilən hökmdarlıqlar, hökmdarların verdikləri sözü necə tutmaları haqqında və s. məlumatlar toplanmışdır. Makiavelli sözü gedən əsərdə bir çox şeylərlə bərabər səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət, habelə digər bu kimi anlayışları diqqətlə təhlil edir.

Sonra əsər ətrafında müzakirələr aparılmışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin  kursantları və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları iştirak etmişdir.

Nəşr edilib : 11.03.2022 09:50