AZ EN RU

“Milli dəyərlərimiz folklorumuzda” səhnəciklərin nümayişi müsabiqəsinin birinci mərhələsi keçirilib

Aprelin 11-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Nazirliyin tabeliyindəki Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən təşkil edilən “Milli dəyərlərimiz folklorumuzda” səhnəciklərin nümayişi müsabiqəsinin birinci mərhələsi keçirilib. Muxtar respublikanın rayon (şəhər) mədəniyyət şöbələrinin tabeliyindəki klub müəssisələrində fəaliyyət göstərən müvafiq folklor qrup və ya kollektivlərinin iştirakı ilə keçirilən müsabiqənin birinci mərhələsində Naxçıvan Şəhər və Culfa Rayon Mədəniyyət şöbələrinin tabeliyindəki klub müəssisələrinin folklor kollektivləri səhnəciklər nümayiş etdiriblər. Belə ki, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyindəki Qaraçuq Kənd mədəniyyət Evinin “Gülümhey” folklor qrupu “Halay” və “Fincan-fincan” oyununu, Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki Kırna Kənd Mədəniyyət Evinin “Güləbətin” folklor kollektivi isə “İlmələrə toxuyuram sirlərimi” və “Gəlin-qayınana”səhnəciklərini nümayiş etdiriblər.

Yalnız xalq yaradıcılığı nümunələrindən ibarət səhnəciklərin nümayiş etdiriləcəyi müsabiqədə folklor kollektivlərin səhnəcik təqdimatı münsiflər heyəti tərəfindən müvafiq meyarlar əsasında on ballıq sistem üzrə qiymətləndirilib.

Məlumat üçün bildirək ki, “Milli dəyərlərimiz folklorumuzda” səhnəciklərin nümayişi müsabiqəsinin növbəti mərhələsi isə aprelin 14-də keçiriləcək. Sonuncu mərhələdə Şərur, Babək, Ordubad və Şahbuz Rayon Mədəniyyət şöbələrinin tabeliyindəki klub müəssisələrinin folklor kollektivlərinin təqdimatı olacaqdır. Bu mərhələdən sonra kollektivlərin topladıqları ballar əsasında yerlər müəyyənləşdiriləcək və qalib kollektivlər elan ediləcək. Qeyd edək ki, müsabiqədə hər biri bir yer olmaqla, I, II və III yerlər və bir fərqlənən kollektiv müəyyənləşdirilib. Müsabiqədə yer tutan folklor qrup və ya kollektivləriI, II və III dərəcəli diplomlarla, fərqlənən bir qrup və ya kollektiv isə fəxri fərmanla təltif ediləcəkdir.

Müsabiqənin yekun tədbirində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılacaq qalib folklor qrup və ya kollektivlərinin təqdim etdiyi səhnəciklər Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sosial şəbəkə hesablarında nümayiş olunacaqdır.  

“Milli dəyərlərimiz folklorumuzda” səhnəciklərin nümayişi müsabiqəsinin keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasının müxtəlif yaşayış məntəqələrində fəaliyyət göstərən folklor qrup və kollektivlərinin fəaliyyətinin artırılması, bölgələr üzrə xalq yaradıcılığı nümunələrinin aşkara çıxarılması və təbliğindən ibarətdir. Bu məqsədləbaxış-müsabiqələrin keçirilməsi həm də qədim Oğuz yurdu Naxçıvanın özünəməxsus folklor nümunələrinin müasir günümüzdə təbliğinə və yaşadılmasına töhfə olacaqdır.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.04.2022 19:15