AZ EN RU

Könlüm Naxçıvanın uğur formulu – Qurucu Rəhbərlə tərəqqiyə qovuşmuş muxtar diyar

    Naxçıvanımın Kiçik Qafqaz sıra dağları, möhtəşəm Gəmiqaya, buludlara dikilən Qapıcıq zirvəsi, mistik Əshabi-kəhf, heyrətamiz Haçadağ, qarlı Nəhəcir dağı bütün əzəməti ilə göz qamaşdırır. 
    Nuh Peyğəmbərin gəmisinin ilk dayanacağı, həm də qədim Oğuz-türk yurdu, Dədə Qorqud binəsi, İslam mədəniyyətinin sütunlarından biri.
    Üç tərəfdən düşmənlə sərhəd. Ana Vətəndən uzaq düşmə nisgili.
    Naxçıvan tarixinin doğurduğu təəssürat hər kəsdə dəyişməzdir. 
    Tarixboyu xalqların, dövlətlərin inkişaf səviyyəsində hər zaman bir mərkəz önəmli rol oynayıb. Siyasi-iqtisadi, mədəni və digər sahələrdə özünəməxsus yer tutan mərkəzlər bölgənin əsas təkanverici qüvvəsinə çevrilib. Naxçıvan bölgəsi bu missiyanı, bütövlükdə, Cənubi Qafqaz regionu üçün şərəflə daşıyıb. Azərbaycan ta qədim dövrlərdən bu günədək minilliklərin süzgəcindən keçib. Keçmişə nəzər salanda görürük ki, Naxçıvanın Azərbaycan tarixində mühüm töhfələri olub. Naxçıvan Azərbaycanın dövlətçilik tarixində həmişə ön mövqedə dayanan bir diyardır. Tarixi İpək Yolunun üzərində yerləşən, xalqımıza məxsus milli-mənəvi, zəngin təbii sərvətləri ilə məşhur olan Naxçıvan tarixi şəxsiyyətləri, elm xadimləri, sənətkarları ilə də tanınır.
    Mən ən yeni – müstəqillik dövrümüzün tarixinə nəzər salmaq istərdim. Yeni Naxçıvan bugünkü firavan və xoşbəxt günlərinə asanlıqla nail olmayıb. 90-cı illərdə Azərbaycanda başlayan milli azadlıq hərəkatının, ondan bir neçə il sonra dövlət quruculuq prosesinin başlanğıcı məhz Naxçıvanda qoyulub. Uzun illər Azərbaycanda kortəbii şəkildə gedən milli azadlıq hərəkatı dünyanın ən böyük azərbaycanlısı, ulu öndərimiz Heydər Əliyevin Naxçıvana gəlişindən sonra düzgün məcraya yönəldi. Bu illərlə bağlı xatirələrdə həmişə vurğulanan bir məqam olub. Blokadanın ilk illərində Naxçıvan enerji təminatından məhrum idi, təbii qaz olmadığından kəndlərdəki evlər, şəhərlərdəki mənzillər isidilmirdi.      Ərzaq qıtlığı hökm sürürdü. Dahi öndərin Naxçıvandakı siyasi fəaliyyəti Azərbaycan tarixinin dönüş mərhələsi və qürur mənbəyidir. Görkəmli dövlət xadiminin Ali Məclisin Sədri kimi həyata keçirdiyi islahatlar, onun müəllifi olduğu işlər Azərbaycanın dövlət quruculuğu prosesində ilklərə çevrildi. Bu gün əminliklə deyə bilərik ki, Naxçıvanda dahi şəxsiyyət tərəfindən əsası qoyulmuş məqsədyönlü siyasi islahatlar da məhz ulu öndərin siyasi kursuna sədaqət sayəsində uğurla davam etdirilir.
    Dahi şəxsiyyət Heydər Əliyev çətin vəziyyətdə olan Naxçıvanda rəhbərliyə gəlmişdi. İndi isə muxtar respublika enerji ixracatçısıdır. Bütün şəhər və kəndlərin mavi yanacaqla, daimi elektrik enerjisi ilə təmin olunması ən böyük uğur göstəriciləridir.
    Biz Naxçıvanın yeni dövr inkişaf tarixinə nəzər salanda məhz bu təməl prinsiplərin hansı möhtəşəmliklə həyata keçirildiyinə bir daha şahidlik edirik. Ən böyük qüdrət insanları sevməkdir. Elə insanları sevməyin qüdrətidir ki, ulu öndərin əsasını qoyduğu dövlətçilik təcrübəsi və inkişaf amilləri əldə rəhbər tutularaq bu gün Naxçıvan qurtuluşunu, rifahını, intibahını yaşayır. Və ən əsası Naxçıvan indi yalnız möhtəşəm tarixi ilə deyil, həm də böyük nailiyyətləri, inkişaf dinamikası ilə öyünür, dünyaya səs salır. Naxçıvanın yeni inkişaf dövrü, tərəqqi erası yaradılır.
    Bir neçə onillikdir ana Vətəndən uzaq düşmüş, üç tərəfdən düşmənlə sərhəd olan olduqca əhəmiyyətli nəqliyyat dəhlizlərinin qovşağında və geostrateji mövqeyə malik bir bölgədə yerləşən muxtar diyarı idarə etmək heç də asan görünməməlidir. 
    Müdrik kəlamdır: “100 il sonranı düşünürsənsə, insan yetişdir” fəlsəfəsi əldə rəhbər tutularaq muxtar respublikamızın ən ucqar yaşayış məntəqələrində, dağ kəndində 2-3 mərtəbəli, istiliklə tam təmin olunan dərslikdən, kompüter və idman zalından laboratoriyalara qədər müasir təhsil üçün tələb edilən bütün vasitələrlə təchiz edilən orta məktəblər tikilməsi, musiqi məktəblərinin istifadəyə verilməsi də məhz bu amilə hesablanıb: Gələcək üçün təhsilli gənclər yetişdirmək muxtar respublika rəhbərinin bu diyarda 200-dən artıq açılış lentini kəsdiyi orta məktəblər modernliyi və yüksəksəviyyəli təminatlılığı yeniyetmə və gənclərin Avropa standartlarına uyğun şəkildə təhsil almasına, vətənpərvər kimi formalaşmasına imkan verir.
    Tanınmış media işçisi Naxçıvanda olarkən Ordubad rayonunun Vənənd kəndində gördüyü musiqi məktəbi haqqında yazırdı: “Vənənd kəndində 3 mərtəbəli bir bina gördüm. Dedilər ki musiqi məktəbinin binasıdır. Heyrətləndim. Dağ kəndi və 3 mərtəbəli musiqi məktəbi, 34 sinif otağı, konsert zalı, musiqi ədəbiyyatı, kitabxana, musiqi alətlərinin təmiri otağı olan binada 3 növbəli musiqi dərsi keçirilir. O məktəb binası bəzi Avropa ölkələrindəki universitet binalarından daha sanballı idi”. 
    Xatırladım ki, muxtar respublikanın kəndlərində belə möhtəşəm musiqi məktəblərinin sayı çoxdur və hər biri də gərgin iş qrafikinə malikdir. Bu yüksək səviyyəli və təchizatlı orta məktəb, orta ixtisas və alitəhsilli infrastrukturları Ali Məclis Sədrinin şəxsi nəzarəti, birbaşa himayəsi, göstərişi əsasında inşa olunub, fədakarlığı, zəhməti ilə ərsəyə gəlib. Təhsil sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublika məzunları ali və orta ixtisas məktəblərinə qəbulda respublika üzrə ən yaxşı nailiyyətlər qazanırlar, yəni dağlar qoynunda yerləşən bu diyarın məktəbləri lider mövqedə olurlar. STEAM kabinələri, laboratoriyaları, kitabxanaları, kompüter otaqları, elektron lövhəli sinifləri, şahmat sinifləri, idman zalları, açıq idman qurğuları, fərdi qazanxana və digər ən müasir təhsil vasitələrilə təmin olunan məktəblərin, müəllim və şagirdləri bu qayğının, etimadın nəticəsini layiqincə doğruldurlar. 
    Hər bir bölgənin inkişafı onun iqtisadiyyatı ilə dəyərləndirilir. Onilliklər öncə dövlətçilik və müstəqillik istiqamətində ən mühüm başlanğıclara, nailiyyətlərə müəlliflik edən muxtar diyar sosial-iqtisadi sahədə artıq Qafqaz miqyasında rekordlara imza atır. İqtisadi inkişaf dinamikasına görə, ölkədə aparıcı bölgə olan muxtar dövlət ixrac potensialı ilə də regionlar arasında əsas rola sahibdir. Bu gün dünyanın 22 ölkəsinə bu diyarda istehsal olunan çoxçeşidli məhsullar göndərilir. Ali Məclis Sədrinin imzaladığı sərəncamlarla təsdiq olunmuş Dövlət proqramları muxtar diyarın inkişafında mühüm rol oynayır. Xalqını, Vətənini, dövlətini sevən adam istənilən sahədə uğur qazana bilər. Muxtar respublika rəhbəri məhz xalq, Vətən, dövlət sevgisini fədakarlıqla, yüksək məsuliyyət və tələbkarlıqla davam etdirərək muxtar diyarımızı aqrar bölgədən sənaye-aqrar kompleksinin formalaşıb inkişaf etdiyi sənaye bölgəsinə çevirdi. Muxtar respublikada rəqabətqabiliyyətli, alıcı zövqünü oxşayan 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. Bu isə qədim diyarın ixrac potensialının artırılmasına və xarici ticarət dövriyyəsində müsbət saldonun yaranmasına imkan verir. 
    Muxtar respublikada Əlahiddə Ümumqoşun Ordu Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrdə aparılan yeni islahatlar mərhələsində yenə də ön sıradadır. Ən müasir silah və texnikalarla təminat, şəxsi heyətin peşəkarlığı dəfələrlə artırılıb. Rəzil düşmənin işğalı altındakı torpaqlarımızı azad edib Günnüt Zəfərinə imza atan Əlahiddə Ümumqoşun Ordu 44 günlük Vətən müharibəsində əsl rəşadət və vətənpərvərlik nümunəsi göstərdi, yeni şərəf missiyasını Qarabağda yazdı. Tarix və xalqımız muxtar diyar igidlərinin bu ali, səmimi, böyük Qarabağ sevgisini, Azərbaycan vurğunluğunu əsla unutmayacaq. Onlarla şəhidin hər biri Naxçıvan Hava Limanında muxtar respublika rəhbərinin iştirakı ilə minlərlə insan tərəfindən qarşılandı, son əbədiyyət məkanına yola salındı. İndi onların ailələri, savaşda yaralananlar davamlı qayğı ilə əhatələniblər, mənzillərlə, avtomobillərlə təmin olunurlar, sosial ehtiyacları həllini tapır.
    İnsan amili hər zaman həyata keçirilən siyasətin əsası olaraq nəzərdə tutulub. İnsanların sağlamlığının qorunması, düzgün səhiyyə sisteminin göstərilməsi hər zaman diqqət mərkəzindədir. Şəhərlərdə fəaliyyət göstərən böyük xəstəxanalarla yanaşı, bütün kəndlərdə həkim ambulatoriyaları vasitəsilə sakinlərə tibbi xidmət göstərilir.
    İnsanların sağlamlığının qorunmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərdən biri də yaşıllıqların salınmasıdır. Ulu diyarda indi elə bir şəhər, kənd, qəsəbə tapmaq olmaz ki, orada yaşıllıqlar, gülkarlıqlar, meyvə bağları salınmasın. Əgər XX əsrin 90-cı illərində muxtar respublikada yaşıllıqlar məhv edilmişdisə, hazırda ərazilərimizin 20 faizdən çoxunu yaşıllıqlar əhatə edir. 
    Bir neçə onillikdir ki, muxtar respublika paytaxtı mədəniyyət sahəsində Avropa şəhərləri ilə müqayisə oluna biləcək səviyyədə modernləşib. Son dövrlər Naxçıvan İslam Mədəniyyəti, Gənclər Paytaxtı, Avropa günlərinin keçirildiyi məkan, şahmat festivallarına, saysız-hesabsız idman yarışlarına ev sahibliyi edən, yüzlərlə xarici turisti qarşılayan Şərq memarlığı ilə müasir şəhərdir. Bu günlərdə isə Naxçıvanda 16 yaşadək yeniyetmə şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. 
    Mədəni yüksəliş kitabxanalara da öz təsirini göstərmişdir. İstər ümumtəhsil məktəblərində, istərsə də ali məktəb və dövlət müəssisələrində “Oxunması zəruri olan kitabların Siyahısı”na salınmış kitabların guşəsi yaradılıb. Bu guşələrdə “Oxunması zəruri olan kitabların Siyahısı”ndakı 33 kitab var. Ali Məclis Sədrinin təşəbbüsü ilə 5 il öncə muxtar diyarda maarifçiliyə əhəmiyyətli töhfə olan bir proses başlanılıb. Xüsusən də gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşünün formalaşdırılmasına xidmət edən kitablar müəyyənləşdirilib. Bu əsərləri oxuyan, onların təsiri ilə formalaşan yeniyetmələr, gənclər həm məmləkətə layiqli vətənpərvər övladlartək yetişir, həm də dünyaya özlərini modern təfəkkürlü, humanizm ənənələrinə sadiq vətəndaş kimi təqdim edirlər. Belə təşəbbüslərin geniş miqyasda davamı və gerçəkləşməsi isə maarifçiliklə bərabər, dövlət maraqlarına da birbaşa xidmət edir. 
     Yaşadığımız indiki dövr minillik tarixi olan Naxçıvanın yeni dövr tarixinin çoxcildlik kitabıdır. Bugünkü Naxçıvanı əvvəlki ilə müqayisə edəndə nə qədər yeniliklər olduğunu aydın şəkildə görürük. 
    Yeni diyar indi bütün vüsəti, cəlalı ilə tarixin ən qüdrətli Azərbaycanın möhtəşəm əsərlərindən birinə çevrilib. 
    İnkişaf və yeniləşmə istiqamətində Ali Məclis Sədrinin dövlətçilik siyasətinə sədaqəti, mükəmməl idarəetmə təcrübəsinə malik olması, düşünülmüş quruculuq siyasəti, əzmi Azərbaycanın bu qədim və həmişəcavan diyarının sabahkı üfüqlərinə də gur işıq salır.
    Sabitlik və inkişaf həm də muxtar diyarın əsas göstəricisidir. İnkişafa görə ölkədə lider, Qafqazda rekordçu olan muxtar diyar bütün nailiyyətləri, yüksəliş göstəriciləri ilə, əslində, ulu öndər Heydər Əliyevin irsinə, əbədiyaşar xatirəsinə ucalan abidədir. Bu gün doğma diyar arzu və istəklərin reallaşması ilə işıqlanan, hər birimizin qürur yeri olan, əzmkarlıqla nailiyyəti, zəhmətlə nəticəni, gedilən yolun uğur hesabatı ilə sabahkı düzgün hədəflərini ləyaqətlə birləşdirən göz bəbəyimiz Naxçıvanımızdır. 
    Müdrik bir kəlamda deyilir: “Yarpaq sevəndə çiçək olur, çiçək sevəndə meyvə”. Elə bu sevgi hünərvər oğullarımızı inkişafa, tərəqqiyə, qurub-yaratmağa ruhlandırır. Özü də blokada və inkişafın paralel kontekstində. Çünki doğma diyarda görülən hər bir işdə vətənpərvərlik var, sevgi var. Biz bunu torpağı becərən əkinçinin alın tərində, yaxşı təhsil alıb, layiqli mütəxəssis kimi yetişmək istəyən tələbənin xəyalında, binalar tikən, yollar salan mühəndisin əməyində, ucqar dağ kəndində yerləşən sərhəd postlarındakı əsgərin “Səndən ötrü can verməyə cümlə hazırız!” hayqırışının ucalığında, “Üç rəngli bayrağınla məsud yaşa!” sədaları kəsilməyən uşaq bağçalarındakı fidanların ifasında, keçmişi kərpic-kərpic bərpa edib, gələcəyi quran, muxtar respublikanı inkişafın bütün istiqamətləri üzrə Azərbaycanın lider və tərəqqi əldə edən diyarına çevirən Qurucu Rəhbərin fəaliyyətində görürük. 
    Sevinirik, fəxr edirik, qürur duyuruq ki, qədim və doğma diyarımızda Qurucu Rəhbərin müəllifliyi ilə yeni inkişaf dastanı yazılır... muxtar respublikada gedən prosesləri belə ümumiləşdirmək olar. Bu cümlələrin müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir: “Muxtar respublika inkişafa görə Azərbaycanda liderdir”, “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordçu bölgədir”. 
    Bu doğma diyarda gedən proseslərin, görülən işlərin məcmusudur. Azərbaycanın göz bəbəyi olan Naxçıvanı bu çətin şəraitdə qorumaq, saxlamaq, inkişaf etdirmək muxtar respublika rəhbərinin uğurlu siyasi fəaliyyətinin nəticəsidir.
    Könlüm Naxçıvanın uğur formulu da elə budur... QURUCU RƏHBƏ­R­LƏ tərəqqiyə, rifaha qovuşmuş muxtar diyar.

 Ayxan HÜSEYNLİ
 Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

Məqalə “Könlüm Naxçıvan” yaradıcılıq müsabiqəsinə 
təqdim olunmaq üçündür

Nəşr edilib : 27.09.2022 18:03