AZ EN RU

Milli Teatr Günü qeyd olunub

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə hər il martın 10-u  “Milli Teatr Günü” kimi qeyd edilir. 
    Milli teatrın yaranma tarixindən danışan nazir qeyd edib ki, çox qədim və zəngin yaradıcılıq nümunələrinə malik professional Azərbaycan teatr sənəti yarandığı gündən xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, təbliği, estetik zövqünün formalaşması, maarifləndirmənin sürətləndirilməsi kimi mühüm vəzifələrin öhdəsindən layiqincə gəlmiş, mütərəqqi ideyaların carçısı olmuşdur.

    Bildirilib ki, uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlanmışdır. Teatrlarımızın yeni inkişaf yoluna çıxmasında mədəniyyət və incəsənətin böyük hamisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. “Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır”, –  deyən ulu öndərin bu siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, son illərdə ölkə­də teatr sənətinin inkişafı ilə bağlı bir sıra əhəmiyyətli dövlət sənədləri qəbul olunmuşdur.
   Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, teatr binaları yenidən qurularaq istifadəyə verilmişdir. Qədim diyarımızda fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynayır.
    Müstəqillik illərində Naxçıvan teatrının tədqiqi ilə bağlı bir sıra uğurlu işlər də həyata keçirilmiş, monoqrafiya və kitablar nəşr olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” kitabı yüksək qiymətə layiqdir. Həmçinin muxtar respublikada teatr təhsili sahəsində də mühüm addımlar atılmış, Naxçıvan Dövlət Universitetində Aktyorluq sənəti ixtisası yaradılmışdır. Bunun nəticəsidir ki, hər il istər dövlət, istərsə də xalq teatrlarının heyətinə gənclər qatılır, yaratdıqları obrazlarla teatrsevərlərin qəlbinə yol tapırlar.
    Diqqətə çatdırılıb ki, muxtar respublikada teatr sənətinin inkişafında xidmətləri olan insanların əməyi də dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər.
    Cəmiyyətimizin, xalqımızın milli dəyərlər ruhunda, mənəvi kamillik işığında inkişafına xidmət edən teatr sənətimiz milli sərvətimizdir. Ötən illərdə olduğu kimi, bundan sonra da Naxçıvan teatrları milli dəyərləri qorumaq və təbliğ etmək, tariximizin şərəfli səhifələrini yaşatmaq missiyasını layiqincə yerinə yetirəcəkdir.
    Sonda nazir Naxçıvanda teatr sənətinin inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
    Tədbirin bədii hissəsində Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. İnsanın ölümü və bundan sonra baş verənlərin səhnə həllini tapdığı tamaşada hadisələr qeyri-real olanla real olanın müstəvisində təqdim edilir. Rejissor tamaşa boyu gərgin, psixoloji məqamlarda sevinc və məyusluq, yaşamaq, yoxsa ölmək sualının cavabını tamaşaçıların ixtiyarına buraxır.
    Gənc rejissor Həcərxanım Məmmədovanın quruluş verdiyi tamaşanın rəssamı Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədim­ovadır. Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Əməkdar artistlər Əbülfəz İmanov, Əli Əliyev, Vidadi Rəcəbli, aktyorlardan Zəminə Məmmədova, Nazlı Hüseynquliyeva, gənc aktyorlar Səyyad Məmmədov, Anar Eyvazov, Səkinə Məmmədova, Şölə Alışova və başqaları obrazların dili ilə qarşıya qoyulan əsas məqsədə nail olub, tamaşaçıya real dünya ilə əbədi dünyanın müqayisəsində həyat gerçəkliklərini çatdırıblar.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.03.2022 18:19