AZ EN RU

Kükülüləri narahat edən məsələ həllini tapacaqmı?

Son zamanlar ictimai nəqliyyat xidməti ilə bağlı səsləndirilən tənqidi fikirlər Naxçıvanda bu sahəyə olan diqqətləri yenidən gündəmə gətirib. Belə ki, sahibkar təşəbbüskarlığı yüksək olan bəzi ucqar istiqamətlərdə, misal üçün, Şahbuzun Külüs-Keçili kəndlərinə bir gündə 7 dəfə avtobus nəqliyyatı xidməti göstərilsə də, rayonun ən böyük digər yaşayış məntəqələrindən biri olan Kükü kəndinə gün ərzində cəmi iki dəfə getmək mümkündür. Halbuki, rayonun bu kəndinə işləyən avtobuslardan sadəcə kükülülər deyil, digər üç kəndin — Ayrınc, Güney Qışlaq və Quzey Qışlaq kəndlərinin sakinləri də istifadə edirlər. Avtobus nəqliyyatının belə məntiqsiz və plansız təşkil olunması təkcə ucqar kənd sakinlərinin deyil, bu səfalı bölgəyə səfər edən turistlərin və digər qonaqların da haqlı narazılığına səbəb olurdu. Nəticədə, indi də vətəndaşlar günorta saatlarından sonra şəhərə və yaxud da rayon mərkəzinə üz tutmaq fikrinə düşdükdə, ictimai nəqliyyatdan deyil, mütləq şəkildə taksidən istifadə etmək məcburiyyətində qalırlar. Qeyd edək ki, turizm guşəsi olan Kükü kəndinin sərnişin nəqliyyat problemi keçmişdə qəzetimizdə işıqlandırılsa da, o zaman məlum səbəb üzündən bürokratiya əngəlinə tuş gəlmişdi.

Sözügedən məsələ ilə bağlı yanvarın 23-də bir qrup Kükü kənd sakininin “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsinə müraciət edərək yenidən problemi qabartması ilə əlaqədar biz də onlarla görüşüb fikirlərini öyrənməyə çalışdıq. Sakinlərdən Abazər Cavadov, Etibar Baxışəliyev və Feyruz Xəlilov bizimlə söhbət zamanı qeyd etdilər ki, sovet dövründə Kükü Şahbuzun ən çox gediş-gəlişi olan kəndi idi. Ancaq uzun illərdir gün ərzində cəmi 2 dəfə olmaqla kəndə sərnişin avtobusu xidməti göstərilir. İş o yerə çatıb ki, indi hətta bazar günü də səhər tezdən Küküdən şəhərə gəlmək müşküldür. Günorta saat 2-dən sonra isə ümumiyyətlə, camaatın kəndə qayıtmaq imkanı kəsilir. Bu problemi hər gün yaşayan insanlar isə beş-on deyil, onlarladır. Hər gün çox sayda tələbə, şəhərdə işləyən fəhlələr günün sonunda öz evinə qayıtsa nə olar? - deyir sakinlər. Müraciət edənlər onu da bildirdilər ki, kükülülər üçün bahalı kirayələrdə qalıb kirəcli su içməkdənsə, dövlətimizin çəkdiyi rahat yoldan istifadə edib, öz kəndimizin sakini olan avtobus sahibkarının əlavə xidmətindən faydalanmaqla evə qayıtmaq daha sərfəlidir. Əvvəllər rayon mərkəzindəki Avtovağzala və “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsinə bu barədə müraciət etsək də, “baxılacaq”- deyib bizi əliboş yola salıblar. İnanırıq ki, budəfəki müraciətimizə daha diqqətlə yanaşılacaq…

Bu da ucqar yerlərdən əhalinin şəhərə köçünün qarşısını almağa, əhali məskunlaşmasına da bir müsbət köməkdir, – deyə biz də fikirləşdik...

Elə bu fikirlə də “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin Müfəttişlik və təhlükəsizlik şöbəsinin müdiri Elxan Novruzova məsələyə münasibət bildirməyi xahiş etdik. O dedi ki, Naxçıvan-Kükü və əks istiqamətə gündəlik 2 dəfə mikroavtobuslar sərnişinlərə nəqliyyat xidməti göstərir. Bu gün müraciət edən sakinlər axşam saatlarında 3-cü marşrut xəttinin açılmasını istəyirlər. Onların təklifləri nəzərə alınaraq yaxın günlərdə həmin istiqamətə sınaq üçün avtobus salınacaq. Əgər gediş-gəliş üçün sərnişin sayı qənaətbəxş olarsa həmin marşrut daimi fəaliyyət göstərəcək.

Nəqliyyat xidməti rəsmisinin sözləri sakinləri bir az qane etsə də, qəribə məntiq idi. Kükü istiqamətinə hər gün işləyib camaatı razı salan avtobusun xidmətini, yaxud orada yaşayıb şəhərə daha rahat gedib-gəlmək istəyənlərin sayını nəyə görə sınaqdan keçirəcəklər - bax bu bizim üçün aydın olmadı!

Bizim vəzifəmiz isə islahatlara dəstək olmaq, insanların illərlə yığılıb qalmış problemlərinin həllində dövlətimizə xidmət etməkdir.

Nail ƏSGƏROV

Nəşr edilib : 23.01.2023 17:26