AZ EN RU

Məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət növbəti sərgi-satışa start verilib

    Dünən Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil olunub.
     Sərgi-satışın açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov çıxış edərək  bildirib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada digər sahələr kimi, istedadlı qadınların, xüsusilə də fiziki imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması da diqqətdə saxlanılır, onların fəaliyyəti üçün hər cür şərait yaradılır. Bu, qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır.

    Qeyd olunub ki, istedadları və fəaliyyətləri ilə seçilən qadınların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onlar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinə, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına və mükafatlarına layiq görülürlər.  Qadınların, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada peşə kursları təşkil olunur və bu kurslara sağlamlıq imkanları məhdud qadınlar da cəlb edilir. 
    Vurğulanıb ki, muxtar respublikada xüsusi istedadları ilə seçilən, xalq yaradıcılığının müxtəlif sahələri ilə məşğul olan qadınların məşğulluğunun təmin edilməsi, rifah hallarının yüksəldilməsi məqsədilə onların əl işlərindən ibarət sərgi-satışların təşkili artıq ənənə halını alıb. Sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların əl işlərindən ibarət növbəti sərgi-satış çeşid bolluğu və rəngarəngliyi ilə fərqlənir.
    Emin Məmmədov sərgi-satışın milli dəyərlərimizi, adət-ənənələrimizi yaşatmaqla yanaşı, istedadlı qadınların üzə çıxmasında mühüm rol oynayacağına əminliyini bildirib, istedadlı qadınlara yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb.
    Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxışında həyata keçirilən sosial layihələrdən bəhs edərək bildirib ki, bu ilin ötən dövrü ərzində sağlamlıq imkanları məhdud şəxslərdən 35 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub, 14 nəfər peşə hazırlığı və ixtisasartırma kurslarına cəlb edilib, 5 nəfər sağlamlıq imkanları məhdud şəxs müəyyən olunmuş kvota yerləri hesabına iş yerlərinə göndərilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan kurslarda 87 nəfər işaxtaran qadın iştirak edib.
    Qeyd olunub ki, özünüməşğulluq proqramına ilin ötən dövrü ərzində 225 nəfər cəlb edilib ki, onların 142 nəfərini sağlamlıq imkanları məhdud şəxs, 83 nəfərini qadınlar təşkil edib. Proqrama cəlb olunmuş bu şəxslər seçdikləri sahələr üzrə aktivlərlə təmin edilərək öz təsərrüfatlarını qurublar. Cari ilin ötən dövrü ərzində keçirilmiş yarmarka və festivallarda sağlamlıq imkanları məhdud şəxslər tərəfindən hazırlanan 600-ə yaxın əl işi satılıb, əldə olunan, təqribən, 3000 manat dəyərində vəsait müəlliflərə təqdim edilib. 
    Vurğulanıb ki, istedadlı qadınların, məhdud fiziki imkanlı şəxslərin əl işlərinin növbəti sərgi-satışının təşkili bu sahəyə göstərilən dövlət qayğısının bariz ifadəsidir.
    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında bildirib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və uğurla həyata keçirilən dövlət qadın siyasəti ictimai-siyasi həyatda qadınlarımızın rolunu daha da artırıb. Hazırda muxtar respublika əhalisinin 50 faizindən çoxunu qadınlar təşkil edir ki, onlar müxtəlif fəaliyyət sahələrində geniş təmsil olunurlar. 
    Bildirilib ki, istedadlı qadınlara, xüsusilə də sağlamlıq imkanları məhdud  şəxslərə hərtərəfli dövlət qayğısının davamı olaraq müvafiq dövr ərzində 18 səyyar sərgi-satış keçirilib və 103 istedadlı şəxsin 5379 manat dəyərində əl işi satılıb. Cari ildə “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi çərçivəsində, ümumilikdə, 64 qadına sərmayə kapitalı verilib. Hazırda layihə iştirakçıları olan qadınlar öz fəaliyyət sahələrini inkişaf etdirirlər.
    Vurğulanıb ki, bu gün muxtar respublikada yaradılan mədəni mühit və şərait qadınların zəngin potensialının üzə çıxarılmasına və dəyərləndirilməsinə əlverişli zəmin yaradır. Bu da, öz növbəsində, qadınların cəmiyyətdə layiqli yer tutmalarına geniş imkanlar açır.     
    İstedadlı qadın Qızxanım Hüseynova və digərləri muxtar respublikada məhdud fiziki imkanlılara və istedadlı qadınlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər. 
    Məlumat üçün bildirək ki, 10 gün davam edəcək sərgi-satışa, ümumilikdə, 442 şəxsin 10668 yaradıcılıq nümunəsi çıxarılıb. Sərgi-satışın son günü “Məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı” çərçivəsində “Ən yaxşı əl işi” müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar. Belə sərgi-satışların təşkilində məqsəd məhdud fiziki imkanlıların və istedadlı qadınların bacarıqlarını üzə çıxarmaqla onlara dəstək vermək, keçmişdən bu günümüzə qədər bizə gəlib çatmış milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaq və təbliğ etməkdən ibarətdir.  

 Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 28.09.2022 20:34