AZ EN RU

Konstitusiyamız hüquqlarımızın təminatıdır

12 noyabr Konstitusiya Günüdür

 Hər il 12 noyabr – Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə qeyd olunur. Konstitusiyanın qəbulu Azərbaycanın müstəqilliyinin ilk illərində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri olmuş, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və qəbul edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin dönməz iradəsi, gərgin əməyi, dərin hüquq düşüncəsi və siyasi uzaqgörənliyi nəticəsində mümkün olmuşdur.

    Konstitusiya dövlətin əsas strukturunu, prinsiplərini və fəaliyyət qaydalarını göstərən və fərdlərin hüquqlarını təmin edən üstün hüquqi normalardan ibarətdir. Heç bir qanun və ya digər qayda konstitusiyaya zidd ola bilməz. Bu baxımdan konstitusiya bir ölkənin ali və ya Əsas Qanunudur. O, bir tərəfdən dövlətin quruluşunu və fəaliyyətini, onların əsas prinsiplərini müəyyən edir, orqanların bir-biri ilə münasibətlərini idarə edir, digər tərəfdən hüquq və azadlıqları müəyyən edir və özündə əks etdirir. 
    Azərbaycan xalqı 1918-ci ildə öz tarixində ilk dəfə demokratik əsaslarla dövlət yaratmağa nail olsa da, bu dövlətin cəmi 23 ay davam edən qısa ömrü Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyasının qəbul edilməsi üçün kifayət etmədi. Müstəqilliyimizin bərpasına qədərki 70 illik dövrdə artıq 3 konstitusiya qəbul olunmuş, lakin həmin konstitusiyalar ittifaq konstitusiyalarına uyğun hazırlanmaqla dövrün siyasi rejiminin ideologiyasını əks etdirmişlər. Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra isə demokratik və hüquqi dövlət quruculuğunun tələblərinə cavab verən yeni konstitusiyanın qəbulu zəruri idi. 1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. İclasda ölkənin təcrübəli və yüksək təhsilli hüquqşünasları, dövlət hakimiyyətinin hər üç qolundan olan nümayəndələr, ziyalılar, alimlər iştirak edirdilər. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya Komissiyası tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Əsas Qanunun layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul edildi. Böyük zəhmət tələb edən gərgin işdən sonra Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarıldı. Ümummilli lider Heydər Əliyev demişdir: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.
    1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi – referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul etdi. Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdı. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyamızın demokratik dəyərlərini əks etdirir. Konstitusiyamız özünün hüquqilik dəyərinə, demokratiklik əlamətlərinə görə dünyanın bir çox inkişaf etmiş dövlətlərinin konstitusiyaları ilə müqayisədə daha təkmil və əhatəlidir.
    Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hər hansı maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcısı olan şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan etmişdir. Bu baxımdan Konstitusiyamızın üçdəbir hissəsi əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilmiş, Əsas Qanunun ən böyük fəsli olan üçüncü fəsildə insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi, onların reallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulmuşdur. Ölkəmizin ərazisində yaşayan bütün vətəndaşların toxunulmazlıq hüququ Konstitusiya ilə tanınır və dinindən, dilindən, irqindən asılı olmayaraq, ölkə vətəndaşları qanun qarşısında bərabər tutulur. Bununla belə Konstitusiya vətəndaşların dövlət və cəmiyyət qarşısında məsuliyyətlərini özündə əks etdirir. Belə ki, hər bir vətəndaşın hüquq və azadlıqları digər vətəndaşların hüquq və azadlıqlarının başladığı yerdə qurtarır. Heç bir şəxsin öz toxunulmazlıq hüququndan istifadə edərək digərlərinin hüquqlarını pozmasına yol verilmir.
    Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində ölkə­mizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatları aparılmış, həmin islahatlar nəticəsində müstəqil məhkəmə hakimiyyətinin yaradılması üçün zəruri qanunvericilik bazası formalaşdırılmış, yeni üçpilləli məhkəmə sistemi təsis edilmişdir ki, bu da vətəndaşların qanuni maraq və mənafelərinin ədalət mühakiməsi yolu ilə birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən daha etibarlı şəkildə müdafiə olunmasına öz müsbət təsirini göstərmişdir. Təsadüfi deyil ki, Konstitusiyada təsbit edilmiş hakimiyyətlərin bölgüsü prinsipinə müvafiq olaraq məhkəmə hakimiyyəti orqanları həm də keyfiyyətcə yeni funksiyalar əldə etmişdir. İlk dəfə olaraq Azərbaycan Konstitusiyasının “Məhkəmə hakimiyyəti” fəslində demokratik təsisat olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında müddəa öz əksini tapdı. Konstitusiyanın 130-cu maddəsində Konstitusiya Məhkəməsinin say tərkibi, onun formalaşdırılması qaydası, vəzifələri və səlahiyyətlərinin əsas prinsipləri qeyd olundu. Ulu öndər demokratik dövlət quruculuğu prosesini ölkədə məhkəmə hüquq islahatlarının həyata keçirilməsi ilə əlaqələndirirdi: “Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının həyata keçirilməsi prosesi hər birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan məhkəmə, hüquq-mühafizə orqanlarının islahatı ilə əlaqədar qanunların hazırlanması, qəbul olunması çox mühüm əhəmiyyət kəsb edir”.
    Konstitusiyamızın gətirdiyi digər yeniliklərdən biri də ilk dəfə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin statusunun konstitusion səviyyədə təsbit edilməsi olmuşdur. Milli Konstitusiyamızın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə orqanı – bələdiyyələr yaradılmış və fəaliyyətə başlamışdır.
    Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilmişdir. 24 avqust 2002-ci il tarixdə Konstitusiyanın 24 maddəsinə, ümumilikdə, 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə, ümumilikdə, 41 əlavə və dəyişiklik edilmişdir. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə olunmuşdur.
    Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci fəsli Naxçıvan Muxtar Respublikasının statusu, idarəetmə forması və səlahiyyətlərini tənzimləyir. Konstitusiyanın 134-cü maddəsinin birinci hissəsinə əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
    Əsas Qanunumuzda Naxçıvan Muxtar Respublikasının konstitusion hüquqi statusuna həsr olunmuş xüsusi fəslin olması Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsi üçün əsas yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci fəslində əks olunmuş müddəalar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Konstitusiyasının layihəsi hazırlanıb 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulmuş, Konstitusiya Qanunu kimi qəbul edildikdən sonra 8 yanvar 1999-cu ildə qüvvəyə minmişdir.
    Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsi Naxçıvan Muxtar Respublikasının statusunu, muxtariyyətinin əsaslarını, dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkili, onların qarşılıqlı əlaqəsini müəyyənləşdirmişdir. Bu Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasında ilk dəfə ali vəzifəli şəxs institutu təsis edilmişdir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının birinci maddəsində göstərilir ki, “Naxçıvan Muxtar dövləti Azərbaycan Respublikasının tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır. Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri müəyyən edir”. 
    Muxtar respublikanın sayca dördüncü olan Konstitusiyası 6 fəsil, 50 maddə və keçid müddəalarından ibarətdir. Bu Konstitusiyada qeyd olunduğu kimi onun  ərazisi Azərbaycanın dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir. Konstitusiya muxtar respublikaya qanunverici orqana – Ali Məclisə seçkilər, Ali Məclis deputatlarının statusu, yerli Ombudsmanın statusu, ölkənin iqtisadi və vergi siyasəti çərçivəsində vergilər, muxtariyyətin iqtisadi inkişafının istiqamətləri, sosial təminat, ətraf mühitin qorunması, turizm, səhiyyə, elm və mədəniyyət sahələrində qanunvericilik səlahiyyətləri verir.
    İnsan və vətəndaş hüquq və azadlıqlarının, həmçinin vətəndaşların vəzifələrinin icrasının təmin edilməsində muxtariyyət Azərbaycan Konstitusiyasına əsaslanır və vahid vətəndaşlıq prinsipindən çıxış edir. Dövlətin vahidliyini və unitarlığını daha bir mühüm amil möhkəmləndirir: muxtariyyətin dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət Bayrağı, Gerbi və Dövlət Himnidir. Naxçıvan Muxtar Respublikası Konstitusiyasında konstitusion prinsiplər özünü geniş surətdə göstərir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaşların hüquq və azadlıqlarının qorunması, gözlənilməsi Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının əsas vəzifəsidir.
    Naxçıvan Muxtar Respublikası ərazi toxunulmazlığı hüququna malikdir. Azərbaycan ərazisinin tərkib hissəsi kimi onun ərazisi əhalinin razılığı olmadan dəyişdirilə bilməz. Naxçıvan Muxtar Respublikasının ərazisinin bütövlüyünü zorakılıqla pozmağa yönəldilmiş hər cür çağırışlar və hərəkətlər yolverilməzdir və qanunla cəzalandırılır.
    Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyası əsasında yaranmışdır. Burada insanlara sivil dünyanın, demokratik cəmiyyətlərin hər bir fərdinin malik olduğu bütün hüquq  və azadlıqlar verilmişdir. Bu isə, öz növbəsində, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının dövrünün ən demokratik konstitusiyalarından biri olmasının mühüm göstəricisidir.
    Qürurverici haldır ki, xalqımız Əsas Qanunun qəbulunun 27-ci ildönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub. 44 günlük müharibədə torpaqlarımızın işğaldan azad edilməsi, eyni zamanda 30 ilə yaxın müddətdə öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın doğma torpaqlarına qayıtmasına və onların pozulmuş mülkiyyət hüquqlarının bərpasına da şərait yaradır. Rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu. 

    Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm hüquqi bazaya malik olan Azərbaycan Respublikasının Konstitusiyası hələ uzun illər Azərbaycan Respublikasının sabitlik şəraitində davamlı inkişafını təmin etməyə, müstəqil dövlətimizin demokratik inkişaf hədəflərini müəyyənləşdirməyə, müstəqilliyimizi yaşatmağa qadir olacaq və Azərbaycan xalqına xidmət edəcəkdir.

Naxçıvan Muxtar Respublikası 
Ali Məhkəməsinin mətbuat xidməti

Nəşr edilib : 11.11.2022 23:50