AZ EN RU

Məktəblilərin tibbi müayinələri aparılıb

    Muxtar respublika ərazisində IX-XI sinif şagirdlərinin profilaktik flüoroqrafik müayinələri  davam edir. Bu tədbirin Kəngərli rayonunda da  mütəşəkkil keçirilməsi üçün kənd məktəblərində müayinələrə cəlb olunacaq uşaqların  siyahıları tərtib olunub. Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən aparılan növbəti profilaktik flüoroqrafik müayinələr rayonun Xok kənd məktəbini əhatə edib. 
    Müayinələr may ayının sonunacan davam edəcək. 

***

    Naxçıvan Muxtar Respublika Xəstəxanasının 20 həkim  və texniki işçidən ibarət heyəti Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində humanitar tibbi aksiya keçirib. Ambulator müayinələr zamanı İnternat tam orta məktəbinin yataqxanasında yaşayan şagirdlər müxtəlif tibbi müayinələrdən keçiblər. Xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. Bir şagirdin cərrahi müdaxiləyə ehtiyacı olduğundan Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib. Aksiya çərçivəsində alınmış ərzaq məhsulları məktəbin yeməkxanasına, ilkin tibbi yardım üçün ləvazimat, dərman və sarğı materialları isə tibb məntəqəsinə təhvil verilib. Məktəb yataqxanasında yaşayan 43 şagird gündəlik istehlak məhsulları və geyim dəstləri ilə təmin edilib. 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.04.2022 20:08