AZ EN RU

“Molla Nəsrəddin” jurnalının yaranmasının 116-cı ildönümü qeyd olunmuşdur

20 aprel tarixdə Cəlil Məmmədquluzadənin Ev Muzeyində görkəmli yazıçı, ictimai xadim Cəlil Məmmədquluzadənin şah əsəri sayılan “Molla Nəsrəddin” jurnalının yaranmasının 116-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Aytən Ələkbərova açaraq bildirmişdir ki, bu gün “Molla Nəsrəddin” jurnalının yaranmasının 116-cı ildönümü tamam olur. Xalqın və ictimai fikrin yaddaşına “Molla Nəsrəddin” Cəlil Məmmədquluzadə ilə vəhdətdə həkk olunmuşdur. “Molla Nəsrəddin” jurnalı realist yazılı ədəbiyyatımızın milli-mənəvi sərvətidir. 1906-cı il 20-si apreldə “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” çağırışı ilə mübarizə meydanına qatılan jurnalın nəşri Azərbaycan ictimai fikir ədəbiyyatı və mətbuatı tarixində yeni dövrün  –  “Molla Nəsrəddin” dövrünün əsasını qoyur. Mübarizə amalını xalqın xoşbəxtliyi yoluna həsr edən jurnal ilk nömrəsindən başlamış son nömrəsinə qədər 25 il ərzində “vətən, millət, dil” ideasına xidmət göstərmişdir. Cəlil Məmmədquluzadənin dili ilə desək: “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”.

Tədbirdə Naxçıvan şəhər 1 №-li tam orta məktəbin direktoru Asudə Məmmədova “Mollanəsrəddinçilər”, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova “Molla Nəsrəddin” jurnalında ana dili məsələsi” mövzuları ilə çıxış etmişlər.

Bildirilmişdir ki, milli mətbuatımızın başçısı olmaq uğrunda jurnal çətin bir mübarizə yolu keçməli oldu. Onun səhifələrində Azərbaycan haqqında ən böyük milli-tarixi həqqiqətlər əks olunurdu. O, ana dili uğrunda mübarizənin başında dayandı, ana dilində yazmağın və danışmağın canlı klassik nümunəsinə çevrildi. Yenicə yaranan jurnal qısa zamanda Azərbaycan ziyalılarının böyük bir qismini ətrafına toplaya bilmişdir. Y.V.Çəmənzəminli, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Qəmküsar, Ö.F.Nemanzadə gizli imzalarla yazıb yaratmış, məşhur rəssamlardan O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə jurnalın şəkil və karikaturalarını çəkmişlər.

Tədbirin sonunda Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdlərinin ifasında Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu” hekayəsi əsasında hazırlanmış səhnəciyə və  “Molla Nəsrəddin 116” başlıqlı sərgiyə baxış olmuşdur. Sərgi haqqında muzeyin baş fond mühafizi-elmi işçisi K.Allahverdiyeva geniş məlumat vermişdir.    

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

     

Nəşr edilib : 20.04.2022 17:24