AZ EN RU

Meyvəsi, toxumu, yarpağı ilə cana məlhəm Şərur şaftalısı

    Muxtar diyarımızın bütün bölgələrinə nəzər salsaq, görərik ki, yurdumuzda kənd təsərrüfatının bir çox sahələri ilə yanaşı, meyvəçiliyə də böyük maraq göstərilir. Uzun illər ərzində qazanılmış təcrübə, burada nadir meyvə sortlarının yetişdirilməsi, həmin sortların müxtəlif beynəlxalq sərgilərə çıxarılaraq yüksək qiymətləndirilməsi reallıqdır və bu gün də meyvəçilik Naxçıvanda inkişafına böyük önəm verilən sahələrdən biridir. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na əsasən muxtar respublikada əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinin də əsas məqsəd kimi nəzərdə tutulması məhz bu amillərlə bağlıdır. 
    Muxtar respublikanın ən böyük rayonlarından biri olan Şərurda da meyvəçilik əhalinin əsas məşğuliyyət sahələrindən biridir. Rayonda meyvə bağı sahələrinin ilbəil genişləndirilməsi həm də ailə təsərrüfatlarının çoxalmasına stimul olub. 

    İlin bu dövrlərində rayon ərazisindəki magistral yollardan keçsəniz, yol boyunca xoş ətri, gözoxşayan rəngi ilə seçilən şaftalı, biz naxçıvanlıların, təbirincə desək, hülü bağlarını da görəcəksiniz. Ümumilikdə, rayonun bir çox yaşayış məntəqələrində – Zeyvə, Siyaqut, Aşağı və Yuxarı Daşarx və digər kəndlərində bu sahənin inkişafına geniş yer verilir.
    Yaşılın narıncı ilə qovuşub harmoniya təşkil etdiyi, ecazkar, gözqamaşdıran bu bağları görüb yan ötmək olmur. Ömrünün 22 ilini torpağa həsr etmiş Firudin İsmayılovun Oğuz kəndində 2 hektar sahəsi olan bağında bir çox ağac növlərinə  –  göycə, alma, armud, heyva ağaclarına rast gəlmək mümkündür. O deyir ki, ailə təsərrüfatını uzun illərdir, oğlu ilə birgə idarə edir. İlin bu zamanında, sözsüz ki, ən çox becərilən meyvə isə şaftalıdır. Bu bağ, bağdakı dadlı, ləzzətli meyvələr asanlıqla ərsəyə gəlməyib. Mart-aprel aylarından etibarən meyvə tinglərinə xüsusi diqqət göstərir, həşəratlara, xəstəliklərə qarşı dərmanlar vurur, beləcə, əvvəlcədən ağacların şirələnməsinin qarşısını almaq üçün profilaktik tədbirlər görürük. Onları mütləq vaxtlı-vaxtında budamaq, otlardan təmizləmək lazımdır. Bağı ay ərzində ən azı 3-4 dəfə suvarmaq qurumanın qarşısını almaqda əsas işlər sırasındadır.
    Firudin dayı ağaclara qulluğun əhəmiyyətindən bəhs edərək deyir: – Ağaclarımızın qidalanmasında mütləq şəkildə üzvi gübrələrdən istifadə edirik. Mineral gübrələrin verilməsi isə məqsədəuyğun sayılmır. Çünki iqlim şəraitindən və digər səbəblərdən asılı olaraq mineral gübrə ilə qidalandırılmış meyvə-tərəvəz insan sağlamlığı üçün zərərli ola bilər. Bu səbəbdən alıcılar meyvə alarkən mütləq diqqətli olmalıdırlar. Keyfiyyətli meyvənin dadı və iyi özünə müvafiq olmalıdır, yəni ətri xoş, dadı isə zövqoxşayan olduqda deyə bilərik ki, bu meyvə düzgün aqrotexniki qaydalarla yetişdirilib. 
    İşinə könüldən bağlanan bağbanın sözlərinə görə, şaftalı sortları içərisində ilk hasil olan sarı-qırmızı rəngli calaq sortunun satışına iyun ayından başlanılır. Digər şaftalı sortlarının yetişməsi isə yayın sonu, payızın əvvəlinə qədər davam edir. Ən sonuncu yetişən sort uzunsov, armudu formada olan payız şaftalısıdır. Bu sortun içərisində ən çox tələbat zəfəran sortunadır. Bu sortdan kompot, marmelad, cem və mürəbbələrin hazırlanmasında geniş istifadə olunur. Bununla yanaşı, bağımızda ağ şaftalı və nazlı sortu da becərilməkdədir. Nazlı sortundan ən çox Ordubad rayonunda hazırlanan alana üçün istifadə edilir. Müsahibim onu da qeyd edir ki, yetişdirilən bu məhsulların bazara çıxarılmasında hər hansı problemlə üzləşmirlər, istər bazarlarda, istərsə də bağa gəlib məhsul əldə edənlər çoxdur. 
    Firudin dayının söhbətindən onu da öyrəndik ki, muxtar respublikamızda kənd təsərrüfatının inkişafının daim diqqətdə saxlanılması, dövlətimiz tərəfindən ailə təsərrüfatçılarına güzəştli kreditlərin verilməsi ömrünü torpağa, halal zəhmətə bağlamış insanların yaxşı qazanc əldə etməsinə hesablanılıb. Bunun nəticəsində də min bir dərdə dava olan meyvələrin yetişdiyi bərəkətli torpaqlarımızda ildən-ilə məhsuldarlıq artır. 
    Mütəxəssislərin fikrincə, vitamin, minerallar, orqanik turşular, efir yağları ilə zəngin şaftalının insan orqanizminə faydası böyükdür. Zəngin kimyəvi tərkibə malik olan bu dadlı meyvə ürəyin fəaliyyətini yaxşılaşdırır, qidalı liflərlə bağırsaqların fəaliyyətini stimullaşdırır, qocalmanı ləngidir, eyni zamanda oynaq və sümüklərin sağlamlığını qoruyur. Şaftalı sinir sistemi üçün də çox faydalıdır – sakitləşdirir, stresi azaldır, əhvali-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır. Şaftalının yalnız meyvəsindən deyil, toxum və yarpağından da geniş istifadə olunur. Şaftalı yarpaqlarından alınmış şirə revmatizm, qastrit, baş ağrıları, həmçinin qurdqovucu kimi gündə 3-6 milliqram qəbul edilir. Şaftalı toxumları yüksək qurdqovucu xüsusiyyətə malikdir. Toxumundan hazırlanan həlim qızılca və diatez zamanı su ilə isladılır, tam ovxalanaraq uşaqların bədənində, üzündə olan səpgilərə sürtülür. 
     …Söhbətimin əvvəlində də dediyim kimi, bu gün Naxçıvan-Sədərək magistralının Şərur rayonu ərazisindən keçən hissəsində tez-tez gözədəyən çardaqların yanından ötən sərnişinlər mütləq bu ünvanlarda dayanır, satılan müxtəlif kənd təsərrüfatı məhsulları alır. Bu məhsullar içərisində şaftalının da öz yeri var. Çünki Şərur şaftalısı dad-tamı ilə seçilir. Rayonun şaftalı bağlarındakı bolluğu elə buradan da təsəvvür etmək olar.

 Aysel YUSİFZADƏ

Nəşr edilib : 20.09.2022 20:06