AZ EN RU

Miniatür Kitab Muzeyi və Naxçıvan Dövlət Rəsm Qalereyası yenidən qurulub

Həmin gün Ali Məclisin Sədri Heydər Əliyev Sarayında yerləşən Miniatür Kitab Muzeyinə və Naxçıvan Dövlət Rəsm Qalereyasına baxmışdır.

Bildirilmişdir ki, Miniatür Kitab Muzeyində 1025 miniatür kitab, foto və diplomlar nümayiş etdirilir. Muzeydə ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətlərini əks etdirən, o cümlədən müstəqil Azərbaycanın daxili və xarici siyasətində mühüm tarixi hadisələr haqqında kitablar yer alır.

Ali Məclisin Sədri miniatür kitabların çapı barədə tapşırıqlar vermişdir.

Ali Məclisin Sədri Naxçıvan Dövlət Rəsm Qalereyasındakı əsərlərə də baxmışdır.

Məlumat verilmişdir ki, qalereyada yerli və xarici rəssamların 59 rəsm əsəri sərgilənir. Ekspozisiya zalında natürmort, portret, peyzaj, qrafika, abstrakt və digər janrlarda çəkilmiş əsərlər  nümayiş olunur. Xalq rəssamlarından Mikayıl Abdullayevin, Maral Rəhmanzadənin, Hüseyn Əliyevin, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun və digərlərinin əsərləri Naxçıvan rəssamlıq məktəbinin zəngin ənənələrini əks etdirir. 

Ali Məclisin Sədri qalereyanın yeni əsərlərlə zənginləşdirilməsi barədə tapşırıqlar vermişdir.

  Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 27.05.2022 16:57