AZ EN RU

Milli mədəniyyət tariximizi yaradanlar – Şuşa musiqiçiləri

    Azərbaycan torpağı əfsanəvi musiqi diyarıdır. Ana təbiətimizin özündə də bir gözəllik, ahəngdar bir musiqi vardır. Zərif və incəqəlbli olan Azərbaycan xalqı tarixdə musiqili, şeirli xalq kimi tanınır. Hələ XIX əsrin ortalarında rus tədqiqatçısı İ.Şopen azərbaycanlıların oxumaq və oynamaqda öz qonşularının müəllimi olduğunu qeyd etmişdir. Bitməz-tükənməz musiqimiz xalqımızın ürəyində döyünmüş, qanına hopmuş, iliyinə işləmişdir. Ana laylası qədər mənalı, şirin olan musiqimiz dağlar qədər uca, dərya qədər dərin, səma qədər sonsuz, tariximiz qədər uludur.

    Musiqi sənəti Azərbaycanın başqa yerlərinə nisbətən Qarabağ mahalında, xüsusilə daha çox Şuşa şəhərində inkişaf etmişdir. XIX əsrin ikinci yarısında Qarabağın musiqisinə valeh olan rus səyyahı P. Vostrikov yazırdı ki, heç bir yerdə musiqi bu diyarda olduğu kimi inkişaf edə bilməz, istər çöldə-çəməndə, istərsə də evlərdə həmişə məlahətli, şad və qəmli musiqi səslənir. Məşhur rus şairi Sergey Yesenin isə məktublarının birində şuşalıların gözəl səsə malik olmalarına işarə edərək yazırdı: “Əgər biri oxumağı bacarmırsa, deməli, şuşalı deyildir”. 

    XIX əsrin ikinci yarısında Şuşada 70-ə qədər sazəndə olmuşdur. O zaman Şuşa musiqi istedadlarının beşiyi idi. Şuşa musiqiçiləri Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, Vətəndən kənarda da təmsil etmişdilər. Şuşanın inzibati mərkəz olması, iqtisadi cəhətdən yaxşı inkişaf etməsi, füsunkar təbiəti və coğrafi mövqeyi buranın uzun müddət Azərbaycanın musiqi mədəniyyəti mərkəzi olmasına böyük təsir göstərmişdir. Azərbaycanda konservatoriya, musiqi yaradıcılığı ilə məşğul olan müəssisə yaradılana qədər Şuşa musiqi məclisləri Azərbaycan, eləcə də Zaqafqaziya üçün konservatoriya rolunu oynamışdır. Şuşa Qafqazın konservatoriyası, həm də vokal məktəbi kimi də bütün Yaxın və Orta Şərqdə məşhur idi. Aşqabad, Tehran, hətta İstanbul şəhərlərinin toy məclislərinə sazəndə dəstələrini çox vaxt Şuşadan dəvət edərdilər. Müxtəlif yerlərdən xanəndə və tarzənlər Şuşaya gəlib Qarabağ musiqiçiləri üçün çalıb-oxuyar, muğam mülkünün sultanları olan Hacı Hüsünün, Sadıqcanın, Mirzə Muxtarın necə qiymət verəcəyini səbirsizliklə gözləyərdilər...Xalq şairi Səməd Vurğun demişdir: “Şuşanı əbəs yerə musiqi və poeziyanın beşiyi adlandırmamışdılar. Demək olar ki, Azərbaycanın bütün məşhur oxuyanları və çalanları: Cabbar Qaryağdıoğlu, bəstəkar Üzeyir Hacıbəyov, Bülbül, məşhur tarçalan Qurban Pirimov və bir çox başqaları Şuşada doğulmuşlar”. Öz böyük sənətləri və zəngin səsləri ilə bütün Qafqazda və yaxın Şərqdə məşhur olan Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Keçəçi Məhəmməd, Malibəyli Həmid, Zabul Qasım, Segah İslam, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Rəşid Behbudov musiqi incəsənətimizin böyük bahadırlarıdır. Şuşa əzəldən Azərbaycanın musiqi beşiyi, iri mədəniyyət mərkəzlərindən biri sayılıb. Hələ XIX əsrin ikinci yarısında Bakı, Şamaxı kimi Şuşada da muğam məclisləri təşkil olunub. Bu məclislərin əks-sədası, nəinki böyük şəhərlərdə, əyalətlərdə, hətta kəndlərdə eşidilib, musiqisevərlər tərəfindən muğam məclisləri təşkil edilib. Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında, yeni-yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində Şuşanın qədim musiqi məktəbləri də mühüm rol oynayıb. Onlardan biri XIX əsrin məşhur musiqişünası, klassik Şərq musiqisinin mahir bilicisi, şair Qasım bəy Zakirin nəvəsi Xarrat Qulu tərəfindən yaradılıb. Xarrat Qulu məhərrəmlik təziyəsi zamanı təşkil etdiyi məclisə ən yaxşı səsi olan gəncləri cəlb edər, onlar isə növhəxanlıq, sinəzənlik və mərsiyəxanlıq öyrənməklə yanaşı, muğamatın da sirlərinə yiyələnirdilər. Onlara Şərq musiqisinin əsasları, muğamlar, Azərbaycan el havalarını düzgün oxumaq qaydaları öyrədilirdi. Xarrat Qulu dəsgahların şagirdlər tərəfindən düz oxunmasına, xüsusilə səsin büllur kimi saf çıxmasına xüsusi fikir verərmiş. Dinə xidmət məqsədilə yaradılmasına baxmayaraq, bu məclis Azərbaycanda vokal və çalğı musiqisinin inkişafında görkəmli rol oynamış, bir sıra sənətkarların yetişməsinə səbəb olmuşdur. Şuşanın ən görkəmli xanəndələri – Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Əbdülbaqi Zülalov, Qaraçı Əsəd, Şahsənəm oğlu Yusif, Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və məşhur tarzən Sadıqcan kimi bir çox ustad sənətkarların yetişməsində Xarrat Qulunun məktəbi böyük rol oynayıb. Xarrat Qulunun özünün də gözəl səsi olmuşdur. O, klassik Şərq musiqisini kamil bilirdi. Bu mahir musiqişünas din xadimi olduğu üçün məclislərdə çıxış etməzdi. XIX əsrin sonlarında Şuşada fəaliyyət göstərmiş bir başqa dini xarakterli musiqi məktəbi isə Kor Xəlifənin məktəbi (1883-1893) olub. Məktəb Qarabağ əhalisinin mədəni inkişafına böyük təsir göstərib, Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində mühüm əhəmiyyəti olub. Bu təhsil ocağı şəhərdə xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən Molla Əli Molla Kəlbəli oğlu tərəfindən açılıb. Burada Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində çalmaq da öyrədilib. Kor Xəlifənin məktəbi onillik fəaliyyəti ərzində yalnız Qarabağda deyil, qonşu vilayətlərdə və İranda da tanınıb. XIX yüzilliyin axırlarında, məşhur musiqi xadimi Xarrat Qulu dünyasını dəyişəndən sonra musiqişünas-alim Mir Möhsün Nəvvab Qarabaği Şuşada musiqi məclisi təşkil edib. Nəvvab “Məclisi fəramuşan” və “ Musiqiçilər” məclisinin banisidir. Bəzən “Xanəndələr məclisi” adlanan bu məclis uzun illər həm də musiqi məktəbi rolunu oynayıb. Yaradılmasında əsas məqsəd isə yeni xanəndələr nəsli yetişdirmək, bu sənəti xalq arasında geniş yaymaq və klassik Azərbaycan muğamlarını daha da inkişaf etdirmək olub. Maraqlı budur ki, məclislərdə muğamları oxumağı öyrənən xanəndələr hər hansı bir muğamı daha kamil öyrənir, başqa sözlə desək, ixtisaslaşmağa çalışırdı. Bu məclisin yaranmasında Nəvvaba kömək edən, ən məşhur xanəndələr Hacı Hüsü, Məşədi İsi və Cabbar Qaryağdıoğlu bir çox muğamları təkmilləşdirmiş, yeni-yeni guşələr, hissələr və rənglər əlavə etmişdir. Nəvvabın musiqi məclisində təkcə xanəndələr deyil, həm də aşıqlar iştirak edirdi. Xüsusilə qış aylarında dastan gecələri keçirilərdi. O zaman Şuşanın Gülablı kəndindən olan aşıq Nəcəfqulu, Məhəmməd və aşıq Valehin nəvəsi aşıq Abbasqulu hərəsi bir dastan söyləyərdi. Yaz, payız axşamları Cıdır düzünün ətrafında olan məşhur “Ağzı-yastı kaha”ya toplaşardılar, buraya “Məclisi-fəramuşan” adlı ədəbi məclisin üzvləri də dəvət olunardı. Məclisdə ədəbiyyata, rəssamlığa və musiqi sənətinə dair maraqlı söhbətlər gedər, şeir oxunar və sonda isə, adətən, Hacı Hüsü, Məşədi İsi və Dəli İsmayıl oxuyardı. Bir yandan Cıdır düzünün gözəl mənzərəsi, Daşaltı çayının coşqun şırıltısı, Xəzinə qayasının əzəmətli vüqarı, bir yandan da “Topxana” bülbüllərinin cəh-cəh vurması məclis üzvlərini riqqətə gətirirdi... Nəvvabın musiqi məclisinin sonbeşiyi Seyid Şuşinski iki il burada dərs alıb, muğamların texnikasını mənimsəmişdi.
    Nəvvabın həyat təcrübəsi, bilik, istedad və zəhmətinin bəhrəsi olan “Vüzühül-ərqam” musiqi risaləsi xalqımızın musiqi tarixinə əvəzsiz töhfədir.
    XIX əsrin sonlarında Şuşada Molla İbrahimin məktəbi məşhur olub. Molla İbrahimin yaratdığı bu musiqi məktəbində Qarabağın bir sıra musiqi xadimləri, xanəndələri, eləcə də Bülbül, Mehralı oğlu Bahadır və digər sənətkarlar musiqi təhsili alıblar. Molla İbrahimin məktəbi, təxminən, 1920-ci illərədək fəaliyyət göstərib.
    Musiqi məclislərində, el şənliklərində xanəndələr klassik muğamları oxuyarkən, əsasən, klassik şeirə müraciət edirdilər. Eyni zamanda özləri də şeir yazıb, musiqi bəstələyirdilər. Cabbar Qaryağdıoğlu 300-ə qədər təsnif və mahnının həm şairi, həm də bəstəkarıdır. Şuşa musiqi məclislərinin yığıncaqlarında məşhur ədiblərimiz, eyni zamanda yay ayları Şuşaya istirahətə gələn ədib və jurnalist Mirzə Cəlil də iştirak edərdi. Yeri gəlmişkən qeyd etməliyik ki, Mirzə Cəlil Şərq musiqisinə dərindən bələd olmaqla yanaşı, yaxşı ney və tütək çalırdı, axır vaxtlar isə kamança çalmağı da öyrənmişdi. Həmidə xanım xatirələrində yazırdı ki, bir gün Qarabağın Kəhrizli kəndində olan bir toyda camaatın xahişi ilə Mirzə Cəlil tütəkdə “Segah” çalmış, qardaşı Mirzə Ələkbər isə oxumuşdur.
    Azərbaycan musiqisinin inkişafında xalqımızın ən gözəl adətlərindən biri olan toy məclislərinin rolu böyükdür. Azərbaycan toylarına sazəndələr dəstəsini dəvət edərdilər. Toy məclislərində xanəndələrin repertuarı daha geniş olardı. Bu isə təsadüfi deyildir, çünki Bülbülün qeyd etdiyi kimi, o zamanın mədəniyyət evləri toylar idi. Toyxana gündüzlər qadınlara, gecələr isə kişilərə verilərdi. Qadın məclislərində çox vaxt sazəndə dəstəsi kişilərdən olardı. Seyidli məhəlləsində yaşayan qadın xanəndələrdən Fatmanisə daha məşhur idi. O dövrdə Şuşada gözəl səsi olan qadınlar da çox idi. Ancaq onlar, adətən, yas yerlərində ağıçı olaraq fəaliyyət göstərirdilər. Bunların arasında ağıçı Mələk daha məşhur idi. Mələyin olduqca incə və yanıqlı səsi var idi. Bundan başqa, yaşlı insanların söylədiyinə görə, Xan qızı Xurşidbanu Natəvan sevimli oğlu, 19 yaşlı Mir Abbası itirdikdən sonra məhərrəmlik və yas mərasimlərində qəmli ağlamağı ilə hamıdan seçilərdi. Qeyd etməliyik ki, ağı deyən qadınlar muğam üstündə ağlayırdılar. Segah oxumaqda məşhur olan görkəmli müğənnimiz İslam Abdullayev “Qarabağ şikəstəsi”ndə və “Yetim segah”da vurduğu bəzi guşələrin ağıçı qadınların oxumalarından götürdüyünü söyləyərdi. Azərbaycan mədəniyyəti tarixində ilk musiqili səhnəciklər məhz Şuşa şəhərində olmuşdur. Belə ki, 1897-ci ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin rejissorluğu altında Füzulinin “Leyli və Məcnun” poemasından “Məcnun Leylinin qəbri üstündə”, 1902-ci ildə isə Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında “Fərhad və Şirin” adlı musiqili səhnəcikləri göstərildi. Azərbaycanın ilk “Şərq konsertləri” 1901-ci ildə Şuşada təşkil edilmişdir. Azərbaycanda milli operanın yaranmasında musiqili səhnəciklərin və “Şərq konsertləri”nin böyük rolu vardır. Bu faktı dahi bəstəkarımız Ü.Hacıbəyli özü də təsdiq etmişdir. Xatırladaq ki, Məcnun və Fərhad rolunu Cabbar Qaryağdıoğlu oynamışdır. Məcnun rolu ilə o həm də operamızın ilk aktyoru oldu. Şərq tarixində ilk dəfə səsini qrammofon valına yazdıran, 70 il vokal dünyasında möcüzələr yaradan da C.Qaryağdıoğlu olmuşdur. 
    Ölkəmizin cənnət guşəsi olan Şuşadan köçən musiqiçilər doğma şəhərlərini o qədər sevirdilər ki, Şuşadan ayrı yaşayan övladlarına da bu şəhəri sevdirirdilər. Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanım müsahibəsində deyib ki, atam məni İsa bulağında suya salıb evə gətirəndə deyib ki, bu uşaq oldu şuşalı. Bu atamın Şuşaya olan sevgisindən irəli gəlirdi.
    İllərdir, həsrət qaldığımız, 44 günlük Vətən müharibəsi nəticəsində vüsalına qovuşduğumuz, daşı, torpağı, dumanı-çəni ilə başdan-başa Azərbaycan mədəniyyətinin simvolu olan qədim Şuşada bu gün milli mədəniyyətimiz, milli dəyərlərimiz dünyaya təbliğ edilir. Şuşada keçirilən silsilə mədəniyyət tədbirləri, “Xarıbülbül” festivalları bütün dünyanın mədəni mühitini buraya toplamaqla milli mədəniyyətimiz qarşısında dünyanı ehtizaza gətirir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Sərəncamına əsasən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, ölkə başçımızın 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan olunması milli mədəniyyətimizin, incəsənətimizin və tariximizin inkişafına misilsiz töhfələr verməkdədir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının qərarına əsasən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Fəxrlə deyə bilərik ki, əgər əvvəllər Şuşa musiqiçiləri təkcə Zaqafqaziyada, Şərqdə məşhur idilərsə, bundan sonra doğma Qarabağımızın bu dilbər guşəsinə bütün dünya ölkələrindən gəlib, milli mədəniyyətimizin və milli dəyərlərimizin böyüklüyünə bir daha şahidlik edəcəklər.

Nərminə QƏDİMOVA
Naxçıvan Dövlət Universitetinin əməkdaşı, Naxçıvan Muxtar Respublikasının 
Əməkdar müəllimi

Nəşr edilib : 26.10.2022 17:53