AZ EN RU

Milli həmrəylik və dini-mənəvi birliyin təcəssüm etdiyi müqəddəs Ramazan ayı

    Görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə milli və mənəvi dəyərlərimizin qorunmasına, gələcək nəsillərə ötürülməsinə ciddi önəm verir, bu dəyərlərə ehtiramla yanaşmağı hər bir azərbaycanlının vətəndaşlıq borcu hesab edirdi. Güclü qadağaların mövcud olduğu sovet dönəmində belə, ulu öndər bu istiqamətdə ölçüyəgəlməz işlər görüb. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli liderimizin xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi-memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi dahi rəhbərin İslami dəyərlərə ehtiramını göstərən parlaq misallardır. Artıq multikultural bir ölkə kimi tanınan Azərbaycanda hər bir dindara dini ayinləri icra etməyə hərtərəfli şərait yaradılıb. Onların müqəddəs dini ocaqları ziyarət etmələri diqqət mərkəzində saxlanılır, bu işin dövlət səviyyəsində təşkilinə ciddi önəm verilir.

    2020-ci ilin tariximizə yazdığı yeni səhifələr içərisində işğaldan azad edilmiş torpaqlarımızda mövcud olan ibadət yerlərinin vəhşicəsinə dağıdılmasını, belə müqəddəs yerlərdən digər məqsədlər üçün istifadə edilməsini artıq bütün dünya bilir. Ulu öndər Heydər Əliyevin hər bir sahədə müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin bu ünvanlarda olması, həmin obyektlərin yenidən qurularaq dindarların ixtiyarına verilməsi ilə bağlı tapşırıqları hər birimizi ürəkdən sevindirir. Artıq həmin ünvanlarda azan səsləri eşidilir. Bu, ölkəmizdə həm dini dəyərlərimizə, həm də hər bir müsəlmana göstərilən ən böyük qayğıdır.
    Ümummilli liderimizin müəyyənləşdirdiyi bu xətt bu gün muxtar respublikamızda da uğurla davam etdirilir. İbadətçilər üçün yeni məscidlər tikilir, mövcud belə ünvanlar müasir standartlar əsasında təmir edilir, müqəddəs yerlərə ziyarətlər təşkil edilir. Müstəqillik illərində muxtar respublikamızda 169 məscid tikilib və ya yenidən qurularaq dindarların ixtiyarına verilib. Nuh Peyğəmbərin türbəsi, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi və 3 imamzadə bərpa edilib. Bu gün muxtar respublika dindarları 214 məsciddən istifadə edir. 2018-ci ildə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi də bu və digər belə amillərlə bağlıdır.
    2022-ci il mart ayının 29-da Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran məsələlər barədə keçirilən müşavirə də qədim diyarımızda dini-mənəvi dəyərlərə böyük diqqət və ehtiram göstərilməsinin ifadəsidir. Müşavirədə Ali Məclisin Sədri deyib: “Bu gün Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətləri dəyərlərimizə və qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, mənəvi dəyərlərin qorunub yaşadılması istiqamətində sistemli tədbirlər görülür. Müstəqillik illərində muxtar respublikada Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura, Mənəvi Dəyərlər Fondu, hər rayonda Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyalar və dini icmalar yaradılmışdır. Həmçinin dini təhsil sistemi təkmilləşdirilmiş, “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası açılmış, eyni zamanda dindar­lar üçün kurslar təşkil olunmuşdur. Muxtar respublikada dini-tarixi abidələr də bərpa edilmiş, yeni məscidlər tikilmiş, din xadimlərinin sosial təminatı sahəsində müvafiq tədbirlər görülmüşdür. Bütün bunlar sağlam dini ideologiyanın formalaşmasına öz təsirini göstərmiş, dini təhlükəsizlik təmin olunmuşdur”.
    Qeyd edək ki, digər dini ayinlər kimi Ramazan ayının da İslami qaydalara uyğun şəkildə keçirilməsi təmin olunub. Adıçəkilən müşavirədə də vurğulandığı kimi, hətta pandemiya dövründə belə, dini mərasimlərin icrası müəyyən məhdudiyyətlər nəzərə alınmaqla yerinə yetirilmiş, Ramazan bayramının da ayinləri muxtar respublikada fəaliyyət göstərən məscidlərdə ənənəvi İslam qaydalarına uyğun şəkildə icra olunmuşdur. Bu ayda iftar süfrələrinin açılması, dindarların bir araya gətirilməsi, şəhid və qazi ailələrinə, ahıl, xəstə və kimsəsizlərə, aztəminatlı ailələrə, əcnəbi vətəndaşlara və xüsusilə də xarici ölkələrdən gələrək muxtar respublikamızda ali təhsil alan tələbələrə Ramazan sovqatlarının verilməsi müqəddəs ayinlərimizin təbliğində mühüm rol oynayır.  
    Müqəddəs Ramazan ayını müsəlmanlar “on bir ayın sultanı” da adlandırırlar. Həmin ay müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. İslam dininə görə oruc tutanlar Allahın sevgisini qazanmış olurlar. Ramazan ayı Allahı dərk etmək, ruhən təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayıdır. Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.
    Oruc Həzrəti Adəmdən (ə) bəri bütün peyğəmbərlərə və onların ümmətlərinə vacib buyurulmuş qədim ibadətdir. Məsələn, Həzrəti Nuh (ə) bayram günləri istisna olmaqla bütün ilboyu, Həzrəti Davud (ə) isə günaşırı oruc tutarmış. Bu barədə “Qurani-Kərim”də: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (“əl-Bəqərə”, 183) –  deyə bildirilir.
    Həzrəti Peyğəmbər (s.a.v) belə buyurmuşdur: “Ramazan ayı gələndə cənnətin qapıları açılır”. Bu ibadət müsəlmanlara Uca Yaradan tərəfindən hicrətin ikinci ilində – şaban ayının on üçündə bəxş edilmişdir.  
    Ramazan ayı müsəlmanlar üçün çox müqəddəs və mübarək aydır. Çünki müqəddəs “Qurani-Kərim” bu ayda nazil olmağa başlamış, Həzrəti Məhəmmədə (s.a.v) Peyğəmbərlik bəxş edilməklə İslam dini meydana gəlmişdir. İnsanları pis əməllərdən çəkindirən və axirətdə cəhənnəm əzabından qoruyan oruc ibadətinin bu ayda vacib buyurulması “Qurani-Kərim”də də əksini tapmışdır: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar...” (əl-Bəqərə, 185)
    Orucluq, eləcə də insana nemətlərin qiymətini öyrədir. Oructutmada bir müddət dünya nemətlərindən uzaq olan şəxs yenidən onları əldə etdikdə sevinir, həm də Allaha şükür etməyi öyrənir. Bu ayin həm də insanı sağlamlaşdırır. Çünki on bir ay ərzində çalışan insanın orqanizmi orucluq vaxtı dincəldikdən sonra funksiyasını daha rahat yerinə yetirir. 
    Müasir tibb elmində də orucun faydaları barədə xeyli məlumatlar var. Fransız alimi, Nobel mükafatı qazanmış Aleksi Karel məsələ ilə bağlı fikrini belə bildirmişdir: “Orucluq müddətində orqanizmdə yığılmış qida maddələri işlənir, sonra isə onların yerinə yeniləri gəlir və vücudda təzələnmə baş verir. Bu və digər baxımdan oruc sağlamlıq üçün faydalıdır”. 
    Bu məsələ ilə bağlı Rəsulullah (s.a.v) da hədislərində buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız”. 
    Həddi-büluğa çatmış, ağlı yerində olan hər müsəlmana oruc vacibdir. Üzrsüz səbəbdən oruc tutmamaq günahdır və cəzası (kəffarəsi) vardır.  Kəffarə bir gün bilərəkdən tutulmamış oruca görə iki ay ardıcıl oruc tutmaq və ya altmış yoxsulu doyuzdurmaqdır. Oruc tuta bilməyən əldən düşmüş və yaşlı şəxslər isə Ramazanın hər günü üçün fidyə verirlər. Fidyənin miqdarı fitrə  qədərdir.
    Onu da qeyd edək ki, Ramazan ayı bəzən 29, bəzən də 30 gün olur. Ay 29 gün davam edəndə də orucluq tam hesab edilir. Ən əsası həmin ayı bütünlüklə oruclu keçirməkdir. Necə ki Rəsulullah (s.a.v) doqquz Ramazan orucu tutmuş, onların dördü 29, beşi isə 30 gün davam etmişdir. 
    Oruc tutmağın məqsədi dini mükəlləfiyyəti icra etməklə Allahın əmr­lərindən birini yerinə yetirməkdir. Bununla yanaşı, orucun əxlaqi və ictimai baxımdan da müəyyən fayda və hikmətləri vardır. 653-cü ildə İslam dininin könüllü qəbul edildiyi Təktanrıçılığın mərkəzlərindən biri olan qədim diyarımız Naxçıvanda sağlam dini etiqad və zəngin mənəvi dəyərlər sisteminin formalaşdırılması bu günün reallığıdır. On beşinci əsrdə tərtib olunmuş “Dünyanın İslam tarixi xəritəsi”ndə də Naxçıvan İslamın ən güclü dayaqlarından olan biri kimi göstərilib. Bunu həm də bugünkü dövlətçiliyimizə dayaq kimi görürük. Adıçəkilən müşavirədə Ali Məclis Sədrinin dediyi kimi: “Mənəvi dəyərlər güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə formalaşır... o cəmiyyət sağlamdır ki, orada mənəvi dəyərlərə sahiblik vardır”.     
    Müşavirədə muxtar respublika rəhbər­i­nin dini-mənəvi dəyərlərimizin yaşadılması və təbliği istiqamətində verdiyi mühüm tövsiyə və tapşırıqlar sırasında Ramazan və Məhərrəmlik aylarının fəzilətlərinə və dəyərlərimizə uyğun keçirilməsi məsələsi də yer almışdır ki, bu da muxtar respublikamızda İslami dəyərlərə, milli-mənəvi irsimizə dövlət səviyyəsində yüksək ehtiramın təcəssümüdür.
    Ramazan mərasimi dini-mənəvi dəyərlərimiz içərisində xüsusi yerə malikdir. Və bu gün hər bir naxçıvanlıda bu dəyərlərə güclü sahiblik hissi var.

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 01.04.2022 18:44