AZ EN RU

Mühasiblər üçün təlim başa çatıb

    Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində“Maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında tərtib və təqdim edilməsi” adlı ikigünlük təlim keçirilib.
    Muxtar respublikanın təhsil sahəsində fəaliyyət  göstərən  20 maliyyə-mühasibatlıq işçisinin iştirak etdiyi tədbiri mərkəzin direktoru Mehriban İmanova açıb. 
    Təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Həsən Abdullayevin “Maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri əsasları” mövzusu ətrafında təqdimatı olub. 
    Təqdimat zamanı maliyyə hesabatlarının mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, həmçinin maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirdiyi və bu məlumatların daxili və xarici istifadəçilər üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
    Növbəti gün “Maliyyə hesabatlarının tərtib edilməsinin praktik izahı” modulu ətrafında Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Pərvin Cümşüdova müəssisədə əməliyyat jurnalının hazırlanması, maliyyə hesabatlarının tərtib olunmasını müvafiq praktik tapşırıqlar əsasında izah edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Naxçıvan Muxtar Respublikası 
Maliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.08.2022 19:20