AZ EN RU

Müdafiədən başlayan uğur

Fəthlərə davam edən şahmatçımız

    Azərbaycanda şahmatın inkişafına göstərilən diqqətin nəticəsidir ki, zəka sahiblərimiz bu idman növündə mütəmadi olaraq uğur qazanır, nailiyyətlər əldə edirlər. Təbii ki, bu, müasir dövrdə ölkəmizin təkcə güc idman növlərində yox, həmçinin bilikli, düşüncəli və ani qərarları düzgün qəbul edə bilən bacarıqlı idmançıların yetişdiyini də göstərir.

    Ölkənin bütün regionları kimi, Naxçıvan Muxtar Respublikasında da bu sahəyə xüsusi diqqətlə yanaşılır. Bu gün muxtar diyarımızın bütün şəhər və rayonlarında müasir şahmat mərkəzi və məktəbləri fəaliyyət göstərir. Müasir standartlara cavab verən məktəblər hər cür texniki vasitələrlə və yüksəkixtisaslı şahmat mütəxəssisləri ilə təmin edilib. Ümumtəhsil məktəblərində isə şahmat dərslərinin tədrisi yüksək sertifikatlara malik müəllimlər tərəfindən həyata keçirilir. Naxçıvan Şahmat Federasiyası isə istedadlı uşaqların üzə çıxarılması, onların sevdiyi idman növü ilə məşğul olmalarına stimul verməklə müstəsna rol oynayır. Gənc nəslin yetişməsi, uğurlar qazanması isə sevindiricidir. Bu gün Azərbaycanın dünyada tanınan şahmatçılarının yolunu kiçik zəka sahibləri layiqincə davam etdirirlər. Onlardan biri də ötən gün FIDE ustası adını qazanan, Naxçıvan şahmatının gənc nümayəndəsi Hüseyn Seyiddir.

Ordubad rayon şahmat 
məktəbinin uğurları

    39 ildir, fəaliyyət göstərən bu şahmat məktəbi ötən müddət ərzində bir çox istedadlı şahmatçılar yetişdirib. Uzun müddət şahmat məktəbinin köhnə binada fəaliyyət göstərməsi məktəbə gələn uşaq, yeniyetmə və gənclərin bu idman növünə olan marağını “öldürmüşdü”. Lakin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə şahmatın daha da inkişaf etdirilməsi üçün 2011-ci ildə Ordubad şəhərində üçmərtəbəli, müasirtipli şahmat məktəbi tikilib, istifadəyə verildi. Yaradılan şərait rayonda şahmatın inkişafına təkan verməklə yanaşı, həm də istedadlı gənc şahmatçıların yetişdirilməsi üçün ciddi addımların atılmasına zəmin yaratdı. Məhz bu amil nəticəsində son illər muxtar respublika şahmatçılarının ölkədaxili, həmçinin beynəlxalq turnirlərdə qazandıqları uğurlarda Ordubaddakı bu şahmat məktəbinin də payı çoxdur. Belə ki, Məhəmməd Tağı Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Hüseyn Seyid, Ordubad şəhər internat tam orta məktəbinin şagirdləri Zaur Babayev, Rəcəb Abdullabəyli, Kotam kənd tam orta məktəbinin şagirdi Uğur Həsənli, Nüsnüs kənd tam orta məktəbinin şagirdi Zərrin Məmmədli ölkə və beynəlxalq yarışlarda qazandıqları uğurlarla Ordubad rayonunda şahmatın sürətli inkişaf yolunda olduğunu əyani olaraq göstərirlər.

Qısa vaxtda başlayan...

Naxçıvan şahmatının ekssentrik, sakit və bir o qədər də maraqlı personası olan Hüseyn Seyid 6 yaşından şahmatla müntəzəm olaraq məşğul olmağa başlayıb. Şahmat məktəbinin məşqçi-müəllimləri Lamiyə Məmmədova, şahmat üzrə ustalığa namizəd Fətulla Həmdiyev, məşqçi-müəllim, FIDE ustası Sabir Hüseynov, beynəlxalq ustalar Talıb Babayev və Pərviz Qasımov, son illər isə beynəlxalq qrossmeyster Fərid Abbasovdan bu oyunun incəliklərini öyrənməyə başlayan Hüseynin uğurlu nəticələri özünü o qədər də çox gözlətmədi. İlk qələbələrini rayon şahmat məktəbində keçirilən turnirdə qazanan Hüseynin səsi artıq muxtar respublika və ölkə üzrə keçirilən yarışlardan gəlməyə başladı. Qəhrəmanımız dəfələrlə Naxçıvan Muxtar Respublikası üzrə keçirilən şahmat birinciliklərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2014 və 2015-ci illərin yanvar aylarında Şəmkirdə keçirilən şahmat üzrə Azərbaycan çempionatının zona birinciliyində Hüseyn Seyid uğurla çıxış edərək öz həmyaşıdları arasında üçüncü olaraq Bakı şəhərində keçirilən final yarışlarına vəsiqə əldə edib. 2015-ci ildə 8 yaşlı şahmatçılar arasında keçirilən final yarışlarını ikinci pillədə başa vuran şahmatçımız Xorvatiyada keçirilən Avropa çempionatında iştirak etmək hüququ qazanıb. 2016-cı ildə isə Hüseyn 10 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatının final yarışlarında bürünc medal qazanmağa müvəffəq olub. 

...və əldə edilən nailiyyət

Zəka sahibinin uğurlu çıxışı məşqçilərin də diqqətindən yayınmayıb. 2017-ci ildə Naxçıvan şəhərində keçirilən “Naxçıvan Open-2017” Beynəlxalq Şahmat Festivalında 12 yaşadək şahmatçılar arasında “C” qrupunda mübarizə aparan Hüseyn Seyid böyük nailiyyət əldə etməklə məşqçilərin ona göstərdiyi etimadı doğrultmuş olub. Belə ki, 156 şahmatçı arasında 9 görüşdən 6 qələbə və 3 heç-heçə ilə ayrılan Hüseyn qrupun qalibi adını qazanıb. Karyerasının ən böyük yarışında Azərbaycan Şahmat Federasiyasının kuboku və qiymətli hədiyyəsi ilə mükafatlandırılan şahmatçımız həmin ilin iyun ayında Naxçıvan Şahmat Mərkəzində yeniyetmə və gənc şahmatçılar arasında təsnifat yarışında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ardınca Bakı şəhərində keçirilən 10 yaşadək şahmatçılar arasında yarışda yalnız əmsal fərqinə görə o, dördüncü yerlə kifayətlənməli olub. 

Taktiki mübarizənin qalibi

Qeyri-adi oyun tərzini sevən Hüseyn Seyidin karyerasında maraqlı nüanslara rast gəlmək mümkündür. Məğlubiyyəti deyil, komandanın yükünü öz üzərinə çəkməyi sevən və qələbəyə oynamaq prinsipi ilə ağ-qara taxtada mübarizə aparan zəka sahibimiz bu prinsipini son olaraq Naxçıvanda keçirilən 16 yaşadək şahmatçılar arasında olimpiadada bir daha göstərmiş oldu. Hər zaman şahmat taxtası üzərində baxımlı oyun nümayiş etdirməyi sevən, rəqibə gərgin anlar yaşatmağı özünə hobbi seçən Hüseyn daha çox “Siciliya müdafiəsi” və “Karo-Kann müdafiəsi”nə üstünlük verir. Səbəbini isə özü belə izah edir: “Uğurla yekunlaşan hər bir oyunun başında uğurlu müdafiə durur”. Onun oyunları bəzən asimmetrik müharibəyə bənzəyir. Bu, rəqibin güc balansı imkanlarının olmamasından yox, şahmat taxtası üzərinə balansın pozulmasından, taktiki mübarizədə geridə qalmasından qaynaqlanır. 

Qarşılayın, – yeni FIDE ustamız

Müxtəlif kombinasiyalar, taktiki gedişlər, döyüşkənlik, mübarizlik Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirməsi Hüseyn Seyidə daha böyük uğurlar qazandırıb. 15 yaşlı şahmatçı 2018-ci ildə muxtar respublika spartakiadasının, Ağsuda keçirilən məktəblilər arasında Azərbaycan çempionatının qalibi olub. Həmçinin Avropa çempionatı və dünya kubokunda mübarizə aparıb, Türkiyənin Malatya şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb. 16 yaşadək şahmatçılar arasında Naxçıvan şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Naxçıvan komandasının tərkibində birinci taxtada 9 oyundan 7,5 xal toplayan zəka sahibimiz 210 şahmatçı arasında ən yaxşı nəticəni əldə edən iki  şahmatçıdan biri olub. Təbii ki, bu uğurlu çıxışlardan sonra əmsalını 2318-ə yüksəldən Hüseyn şahmat üzrə FIDE ustası normasını yerinə yetirmiş oldu. Ümumdünya Şahmat Federasiyası tərəfindən təsdiqlənən nəticəni isə Naxçıvan şahmat məktəbinin növbəti uğuru kimi qeyd edə bilərik.

Portret

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirməsi 15 yaşlı Hüseyn Seyid karyerası ərzində bir çox beynəlxalq turnirlərdə mübarizə aparan, Naxçıvan şahmat məktəbinin ənənələrini layiqincə təmsil edən zəka sahibimizin uğurları hələ qabaqdadır. İndi onun bir məqsədi var: qısa vaxt kəsiyində digər normaları yerinə yetirmək, qazanacağı uğurlarla məşqçilərini sevindirmək. Yaşının kiçik olmasına baxmayaraq, böyük təcrübəyə malik Hüseynin ən böyük dəstəkçisi isə qazandığı uğurlar zamanı üzünə təbəssüm qonan atasıdır...

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 08.12.2022 20:27