AZ EN RU

Milli pul nişanlarının tanıdılması ilə bağlı tədbir

    Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən Heydər Əliyev adına tam orta məktəbdə ibtidai sinif şagirdləri üçün “Bank Savadlılığı Layihəsi” çərçivəsində “Gəlin manatımızı tanıyaq!” adlı tədbir keçirilmişdir. 
    Tədbiri giriş sözü ilə İqtisadi təhlil və statistika şöbəsinin rəisi Qənbər Xudiyev açaraq tədbirin keçirilməsində əsas məqsədin müxtəlif maarifləndirici vasitələrlə şagirdlərin pul haqqında bilik və bacarıqlarının artırılması, həmçinin milli pul nişanlarının gündəlik həyatımızdakı yeri və pullardan düzgün istifadə qaydaları haqqında olduğunu demişdir.
    Tədbir zamanı şagirdlərə Mərkəzi Bankın “Bank Savadlılığı” Komandasının üzvü Nərgiz Allahverdiyeva tərəfindən pul haqqında ətraflı məlumat verilmiş, o cümlədən pulların tarixi, yaranma zərurəti, mübadilə vasitəsi kimi istifadəsi, ölkəmizdə istifadə olunan kağız və metal pul nişanları, dövriyyəyə buraxılmış yeni valyutalar, pul nişanlarının əsas elementləri və sair mövzular elektron slaydlarla tədris olunmuş və şagirdlərin mövzu ətrafında sualları dinlənilmiş, verilən suallar daha aktiv şagirdlər tərəfindən cavablandırılmışdır. 
 Sonra şagirdlər arasında milli valyutamızı daha yaxından tanımaq məqsədilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları tərəfindən yenilənmiş 1 manatlıq pul nişanımızın “puzzle” formasında hazırlanmış oyunu oynanılmışdır. Oyuna başlamazdan əvvəl Bank Savadlılığı Komandasının üzvü Ceyhun İbrahimov oyunun qaydaları haqqında şagirdlərə ətraflı məlumat verərək bildirmişdir ki, bu oyunu oynamaqla şagirdlər pul nişanımızın üzərində təsvir olunmuş müxtəlif elementlərlə daha yaxından tanış olacaqlar. Oyun “Zirvə”, “Yüksəliş”, “Birlik”, “Zəka” və “Hədəf” komandalarından ibarət olmaqla,  5 komanda arasında keçirilmişdir. “Zirvə” komandası digərləri ilə müqayisədə daha fəallıq göstərərək tapşırığı minimum vaxtda icra edərək qalib komanda seçilmişdir.
    Sonda oyunda iştirak edən hər bir şagirdə Mərkəzi Bank tərəfindən həvəsləndirici tədris vəsaitləri, qalib komandanın üzvlərinə isə müxtəlif hədiyyələr təqdim olunmuşdur. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 28.01.2022 20:15