AZ EN RU

Keyfiyyətli informasiya və rabitə xidmətləri həyata keçirilir

    Muxtar respublikanın kompleks inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər iqtisadi fəaliyyətin bütün sahələrində, o cümlədən informasiya və rabitə sahəsində də keyfiyyətcə yeni mərhələyə keçidi təmin etmişdir.
     “Sürətli informasiya mübadiləsi inkişafın başlıca şərtlərindən biridir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, bu sahədə yeni layihələr icra olunur. 
    Yaşayış məntəqələrində Yeni Nəsil Telekommunikasiya sistemlərinin istifadəyə verilməsi, istifadəçilərin keyfiyyətli və sürətli internetlə təmin olunması, 4G mobil rabitə operatorunun fəaliyyətinin təşkili,  dövlət televiziya və radiosunun internet üzərindən yayımlanması, “Universitet” televiziyasının muxtar respublika ərazisində yayıma başlaması və həyata keçirilən digər mühüm tədbirlər bu sahədə davamlı inkişafı təmin edib.
    Telekommunikasiya şəbəkəsinin yenilənməsi istiqamətində Naxçıvan şəhərində, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz və Sədərək rayonlarında Yeni Nəsil Telekommunikasiya sistemləri, Kəngərli rayonunda isə telekommunikasiya sistemi istifadəyə verilib.
    Muxtar respublikada elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər aparılıb, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemlərinin fəaliyyəti təmin edilib.
    Son dövrlər muxtar respublika ərazisində teleradio yayımının keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində Şərur rayonunda İbadulla Radio-Televiziya Ötürücü Stansiyası, Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası və Sədərək rayonunda Sədərək Radio-Televiziya Ötürücü Stansiyası üçün yeni binalar istifadəyə verilib.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmiş, “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir.
    1 yanvar 2022-ci il tarixə muxtar respublikada 97 min 544 nömrə tutumlu 217 avtomat telefon stansiyası mövcud olmuşdur ki, bunun da 41-i şəhər, 176-sı isə kənd yerlərində qeydə alınmışdır. Bu dövr ərzində sabit şəbəkə telefonlarının sayı 71 min 857 nömrə olmuşdur ki, bunun da 67 min    269-u­­ ­mənzillərdədir.
    Poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulması üçün əlverişli şərait yaradılmış, 1 iyul 2022-ci il tarixə muxtar respublikada 40-ı şəhər, 169-u kənd yerlərində olmaqla, ümumilikdə, 209 poçt şöbəsi mövcud olmuşdur.
    Əhalinin maddi rifah halının yaxşılaşması və informasiya texnologiyaları sahəsində yaradılmış şəraitin nəticəsi olaraq  1 yanvar 2022-ci il tarixə muxtar respublikanın ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 134,7 minə yaxın kompüter mövcud olmuşdur ki, bu da 1 yanvar 2017-ci il tarixə olan göstəricidən 6,4 faiz çoxdur. 2021-ci ilin sonuna kompüterlərdən istifadə edənlərin sayı  366 min nəfər, mobil telefonlar nəzərə alınmaqla internetdən istifadə edənlərin sayı isə 399 min nəfər olub.
    Muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bu sahə üzrə göstərilən xidmətlərin dəyərinin dinamik artımına da zəmin yaratmışdır. Belə ki, informasiya və rabitə xidmətlərinin dəyəri 2022-ci ilin yanvar-iyul aylarında 35 milyon 768 min manata yaxın olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricini 22,3 faiz üstələmişdir.

Yanvar-iyul ayları üzrə informasiya və
rabitə xidmətlərinin dəyəri, min manat

    Cari ilin yanvar-iyul aylarında ümumi informasiya və rabitə xidmətlərinin 73,8 faizi mobil rabitənin payına düşmüşdür ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən 9,4 faiz çoxdur.
    Cari ilin yanvar-iyul aylarında muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafına 815 min 300 manat vəsait yönəldilmişdir.
    2022-ci ilin yanvar-iyul aylarında informasiya və rabitə sahəsinin inkişafı istiqamətində bir sıra işlər görülmüş, Duzdağ Radio-Televiziya Ötürücü Stansiyası binasının yenidən qurulması davam etdirilmişdir.
    Bundan əlavə, cari ilin ötən dövründə təhsil televiziyası və radiosunun yeni internet saytı və studiyası istifadəyə verilmişdir.
    İnformasiya və rabitə sahəsində görülən işlərin davamlılığı, müasir texnologiyaların muxtar respublikada tətbiqi əhalinin gündəlik fəaliyyətinə nüfuz edərək onun rahatlığına və rifahına yeni imkanlar yaratmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 09.09.2022 21:29