AZ EN RU

Klinik protokolların təqdimatı olub

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi və Elmi tibbi şurası tərəfindən kliniki praktikada istifadə olunmaq üçün hazırlanan 73 klinik protokolun Yoluxucu Xəstəliklər Mərkəzində təqdimatı keçirilib.
    Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva səhiyyə sisteminin yenidən qurulmasını, maddi-texniki bazasının gücləndirilməsini, icbari tibbi sığortanın tətbiqini əhalinin sağlamlığının qorunmasında yeni mərhələ kimi dəyərləndirib. Qeyd edib ki, ixtisaslı kadrların hazırlanmasında, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılmasında, sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılmasında həkimlərin bilik və bacarıqlarının yüksəldilməsi mühüm rol oynayır. 2021-ci il yanvar ayının 1-dən icbari tibbi sığortanın muxtar respublika ərazisində tətbiq edilməsi, vətəndaşların etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərdən yararlanması, sığortanın xidmətlər zərfinə daxil olan tibbi prosedurlardan yararlanması klinik protokolların zəruriliyini daha da artırıb.
    Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov müxtəlif ixtisaslı həkim və baş mütəxəssislərin birgə əməyi ilə hazırlanan protokollar barədə məlumat verib,  onların müayinə və müalicə prosesində əhəmiyyətindən bəhs edib.
    Qeyd edək ki, nazirliyin 26 fevral 2021-ci il tarixli kollegiyasında təsdiq edilən 73 klinik protokol “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində hər biri 150 tirajla nəşr olunaraq profillər üzrə müvafiq səhiyyə müəssisələrinə paylanılıb, müayinə və müalicə prosesində həmin protokollara istinad olunması barədə baş həkimlərə tapşırıqlar verilib.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.04.2022 19:12