AZ EN RU

Komanda birinciliyinə yekun vurulub

    Naxçıvan Şahmat Mərkəzində Vətən müharibəsi şəhidi İsmayıl Vəliyevin əziz xatirəsinə həsr olunmuş Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında şahmat birinciliyi keçirilib.
    Açılış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər tədbirin keçirilmə məqsədi və qaydaları haqqında komandalara məlumat verib, onlara uğurlar arzulayıblar. Sonra şəhidin qardaşı İbrahim Vəliyev çıxış edərək təşkilatçılara minnətdarlığını bildirib, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıb. İbrahim Vəliyevə yarışdan xatirə olaraq fəxri fərman təqdim edilib.
    Çıxışlardan sonra birinciliyə start verilib. Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 14 komanda, hər komandanın tərkibində  4 oğlan, 2 qız olmaqla, ümumilikdə, 84 şagird iştirak edib.
    Olimpiya sistemi üzrə keçirilən birinciliyin yekun nəticəsinə əsasən 3 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. 8 nömrəli tam orta məktəbin komandası ikinci, 17 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.
    Qalib komandalar və üzvləri diplomlarla mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 09.12.2022 19:17