AZ EN RU

Mövsümi xəstəliklərdən necə qoruna bilərik

    Payız-qış mövsümündə hava tempraturunun dəyişməsi, bəzən şaxtalı, bəzən də aramsız yağan yağışlardan şikayət etsək də, əslində bu mövsümün özəllikləri və gözəllikləri az deyil. Gözəlliklər hamımızın qəlbini oxşayır. Mövsüm dəyişikliyi zamanı isə müəyyən xəstəliklərlə üzləşirik.

    Biz də insanlar arasında tez-tez yoluxan xəstəliklər, həmin xəstəliklərin müalicəsi barədə məlumat almaq üçün yolumuzu diyarımızın ən böyük səhiyyə müəssisəsi olan Naxçıvan Muxtar Respublika Xəstəxanasına saldıq, xəstəxananın Pulmonologiya bölməsinin müdiri vəzifəsində çalışan Dilarə Baxşəliyeva ilə həmsöhbət olduq. Həkim bildirdi ki, infeksion xəstəlikləri insan orqanizmində hər hansı bir patoloji törədici tərəfindən yaradılan xəstəliklərdir. Xarici mühitdə dəyişən hava temperaturuna adaptasiyamızın dəyişməsi orqanizmin immun sisteminə müəyyən qədər təsir göstərir. Bunun başlıca səbəblərindən biri də yaşam tərzi və düzgün qida rejimi ilə əlaqəlidir. Yay fəslində etdiyimiz idmanı qışda dayandırmaq bizi sağlam həyat tərzindən geri salır. Bu da xəstəliyə yoluxma ehtimalını artırır. Bu infeksiya ilə yoluxan xəstəlik ağır bir soyuqdəymə simptomu ilə ortaq əlamətlərə malik olur. Belə əlamətlərə tənəffüs sistemində iltihab, öskürək, və boğaz ağrısı daxildir. Digər simptomlar bizə onları fərqləndirməkdə kömək edir. Dilarə Baxşəliyevanın sözlərinə görə, soyuqdəymə zamanı rastlaşmadığımız simptomlar: yorğunluq, yüksək temperatur, oynaq ağrıları kimi narahatlıqlar özünü büruzə verir. Bu infeksiyalar əhali arasında adi xəstəlik kimi qəbul edilsə də, potensial olaraq kifayət qədər təhlükəli xəstəlikdir. Hər il ölkə ərazisində qripə yüzlərlə insan yoluxur. Hava-damcı yolu ilə ötürülən bu xəstəlik yoluxma hallarını tezləşdirir. Ona görə də xəstələrlə təmasdan olmaq mümkün qədər məhdudlaşdırılır. Bu vaxt onu da yadda saxlamaq lazımdır ki, oturduğumuz otağın havası tez-tez dəyişdirilməlidir. Ona görə ki, viruslar xaric olunaraq izolyasiya edilsin. Bu infeksiyanın yayılmasının qarşısını almaq üçün asqırma və öskürmə zamanı burun və ağız boşluğu tamamilə dəsmalla qapanmalıdır. Maskalardan istifadə olunmalı və 3 saatdan bir dəyişdirilməlidir. Belə zamanda sıx əhali olan yerlərdən mümkün qədər uzaq gəzmək əsas şərtdir. Əllərimiz çirkli olan zaman ağız, burun və göz nahiyələrinə toxunmaq olmaz. Sağlam həyat tərzi sürmək istəyiriksə, mütləq bu qaydalara riayət olunması lazımdır: təbii bitki vasitələrindən tez-tez istifadə etmək; müalicəvi dərman çaylarından hazırlanmış vasitələri qəbul etmək; yuxu saatlarını rejimə salmaqla təxmini olaraq 9-10 saat yatıb dincəlmək. Günün çox hissəsini təmiz hava qəbul etmək də vacib şərtdir. Tərkibində vitamin və minerallarla zəngin qidalardan olduqca çox istifadə etmək önəmlidir. Bu da bizi sağlam həyata daha da yaxınlaşdırır. Həkim onu da vurğuladı ki, bu müddət ərzində həkim icazəsi olmadan dərman vasitələrindən istifadə qəti qadağandır. Bu başqa xəstəliklərə gətirib çıxara bilər. Mütləq həkim rəyi olmalıdır ki, xəstənin müalicəsi düzgün aparılsın.
     Mövsüm ilə əlaqədar olaraq bu viruslara yoluxma halları uşaqlar arasında daha sıx müşahidə olunur. Həkim deyir ki, bu kimi hallarda öncə hansı virus infeksiyası əlamətinə uyğun olduğunu müəyyən etmək lazımdır. Uşaqlarda ilkin göstəricilər yüksək hərarət, öskürmə və qusma olur. İmmunitet balansının aşağı olması da bu cür xəstəliklərə yol açır. Buna görə uşaqların sağlam qidalanmasına və gigiyena qaydalarına xüsusi diqqət yetirmək vacibdir. Həkim nəzarəti olmadan antibiotik tərkibli dərman vasitələrindən istifadə etmək düzgün deyil. Bunun üçün zamanında həkim məsləhəti ilə düzgün qaydada peyvəndləmə aparılmalıdır ki, immunitetin zəifləməsinin qarşısı alınsın. Belə hallarda ev şəraitində uşaqlara meyvə, tərəvəz və çoxlu maye qəbul etdirilməlidir. Bu da hər bir valideynin öhdəliyinə düşür ki, uşaqda ilkin əlamətlər gördükdə həkim pediatrlara müraciət etsin. Muxtar respublikada bu sahədə əhaliyə göstərilən diqqət və qayğı bizim sağlamlığımızı qorumaq üçündür. İnsan öncə özü öz sağlamlığına diqqət yetirməlidir ki, gələcəkdə tutula biləcək xəstəliklərə qarşı mübarizə apara bilsin. 
    Biz də qış mövsümündə özlərini bu növ xəstəliklərdən qorumaq üçün həkim məsləhətlərini dinləməyi tövsiyə edirik.

Bülbül QULİYEVA

Nəşr edilib : 07.12.2022 18:39