AZ EN RU

Kimya-Biologiya təmayüllü liseyin binasının inşası davam etdirilir

    Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il 8 avqust tarixdə Sərəncam imzalayıb. Hazırda paytaxt şəhərimizdə bu təhsil ocağı üçün yeni bina inşa olunur.
    Zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olan binanın 342 yerlik tədris korpusunda yüzə yaxın sinif otağı, müasir avadanlıqlarla təchiz olunmuş kimya-biologiya laboratoriyaları, kompüter otaqları, akt zalı, camaşırxana və geniş idman zalı, həmçinin oğlan və qızlar üçün 264 yerlik yataqxana tikilib. Hazırda binada son tamamlama işləri aparılır. 
    Onu da qeyd edək ki, mart ayının 4-dən liseyə sənəd qəbuluna start verilib. Qəbul 2022-2023-cü tədris ili üzrə ümumtəhsil məktəblərinin səkkizinci və doqquzuncu siniflərində təhsil alacaq şagirdlər arasında müsabiqə yolu ilə aparılacaq. Sənəd qəbulu aprelin iyirmi beşinədək davam etdiriləcək, müsabiqə isə mayın yeddisində keçiriləcək. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 31.03.2022 18:50