AZ EN RU

Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramına start verilib

    Azərbaycan Respublikası Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı ilə muxtar respublikada könüllülük fəaliyyəti həyata keçirən qurumların könüllülər üzrə məsul şəxslərinin iştirakı ilə “Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı”na start verilib.
    Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənc­lər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımov Gənclər Fondu ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında imzalanmış əməkdaşlıq memorandumunun müvafiq bəndinə uyğun olaraq belə bir layihənin Naxçıvanda keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, belə layihələrin könüllülərlə iş sahəsində yeni nailiyyətlərin əldə olunmasında, könüllülük fəaliyyətinin daha da genişlənməsində xüsusi rolu olacaqdır.
    Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov çıxış edərək ölkəmizdə könüllülük hərəkatının sürətlə inkişaf etdiyini, Azərbaycan Könüllü Təşkilatları İttifaqının fəaliyyəti çərçivəsində könüllülərin fərdi və peşəkar inkişafı istiqamətində əhəmiyyətli layihələrin həyata keçirildiyini qeyd edib. 
    Azərbaycan Könüllü Təşkilatları İttifaqının layihə meneceri Vüqar Əliyev bildirib ki, həyata keçirilən proqramın əsas məqsədi dövlət orqanlarında könüllü fəaliyyətinin tənzimlənməsi sahəsində peşəkarlığın artırılması, qabaqcıl işlək təcrübələrin sahə üzrə fəaliyyət göstərən təşkilatlarda tətbiq olunması, fərqli təşkilatlarda müvafiq sahədə çalışan şəxslər arasında fikir mübadiləsinin təmin olunması və müvafiq sahədə çalışan əməkdaşların sertifikasiyadan keçirilməsidir.
    Sonra təlimlərə start verilib. Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov tərəfindən “Azərbaycanın gənclər siyasəti” və zoom platforması üzərindən isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli tərəfindən “Könüllülüyün qanunvericilik üzrə əsasları” mövzularında təlimlər keçirilib. 
    Qeyd edək ki, 22-24 aprel tarixlərini əhatə edəcək proqram çərçivəsində iştirakçılara peşəkar mütəxəssislərin təqdimatında müxtəlif mövzularda təlimlər keçiriləcək.
    Proqramın sonunda keçirilən mövzuları əhatə edən imtahan təşkil olunacaq və iştirakçılar imtahan nəticələrinə uyğun olaraq könüllülərlə iş sahəsində nəzəri və praktikbiliklərini təsdiqləyən xüsusi sertifikatlarla təltif ediləcəklər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 22.04.2022 19:35