AZ EN RU

Musiqi tariximizdə özünəməxsus izi olan bəstəkar

    Dahilər, istedadlar diyarı Naxçıvan Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Bu yurdun yetirdiyi şəxsiyyətlərdən, Naxçıvan musiqi mədəniyyətinin görkəmli simalarından, bu gün yaşlı nəslin belə, çox az-az xatırladığı bəstəkarlardan biri də Məmməd Nəsirbəyovdur. O, Naxçıvanın ilk professional bəstəkarı, musiqişünası, vokal ifaçısı, musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidməti olmuş bir sənətkardır. 

    Uşaqlıq illərində təhsil aldığı məktəbin xor kollektivində iştirak edən Məmməd gözəl səsi ilə hər kəsin diqqətini cəlb edərdi. Onun musiqiyə olan həvəsi incəsənətə böyük maraq göstərən atasından irəli gəlirdi. Yumşaq tembrli, orta diapazonlu tenor səsinə malik olan Mirzə Həsən evdə tez-tez xalq mahnılarını, teatr tamaşalarından müxtəlif melodiyaları zümzümə edərdi. 
    1911-1912-ci illərdə bəstəkar Zülfüqar Hacıbəyovun Naxçıvana ikinci dəfə gəlişi, bir ilədək burada yaşayıb-yaratması Naxçıvan musiqi mədəniyyətinin, teatr sənətinin inkişafına, eləcə də gənc Məmmədin yaradıcılıq həyatına mühüm təsir göstərmişdir. Atası kimi gözəl tenor səsə malik olan Məmməd musiqi sənətinə vokal ifaçılığı ilə başlamışdır. İlk növbədə, vokal ifaçısı kimi opera səhnəsində gözəl rolların yaradıcısı olaraq xatirələrdə canlanan bəstəkarın Çaykovskinin “Yevgeni Onegin” operasında Lenskinin partiyasını tam şəkildə ifa edən ilk Azərbaycan opera müğənnilərindən biri olduğu bu gün çox az adama məlumdur. 
    Ailəsi ilə birlikdə Bakıya köçməli olan Nəsirbəyov xalq musiqisinin öyrənilməsinə xüsusi önəm verərək tar ifaçılığına meyil göstərmiş, onun xalq mahnıları və rəqslərinə, klassik muğamlara marağı daha da artmışdı. Həmin dövrdə musiqi təhsili almaq üçün məktəb olmadığından musiqi ilə ustad yanında fərdi şəkildə məşğul olunurdu. 1923-cü ildə dahi bəstəkar  Üzeyir bəy Hacıbəyovun təşəbbüsü ilə açılan musiqi məktəbinə daxil olan Məmməd solo oxumaq fənni üzrə Aleksandr Kolotovdan, tar üzrə dərsləri ilə məşhur bəstəkar Ağabacı Rzayevanın babası və muğam bilicisindən – Mirzə Fərəc və Mansur Mansurovdan alır. Məktəbdə yeni nəsil bəstəkarların, nəzəriyyəçilərin, dirijorların hazırlanması məqsədilə Üzeyir bəy məktəbin nəzdində Asəf Zeynallı, Əşrəf Həsənov, Əbülrəhim Kərimov və Məmməd Nəsirbəyovun da iştirak etdiyi istedadlı gənc­lərdən ibarət qrup yaratmış, onların təhsilinə nəzarəti də öz üzərinə götürmüşdü. Məktəbin hesabat konsertində Məmməd Nəsirbəyovun tam ustalıqla ifa etdiyi “Rast” muğamı sənətkarın musiqi həyatında ilk uğuru idi. 
    1927-ci ildə təhsilini Bakı Musiqi Texnikumunda davam etdirən Məmməd vokal dərsləri üzrə 1929-1931-ci illərdə M.A.Kolotovanın, sonra isə professor N.İ.Speranskinin sinfində oxuyur. 1923-cü ildən 1940-cı ilədək ardıcıl olaraq təhsil alan Məmməd Nəsirbəyov, eyni zamanda bəstəkarlıq fakültəsində bəstəkarlıq üzrə Nikolay Xeyf, orkestrləşmə üzrə Stefan Ştrasserin sinfində oxuyur. Təhsil illərində əmək fəaliyyətinə də başlayan Nəsirbəyov 1920-1922-ci illərdə Ü.Hacıbəyovun təşəbbüsü ilə Siyasi İdarənin nəzdində yaradılan 70 musiqiçi və 10 tanınmış xanəndədən ibarət olan Azərbaycan xalq çalğı alətləri orkestrində tarzən vəzifəsində çalışır. Orkestr, əsasən, hərbi-dəniz donanması hissələri üçün konsertlər verirdi. Artıq bir musiqiçi kimi püxtələşən Məmməd Nəsirbəyov 1919-1924, 1930-1932-ci illərdə opera teatrında əvvəl xor artisti, sonra isə solist kimi fəaliyyətini davam etdirir. 1931-ci ildən 1937-ci ilədək isə Radio Komitəsində çalışaraq “Arşın mal alan” musiqili komediyasından Əsgərin ariyasının, “Koroğlu” operasından Koroğlunun ariyasının ən yaddaqalan ifaçılarından biri olmuşdur.
    1931-ci ildə Bakı Musiqi Texnikumunu bitirən Məmməd Nəsirbəyov 1932-ci ildə Çaykovski adına Moskva Konservatoriyasında professor Q.İ.Litinskidən bir il kompozisiya və polifoniya üzrə dərslər aldıqdan sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirir və 1940-cı ildə bu tədris ocağını müvəffəqiyyətlə bitirir. 
    Üzeyir Hacıbəyovun ilk tələbələrindən biri olan Məmməd Nəsirbəyov musiqi tariximizin inkişafı naminə müəlliminin yaradıcılıq işlərini layiqincə davam etdirmişdi. XX əsrin II yarısında uşaq musiqi məktəblərində musiqi nəzəriyyəsi fənni məhz Məmməd Nəsirbəyovun yazdığı “Musiqi təlimi” dərsliyindən tədris edilirdi. 1931-ci ildən bəstəkarlıq fəaliyyətinə başlayan Məmməd Nəsirbəyovun yaradıcılığında simfonik, kamera, xor musiqisi, xalq çalğı alətləri, həmçinin orkestri, mahnı və rəqs ansamblı üçün süitalar, müxtəlif alətlər üçün instrumental pyeslər, mahnı və romanslar əsas yer tutur. Simfonik orkestr üçün yazdığı “Süita”, solist, qarışıq xor və orkestr üçün “Kantata”, simli kvartet üçün “Süita”, xalq çalğı alətləri orkestri üçün “Naxçıvan” rəqs süitası, “Şənlik” uvertürası, Məmməd Rahimin sözlərinə “Nizami” süitası onun çoxşaxəli yaradıcılığının, sadəcə, kiçik bir hissəsidir. Həyatı qədər çox sevdiyi musiqi aləminə tar ilə gəldiyindən, xalq musiqisini dərindən bildiyindən xalq çalğı alətlərinin ifa imkanlarına, diapazonlarına çox yaxşı bələd idi. Bununla bağlı olaraq bəstəkarın yaradıcılığında Azərbaycan xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərə geniş yer verilmişdir. Görkəmli şair Süleyman Rüstəmin “Mən fəhləyəm” adlı şeirinə yazdığı mahnının partiturası buna əyani sübutdur. 
    Fortepiano üçün “Sonata”, 6 sonatina, “Fantaziya”, “Ekspromt”, 6 prelüdiya, 9 fuqa, 4 pyes, “Qaytağı”,              4 əl üçün 9 fortepiano pyesi, 12 xalq mahnısının işlənməsi Nəsirbəyovun zəngin fortepiano yaradıcılığından xəbər verir. Skripka musiqi alətinin texniki imkanlarını bilən Nəsirbəyov bu alətin ifaçısı kimi skripka üçün silsilə əsərlər yazmışdır. Gənc skripkaçılar üçün yazdığı variasiyalar, prelüdiyalar musiqi məktəblərində tədris olunmağa davam edir. Üzeyir Hacıbəyovdan sonra Azərbaycan bəstəkarları arasında skripka aləti üçün ilk əsəri Məmməd Nəsirbəyov yazmışdır. 
    Geniş vokal yaradıcılığına malik olan bəstəkarın onlarla mahnıları konsert salonlarında alqışlarla qarşılanmış, radio dalğalarında sevilərək dinlənilmişdir. Nizami Gəncəvinin “Aşiqəm”, Füzulinin “Ey gül”, Cəfər Cabbarlının “Yada düşdü”, Məmməd Səid Ordubadinin “Kolxozçu qızlar”, “Tarla mahnıları”, Məmməd Rahimin sözlərinə yazdığı “Bizim yurd”, “Bakı”, “Gözəl” mahnıları bu qəbildəndir.
    Gələcək nəslin musiqi tərbiyəsinə həssaslıqla yanaşan Nəsirbəyov uşaqlar üçün M.Seyidzadənin sözlərinə “24 mahnı”, məktəbyaşlı uşaqlar üçün “5 mahnı”, fortepiano üçün “12 uşaq pyesi” məcmuələri yaratmışdır. Klassik bəstəkarların ənənəsini davam etdirərək yaradıcılığında uşaqlar üçün kiçikproqramlı əsərlərə də yer vermişdir. Məmməd Nəsirbəyov bir musiqişünas kimi də Azərbaycan musiqisinə öz dəyərli töhfələrini vermişdir. O, 1938-1940-cı illərdə “Hamofon musiqisinin formalarına aid göstərişlər”, 1944-cü ildə “Azərbaycan musiqisinə lad xüsusiyyətləri”, 1955-ci ildə “Elementar musiqi nəzəriyyəsi”, “Alətşünaslıq və orkestrləşdirmə məsələləri üzrə ensiklopedik lüğət”, “Musiqi təlimi” kimi mono­qrafiya və kitabları bu gün də istifadə olunmaqdadır. 
    Yeni nəsil musiqiçilərin təhsilinə diqqətlə yanaşan bəstəkar sonrakı illərini pedaqoji fəaliyyətə həsr etmiş və ictimai fəallığı ilə də seçilmişdir. Onun təşəbbüsü və ciddi səyi nəticəsində Bakının dağlıq hissəsində uşaq musiqi məktəbləri yaradılmışdır. Bu müəssisələrdə direktor vəzifəsində işləyən bəstəkar, eyni zamanda nəzəri fənlər üzrə də dərs aparmışdır. Bütün ömrünü musiqiyə həsr edən, bu sahədə dəyərli sənət nümunələri yaradan bəstəkarın  bir çox janrda yazdığı, öz təravətini hələ də itirməyən əsərləri onu bu gün də yaşadır. Bizə isə onun zəngin yaradıcılıq irsini təbliğ etmək və gələcək nəslə çatdırmaq qalır.

Nərminə QƏDİMOVA
Naxçıvan Dövlət Universitetinin əməkdaşı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi

Nəşr edilib : 21.04.2022 20:46