AZ EN RU

Müşavirədən irəli gələn vəzifələrin icrası diqqət mərkəzindədir

    Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə aid dövlət qurumlarının qarşısında konkret vəzifələr qoyulub.
    Digər dövlət qurumları ilə yanaşı, rayon İcra hakiyimiyyətləri də ərazilərdə dezinfeksiya, epizootiya, yaşıllaşdırma, abadlıq tədbirlərinin aparılması, kənd təsərrüfatı məhsullarının satış yarmarkarlarının təşkili və digər tapşırıqların yerinə yetirilməsini diqqət mərkəzində saxlayıblar. Verilmiş tapşırıqlara uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən də tədbirlər planı hazırlanıb və mart ayı ərzində bir sıra işlər görülüb. 
    Tədbirlər planına uyğun olaraq qrip və kəskin respirator virusların qarşısının alınması məqsədilə rayonun ümumtəhsil məktəblərində, uşaq bağçalarında, ictimai yaşayış binalarında, Sədərək kəndindəki bazar kompleksində, eləcə də məscid və mərasim evlərində mərhələli şəkildə dezinfeksiya işləri aparılıb. 
     Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin, Gigiyena və Epidemiologiya Şöbəsinin və Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən qrafik əsasında rayonun Heydərabad qəsəbəsinin, Dəmirçi və Sədərək kəndlərinin avtomobil yolları və piyada səkiləri dezinfeksiya olunub. Ümumilikdə, rayonda 656 min kvadratmetrdən artıq ərazidə dərmanlama işləri aparılıb. Rayonun idarə, müəssisə və təşkilatlarının inzibati binaları, yaşayış binalarının girişi və ətrafı, yanacaqdoldurma məntəqəsi, ticarət mərkəzləri, istirahət parkları, musiqi, tam orta məktəblər xüsusi məhlulla dezinfeksiya edilib. 
    Verilən tapşırıqlara uyğun olaraq yaz-tarla işləri çərçivəsində də rayonda yaşıllıq zolaqlarının genişləndirilməsinə də başlanılıb. Belə ki, hesabat dövrü ərzində Sədərək rayonunda 2410 qarışıq meyvə tingi, 430 meşə ağacı, 1300 badam olmaqla, ümumilikdə, 4140 ağac, 2220 üzüm tənəyi və 6750 dekorativ bəzək bitkisi əkilib. 
    Müşavirədə şəhər və rayon mərkəzlərində bayramqabağı kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil olunması diqqətə çatdırılıb. Verilən tapşırıqlara uyğun olaraq martın 18-dən 20-nə kimi Sədərək kəndində bazar kompleksində bayram yarmarkası keçirilib. 
    Rayon Baytarlıq İdarəsi epizootiya tədbirlərini davam etdirib, profilaktik peyvəndləmə və dezinfeksiya işləri görülüb. Həmçinin mövsümlə bağlı təsərrüfatlara baxış keçirilib və təsərrüfat sahiblərinə zootexniki qaydalar izah edilib, baytarlıq məntəqələri və apteklər dərman preparatları ilə təmin olunub. 
    Mart ayı ərzində idarə, müəssisə və tabe təşkilatların əməkdaşları rayonun qəsəbə və kəndlərində abadlıq işləri aparıb, yol kənarları, ətraf ərazilər tullantılardan təmizlənib, qəbiristanlıqlardakı yaşıllıqlara mövsümə uyğun qulluq edilib, ərazidə səliqə-sahman yaradılıb, rayon ərazisindəki taxıl sahələri də gübrələnib, melioratorlar tərəfindən hidrotexniki qurğulara baxış keçirilib, kanal və arxlar, kollektor və drenaj şəbəkələri lildən təmizlənib.

Gülnarə HÜSEYNOVA

Nəşr edilib : 27.04.2022 20:10